Cabbara son məktub

Cabbar! Kiçik məhbəsdən böyük məhbəsə xoş gəldin!

“Böyük məhbəsə xoş gəldin” deyirəm, çünki biz azadlığın nisbi bir anlayış olduğu ölkədə yaşayırıq. Köləliyin baş tacı, mütiliyin həyat tərzi edilməyə çalışıldığı bir ölkənin vətəndaşlarıyıq biz. Belə ölkələrdə həbsxananın çölü də həbsxanadı.
Cabbar! Səni yenidən dava dostlarınla, mübarizə yoldaşlarınla əl-ələ, qol-qola, çiyin-çiyinə, kürək-kürəyə görmək çox xoşdu.
Əfv sərəncamında (əslində, insanın ona “əfv sərəncamı” deməyə də dili dönmür. Çünki əfvə ən çox ehtiyacı olan o sərəncamın altında imzası olan adamın özüdür) adın olduğunu eşidəndə sevindik təbii, amma dəmir barmaqlıqlar ardındakı digər dostlarımıza görə də üzüldük. Onların daha bir müddət haqsızca həbsdə saxlanılmasına kədərləndik. Bir üzümüz güldü, amma o biri üzümüzdə hüzn vardı.
Yəni, doya-doya yaşaya bilmədik sənin kiçik məhbəsdən böyük məhbəsə dönüşünün sevincini…
Bir də, Cabbar, bilirsənmi, doya-doya sevinməməyimizin səbəbi nədi artıq əfv sərəncamlarına? Dəmir barmaqlıqlar ardından bir çox dostların qabıq qoyaraq, cild dəyişərək çıxması. Hədəflərini, üslublarını dəyişməsi. Onların sayəsində əfv sərəncamlarına düz-əməlli sevinə də bilmirik. Içimizin bir yerində yeni bir xəyanət qorxusu, yeni bir xəyal qırıqlığı rahatlıq vermir bizə, ağrıdır, incidir.
Sən sən ol, heç vaxt “Azərbaycan yalnız ağ və qara rənglərdən ibarət deyil” demə…
“Hakimiyyətlə hesablaşıram, amma razılaşıram” demə…
“Hakimiyyəti tənqid etmək yox, təklif vermək lazımdır” demə…
Əlbəttə, sənə hər birimizin güvəni tamdır. Adına “məhkəmə” deyilən o qondarma, çirkin məzhədəki dik duruşunla, həbsxanadakı dəyanətin və mətanətinlə sən artıq Azərbaycanın yeni yetişən nəslinin örnək ismisən. Sən və hələ də dəmir barmaqlıqlar ardında olan dostlarımız tarix yazırsınız. Bunca şərləmələrə və şirnikləndirmələrə, bunca zora, zopaya rəğmən Azərbaycanın azad, ədalətin zəfər çaldığı, hüququn və milli iradənin bərqərar olduğu bir ölkəyə çevrilməsi yolunda aparılan mücadilənin simvollarından birinə çevrilmisiniz.
Azərbaycan gəncliyinin qürur mənbəyi olmusunuz.
Bundan sonra bu ölkənin cocuqları Sizi örnək alaraq böyüməli, özlərini Sizə oxşatmalı, Siz onların yoluna işıq olmalısınız. Beləcə, çoxalmalı, çox olmalıyıq. Qarşımızı heç bir bəndin ala bilməyəcəyi selə, divarları dəlib keçən yelə çevirməliyik. Bu ölkəni aydın sabahlara, işıqlı gələcəyə qovuşdurmağın başqa yolunu tanımıram.
Bu ölkənin xilası Sən və Sənin kimi mübariz, ürəkli, içi azadlıq eşqi ilə dolu gənclərin əlindədir. Sizsiniz bu ölkənin gələcəyi! Aman, ondan muğayat olun. Aman, ona toz qondurmayın.
Cabbar! Bir daha kiçik məhbəsdən böyük məhbəsə xoş gəldin!
Həbsxana dadmış biri kimi dustaqlığın nə demək olduğunu, məncə, indi hamımızdan daha gözəl sən anlayırsan. Və bu ölkənin 18 ildir bir ovuc quldur, yaramaz adamın dustaqlığında, əsirliyində nələr çəkdiyini indi ən yaxşı bilən sənsən, məncə.
Bu xalqın qollarındakı qandalları söküb atmağın, bu ölkənin dörd yanındakı məhbəs məftillərini doğramağın nə qədər önəmli, nə qədər həyati məsələ olduğunu da ən yaxşı sən hiss edirsən. O hissləri hər kəsə anlat. Hər kəsə hiss etdir. Qoy Azərbaycanda azadlığın, hüququn, demokratiyanın önünün açılmasının necə dəyərli, necə gərəkli, vazkeçilməz bir missiya olduğuna kimsənin içində zərrəcə şübhə, zərrəcə tərəddüd qalmasın.
Sən və Sənin timsalında Azərbaycanın ləyaqətli, vicdanlı və mübariz gəncliyi bu çirkin gedişatın qarşısını almalıdır. Ölkəni hər gün bir az da qaranlığa, bataqlığa gömənləri durdurmalıdır.
Bu iş artıq çox uzandı.
Bu işi bitirmək lazımdır artıq!