Pənah Hüseyn: «Mübariz Qurbanlı yaxşı bilir ki, şifahi bəyanatla parlamentin qəbul etdiyi sənəd arasında status baxımından çox ciddi fərq var»
Milli Məclisin son iclasında Fransa parlamentinin məlum qərarı tənqid edilsə də, bu ölkəyə ünvanlanan rəsmi müraciət qəbul olunmadı. Baxmayaraq ki, belə bir sənədin qəbul ediləcəyi ilə bağlı gözləntilər vardı.
Ancaq hakimiyyət təmsilçiləri rəsmi müraciətin olmamasını özünəməxsus şəkildə izah edir. YAP-çı deputat Mübariz Qurbanlı mətbuata açıqlamasında Milli Məclis sədrinin dediklərinin bütövlükdə parlamentin mövqeyini açıq şəkildə ifadə etdiyini və spikerin hər bir sözünün Milli Məclisin mövqeyi olduğunu bildirib. Şifahi səslənən fikirlərlə yazılı müraciətin fərqini görməyən deputatın bu mövqeyi nə dərəcədə normaldı?
Keçmiş deputat Pənah Hüseynin fikrincə, YAP-ın yeritdiyi siyasət baxımından bu, normal mövqedir. Burda hansısa gözlənilməzlik yoxdur. Mübariz Qurbanlı da YAP-ın siyasətini ifadə edən şəxslərdən biridir. Lakin Azərbaycanın və Türkiyənin maraqları baxımından, bu, normal yanaşma deyil. Çünki Mübariz Qurbanlı özü də yaxşı bilir ki, şifahi bəyanatla parlamentin qəbul etdiyi sənəd arasında status baxımından çox ciddi fərq var.
P.Hüseyn Fransa parlamentinin qərarının beynəlxalq hüquqa, ifadə azadlığına zidd, təxribat xarakterli olduğunu və müxalifətin sənədi pislədiyini, onun qüvvəyə minməməsi üçün çağırış etdiyini vurğuladı. O, eyni zamanda bu məsələnin Türkiyə ilə uzlaşdırılmış şəkildə müzakirə edilməsinin də vacibliyini dedi. Artıq bununla bağlı hakimiyyətə çağırışlar da edilib: “Biz Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının çağırılmasını, birgə hərəkətlərin edilməsini təklif etmişdik. Təəssüf ki, ənənəvi siyasətinin davamı olaraq YAP iqtidarı, o cümlədən Ilham Əliyev bu məsələdə fərqli mövqe nümayiş etdirir. Bu da Azərbaycanın dövlət maraqlarına, erməni təcavüzünə qarşı mübarizə maraqlarına, Türkiyə-Azərbaycan münasibətlərinin maraqlarına uyğun deyil. Mübariz Qurbanlı da həmin o doğru olmayan ikibaşlı siyasəti ifadə edir”.
Fizzə