Elxan Şahinoğlu: “Bu məsələdə də Türkiyənin yanında olmasaq, münasibətlərə ağır zərbə dəyəcək”
Fransa parlamentinin məlum qərarından sonra Türkiyə cavab addımları atacağını açıqlayıb. Eyni zamanda Ankara Azərbaycanın da bu məqamda qardaş ölkənin yanında olacağına ümid edir. Çünki ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın bu qərarı Türkiyə ilə yanaşı Azərbaycanın da maraqlarına ziddidir.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Abdulla Gül Fransa parlamentinin qondarma “erməni soyqırmı”nı inkar edənlərin cəzalandırılması haqqında qərarının Senatda da təsdiq olunacağı təqdirdə bu ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəfliyini itirəcəyini söyləmişdi.
Eyni zamanda Türkiyə Böyük Millət Məclisinin həm iqtidar, həm də müxalifəti təmsil edən deputatları Azərbaycan hakimiyyətinə çağırış edərək rəsmi Bakıya Fransanın Minsk qrupundakı vasitəçiliyindən imtina etməsini təklif edib. AKP genel başqan yardımçısı, millət vəkili Mustafa Elitaş və MHP genel başqan yardımçısı, millət vəkili Tunca Toskay Fransanın son addımının onun obyektivliyinə şübhə yaratdığını deyib. Deputatların sözlərinə görə, Ermənistana açıq dəstək verən ölkə Dağlıq Qarabağ məsələsinin həllində heç zaman dürüst ola bilməz. Bu səbəbdən də Azərbaycan ATƏT-də Fransanın Minsk qrupu başqanlığından kənarlaşdırılması məsələsini qaldırmalıdır.
Lakin rəsmi Bakı bu çağırışlara cavab verməyib və Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsi ümumiyyətlə, gündəmə gətirilmir.
Bəs Azərbaycan hakimiyyətinin bu çağırışlara cavabı necə olmalıdır və Fransaya münasibətdə hansı addımlar atılmalıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Türkiyənin çağırışına diqqətlə yanaşmalı olduğunu deyir. Çünki Fransa parlamentinin bu qərarı Türkiyə ilə bərabər Azərbaycanın da maraqlarına toxunub: “Ilk növbədə Azərbaycanla Türkiyə arasında strateji münasibətlər baxımından məsələyə diqqətlə yanaşmaq lazımdır. Digər tərəfdən, Azərbayjanın da maraqlarına toxunan Fransanın münaqişənin həlli prosesində tərəfsizliyi pozulur”.
Ekspertin fikrinjə, Abdulla Gülün Fransanın həmsədrlikdən geri çəkilməli olduğu ilə bağlı bəyanatı əslində Fransaya yox, Azərbayjan hakimiyyətinə mesaj idi ki, onlar hərəkətə gəlsin. Eyni zamanda Türkiyə rəsmiləri, deputatlar bir ağızdan deyirlər ki, Azərbayjan Fransanın həmsədrliyindən imtina etməlidir. Ancaq Azərbaycan hakimiyyəti hələ bu istiqamətdə lazımlı addımlar atmayıb.
Ekspert hesab edir ki, qərar senatda təsdiq olunacağı təqdirdə artıq indidən hansı addımların atılacağı ilə bağlı plan hazırlanmalıdır.
Ekspertin sözlərinə görə, əgər bu dəfə də Türkiyə ilə strateji müttəfiqliyin ruhuna uyğun hərəkət edilməsi, qardaş ölkə ilə münasibətlərdə uçurum yaranacaq. Çünki son illər Türkiyə üçün əhəmiyyətli məsələlərdə Azərbaycan bu ölkənin yanında olmayıb. Əgər Fransa məsələsində də Türkiyənin yanında olmasaq, münasibətlərə ağır zərbə dəyəcək.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə XIN-in Fransa parlamentinin qərarını kəskin şəkildə pislədiklərini yada saldı. Onun sözlərinə görə, bu qərarı qəbul etməklə Fransa vasitəçi roluna xələl gətirir. Çünki belə qərar söz azadlığı prinsipləri, demokratik dəyərlərlə ziddiyyət təşkil edir. Tarixçilərin müzakirə etməli olduğu məsələni müzakirə edir və erməni icmasının əlində alətə çevrilir. Bu, Fransanın, ümumiyyətlə, regiondakı roluna xələl gətirir.
Fizzə