Arif Yunus: «Rusiya cəmiyyəti yenilik, yeni lider, yeni sistem, yeni həyat istəyir»
Razi Nurullayev: “Rusiya yaxın bir il ərzində mütləq dəyişəcək”
Dekabrın 24-də Moskvada Rusiya müxalifətinin keçirdiyi mitinq parlament seçkilərindən sonra ən izdihamlı aksiya kimi yadda qaldı. Cəmiyyətin müxtəlif təbələqələrinin qatıldığı aksiyada əvvəlki mitinqlərdə olduğu kimi əsasən demokratik islahatların keçirilməsi və baş nazir Putinin istefası tələb olunurdu. Bu aksiyaların davamlı olacağını gözləmək olarmı?
Rusiyada baş verən olaylarla bağlı konfliktoloq Arif Yunus və politoloq Razi Nurullayevin fikirləri ilə tanış olduq.
– Moskvada keçirilən sonuncu mitinq əvvəlkilərdən daha izdihamlı idi. Sizcə, bu aksiyalar artan xətlə davam edəcək, yoxsa tədricən azalacaq?
Arif Yunus:
– Çox şey həm də havaların necə keçməsindən, eyni zamanda hakimiyyətdən, onun addımlarından da asılıdır. Üstəlik, müxalifətin arasında birlik yoxdur. Tamamilə müxtəlif siyasi qüvvələr birləşib. Təcrübə göstərir ki, əslində belə birləşmənin gələcəyi yoxdur. Gec-tez bu özünü göstərəcək. Ona görə də aksiyaların bu şəkildə davam edəcəyinə o qədər də inanmıram. Hardasa yanvarda bitəcək. Bunun nəticəsində Rusiyada inqilab olacağı, yaxud hakimiyyətin geri çəkiləcəyi də inandırıcı deyil. Sadəcə artıq hakimiyyət özünü daha ağıllı aparır. Əvvəlcədən Rusiya hakimiyyəti bu mitinqlərə çox neqativ yanaşdı, tənqid etdi. Amma sonra göstərdi ki, o daha ağıllıdı. Medvedev çıxış edib dedi ki, islahatlar aparılacaq və Rusiyanın siyasi sistemində dəyişikliklər olacaq. Bu, hadisələrin gedişində öz əksini tapacaq. Nəticədə bir ay ərzində vəziyyət sabitləşəcək. Əlbəttə, şübhə etmirəm ki, Putin hakimiyyətə gələcək.
Razi Nurullayev:
– Rusiyada keçirilən sonuncu aksiyada yetərincə adam iştirak edib. Sovetlər Birliyi dağılandan bəri Rusiyada keçirilən ən böyük izdiham kimi yadda qaldı. Artıq bu cür izdihamın davam etməsi gözləniləndir. Çünki Rusiyada artıq yeni nəsil yetişib. Məhz bu nəsil mitinqlərin avanqardı kimi çıxış edir. Ruslar artıq başqa Rusiya görmək istəyir. Rusiyada varlıların sayı artıb. Onlar müxtəlif ölkələrdə hakimiyyətin insanların seçimi əsasında formalaşdığını görür. Insanlar istədiyi zaman onları istefaya göndərə bilir. Amma Rusiyada, eyni zamanda Azərbaycanda tamamilə başqa mühitdir. Burada insanlar hakimiyyəti ələ alıb müxtəlif despotik yollarla orda qalmaqda davam edirlər. Rusiyada yetişən yeni nəsil bununla barışmaq istəmir. Son mitinqin iştirakçılarının tərkibinə nəzər salsaq, görərik ki, orda ziyalılar, milyardlarla pulu olan iş adamları, orta sahibkarlar, gənclər, hətta bəzi məmurlar iştirak edib və Rusiya hakimiyyətini kəskin tənqid edirlər. Bu o deməkdir ki, rus xalqı ayılıb. Aksiyada çıxış edən yazıçı Aqunin dedi ki, ruslar artıq qış yuxusundan ayılıb və və bu qış onların yatmaq fikri yoxdur. Ola bilsin, yanvarın ortalarına yaxın yeni bir aksiya keçiriləcək. Orada artıq yüz minlərdən söhbət gedə bilər. Çünki hazırda Rusiyada internet mediası ərəb ölkələrində olandan daha sürətlə inkişaf etməyə başlayıb. Hər gün yüzlərlə insan internetdən Putin rejimini hakimiyyətdən salmaq üçün çağırışlar edir. Bu o deməkdir ki, Rusiya yaxın bir il ərzində mütləq dəyişəcək…
– Hakimiyyətin aksiyaçılara qarşı zor tətbiq edəcəyini, yaxud geri çəkiləcəyini gözləmək olar?
Arif Yunus:
– Ərəb dalğası, yaxud buna oxşar variantı görmürəm. Müəyyən əsaslar olmalıdır ki, biz bu variantın ola biləcəyinə inanaq.
Razi Nurullayev:
– Bu günlərdə Medvedev parlamentə ənənəvi müraciəti zamanı bir sıra qanun paketlərini təqdim etdi. Parlamentə göndərilən təklif arasında partiyaların, namizədlərin qeydiyyatının asanlaşdırılması, müxtəlif fundamental azadlıqların təmin olunması kimi məsələlər əksini tapmışdı. Artıq Rusiya hakimiyyəti geriyə çox ciddi addımlar atmağa başlayır. Putinin də yumruqları açılmağa başlayıb. O, əvvəlki kimi idarə edə bilmir. Putinin əvvəl olan xarizmasından əsər-əlamət qalmayıb. Belə bir şəraitdə hakimiyyətin zora əl atması inandırıcı görünmür. Rusiyada idarə olunan demokratiyadır. Xalq isə həqiqi demokratiyaya keçidi tələb edir. Martda prezident kürsüsünə əyləşməyə çalışan Putin yenidən ölkəni əvvəlki kimi idarə etmək istəsə, zor işlətsə, bu zaman Rusiyada da vəziyyət ərəb ölkələrində olduğu kimi ola bilər. Bu ölkəni hətta parçalanma da gözləyə bilər.
– Indiki proseslərin martda keçiriləcək prezident seçkisinə təsiri necə olacaq?
Arif Yunus:
– Ola bilsin, martda daha güclü olacaq, nəinki indi. Yəni çox şey iki tərəfdən asılıdır. Bir tərəfdən müxalifətdən. Müxalifət birləşə bilərmi? Bu aksiyalar göstərdi ki, Putinin nüfuzu o qədər də böyük deyil. Əhalinin arasında narazılıq var. Indi demək olar ki, siyasi arenaya yeni müxalifət gəlir. Ola bilsin ki, marta qədər biz tamamilə ayrı adamların adlarını eşidəcəyik. Indi Rusiya üçün keçid dövrüdür. Cəmiyyət də yeni müxalifət, yeni liderlər istəyir. Nemtsov kimi adamlara o qədər də inam yoxdur. Ruslar indiki hakimiyyətin siyasətindən razı deyil. Alternativ lazımdır. Indi söhbət alternativdən gedəcək. Yəni açıq-aydın hiss olunur, Rusiya cəmiyyəti yenilik, yeni liderlər, yeni sistem, yeni həyat istəyir. Burda bir məsələ ortaya çıxır. Birincisi, müxalifət varmı? Bu nə müxalifətdi, kimdi bunlar? Bunlar həqiqətənmi bu hakimiyyətə alternativ olacaqlar ya yox? Digər tərəfdən, hakimiyyətin siyasətindən də çox şey asılıdır. Hakimiyyət çox şey edir ki, yeni müxalifət liderləri onlara yaxın olsun. Proxorovu hakimiyyət ortaya atıb. Ola bilsin, yeni fiqurları görəcəyik.
Razi Nurullayev:
– Ola bilsin, yanvar və fevral ayında müxalifətin keçirdiyi mitinqin hansı şəraitdə keçəcəyindən, ordakı insanların çağırışları və sayından asılı olacaq. Burda digər maraqlı məsələ budur ki, hazırda Rusiya prezidentliyinə namizədlər arasında da ölkəni demokratiyaya apara biləcək qüvvə yoxdur. Bu baxımdan Putinin seçilməsi müəyyən mənada labüd görünür. Ola bilsin, son anda seçicilər müəyyən mənada Putinə üstünlük versin. Amma bu demək deyil ki, onlar Putini ölkənin lideri görmək istəyir. Çünki Jirinovskinin prezident olmasındansa, Putinin qalması daha yaxşıdır. Kommunistlərin rəhbəri Züqanovun seçilməsi, Rusiyanın yenidən kommunist rejiminə qayıtması mümkünsüz görünür. Dünyanın da bunu qəbul etməsi mümkünsüzdür. Yavlinskinin ciddi səs alacağı güman olunmur. Milyarder Proxorov müəyyən mənada Putinin əlinə oynamağa çalışacaq. Onun prezident olmaq iddiası olsa da, Putinin qarşısında geri çəkiləcək və onun qələbəsini tanıyacaq. Bu baxımdan Putin qalib gələ bilər. Ancaq Putin administrativ üsullardan, saxtakarlıqdan istifadə edib daha çox səs almağa çalışacaq. Bu zaman artıq parlament seçkisindən sonra baş verən hadisələrin daha sürətli axınının şahidi ola bilərik.
– Rusiyadakı proseslərin Azərbaycana nə kimi təsirləri ola bilər?
Arif Yunus:
– Istərdim ki, olsun. Ancaq hələ ki, bunu demək olmur. Bir tərəfdən bizdə ərəb dalğasının Azərbaycana təsir edəcəyinə ümid var idi. Təsir etdi. Ancaq deməzdim ki, çox oldu. Martda qısamüddətli aksiyalar oldu. Ancaq bunlar dayandı. Rusiyadakı hadisələrin indiki məqamda bizə təsir edəcəyinə inanmıram. Yalnız internetdə kimsə nəsə deyəcək, yazacaq. Hansısa siyasi lider bəyanatla çıxış edəcək. Amma söhbət aksiyalardan, onların nəticəsində hansısa yenilikdən gedirsə, bu hələ görsənmir.
Razi Nurullayev:
– Əlbəttə, ola bilər. Rusiyadakı hadisələrin Azərbaycana və digər postsovet ölkələrinə ciddi təsiri var. Azərbaycan və digər ölkələrdə demokratiyanın qarşısına sədd çəkən dövlət Rusiya olub. Azərbaycanda da rus siyasi texnoloqları etiraz aksiyalarının yatırılmasında, hakimiyyətin təbliğat kampaniyasının aparılmasında iştirak edib. Rusiya demokratikləşərsə, o zaman Azərbaycan və digər postosvet ölkələri də öz avtoritarizmini yaşada bilməyəcək.
Fizzə Heydərli