Elşad Abdullayevin diplomu ləğv edildi

ABU-nun sabiq rektoru hüquq elmləri doktoru titulundan məhrum olundu  

Hazırda Fransada mühacio həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə verilmiş elmi dərəcə və elmlər doktoru diplomu ləğv edilib. Bu barədə “Femida-007″ qəzeti məlumat yayıb.
Elşad Abdullayevin “Müqayisəli inzibati hüquq” mövzusundakı doktorluq işi Bakı Dövlət Universitetində yerinə yetirilib, Rusiya Dövlət Humanitar Universitetində 22 noyabr 2000-ci il tarixdə müdafiə olunub və 22 dekabr 2000-ci il tarixdə Rusiya Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq elmləri doktoru diplomu verilib. Lakin sonradan bəlli olub ki, Elşad Abdullayevin doktorluq işi Kozırınin “Inzibati Hüquq”undan köçürülüb. Bu günlərdə Rusiyada aparılan araşdırmalar başa çatdıqdan sonra diplomun ləğvi barədə qərar verilib.
Yeri gəlmişkən, hələ 2001-ci ilin mayında Azərbaycan Ali Attestasiya Komissiyasının Humanitar və Ictimai Elmlər Şöbəsinin rəisi BDU-nun rektoru Abel Məhərrəmova ünvanladığı məktubda yazıb ki, Elşad Abdullayevin müdafiə elədiyi doktorluq işi plagiatdır. Bu baxımdan Azərbaycan Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 27 aprel 2001-ci il tarixli 15 saylı qərarı ilə həmin işin təkrar attestasiyadan keçirilməsi qeyri-mümkün hesab edilib.
Xatırladaq ki, Elşad Abdullayevin sahibi olduğu ABU bağlandıqdan sonra o, Fransaya mühacirət edib. Bir müddətdən sonra o, qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı sensasion açıqlamaları ilə gündəmə gəlib. Elşad Abdullayevin həmin açıqlamaları ilk olaraq “Azadlıq” qəzetində dərc edilib. Elşad Abdullayevin bu sensasion faktları ictimailəşdirməsi hakimiyyətin qəzəbinə səbəb olduğundan ehtimal etmək olar ki, onun diplomunun ləğv olunması siyasi sifariş əsasında həyata keçirilib.

Informasiya şöbəsi