Haqqımız yoxdur!

Ramil Qafarov

20 ildir bu ölkənin azad yaşaması uğrunda mübarizə aparırıq. Biz də olmasaq, bizdən yaşlı nəsil…
Şübhəsiz haqq bizim tərəfimizdədir. Çünki mübarizəmiz sərvətimiz yox, başqalarının var olması, azad yaşaması uğrundadır. Lakin bəzi məqamlar var ki, ona haqqımız yoxdur.
Haqqımız yoxdur – tənbəlləşməyə, komamızda inqilab gözləməyə, növbəti seçkiyə ümid etməyə və bu arada heç nə etməməyə;
Haqqımız yoxdur – “rejim qəddardır” deməyə. Ərəb ölkələrində on minlərin canından keçdiyini, lakin mübarizə əzminin sınmadığını canlı şəkildə gözlərimiz görərkən;
Haqqımız yoxdur – jurnalistdən satılmamasını, mövqeyini dəyişməməsini istəməyə. Əgər səhərlər, “kim mənə qəzet verəcək?”, – deyə adam axtarırıqsa, həftəyə bircə qəzet almırıqsa;
Haqqımız yoxdur – bir liderə ümid olmağa, ondan uğur, hakimiyyət, inqilab gözləməyə… Hakimiyyəti milyonlar dəyişir, inqilabı yüzminlər edir. Bir sözlə kütlələr gerçəkləşdirir;
Haqqımız yoxdur – internet ovcumuzda olarkən telekanalların xiffətini çəkməyə. “Məni televizorda çıxış edərkən göstərəcəklər”, – deyə kimlərəsə zəng etməyə. Bu məqamı gözləməyə;
Haqqımız yoxdur – təşkilat sədri olarkən evimizdə oturmağa, gənclərlə işləməməyə, insanlar arasında görünməməyə;
Haqqımız yoxdur – polisi mətbuatda əjdaha kimi göstərməyə, aksiyaçılarımızın cəsarətini kölgələməyə, mitinq hadisəsini Quranda cəhənnəmin təsvirindən daha qorxulu təqdim etməyə;
Haqqımız yoxdur – qapalı çevrə cızmağa, insanları uzaqlaşdırmağa, “başqaları bizə yaraşmaz”, – deyə hava atmağa;
Haqqımız yoxdur – gənc istedadlar durarkən, qoca kötükləri qucaqlamağa, ziyalı sözü deyəcəklər deyə, xam xəyala dalmağa, susmaqlarına üzülməyə;
Haqqımız yoxdur – 20 il mübarizə aparıb, uşaqlarımızı bu mübarizədən gizlətməyə, kölgələməyə. Çünki bu bataqlıq onları da çəkir və bir gün tamam udacaq;
Haqqımız yoxdur – xoşbəxtliyin bizə süfrədə gətiriləcəyini gözləməyə. Intellektimiz, pulumuz, cəsarətimiz varkən bunlardan heç olmasa, birini sərf etməməyə;
Haqqımız yoxdur – “tariximiz saxtalaşdırılır” deyərək çığlıq atarkən, kitab yazmamağa, arxiv toplamamağa, çap olunan kitabı belə oxumamağa, bəyanatlarla, çıxışlarla illəri bir-birinə calamağa;
Və nəhayət, haqqımız yoxdur – bütün bunları oxuyub üstündən rahat keçməyə, əməl etməməyə və heç nə olmamış kimi miskin həyatı davam etdirməyə!!!