Restorandakı inqilab

… və gəncliyin yaratdığı əsəbilik

“Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər” – “Azadlıq” qəzetinin yubiley tədbirinin zorla dayandırılması barədə Əli Həsənovun bu açıqlaması illərlə müzakirə ediləcək. Prezident Administrasiyasını təmsil edən yüksək çinli məmurun qəzetin Ilham Əliyevlə bağlı yazısına qəzəblənməsi, baş verənlərə haqq qazandırması  – necə deyərlər,  işığın söndürülməsi hər şeyə işıq salır. Bu, qəzetə qarşı atılan addımın siyasi qərarla olduğunun açıq etirafıdır. Mətbuata siyasi basqının bu cür etirafı hələm-hələm olmamışdı.
Amma səbəb təkcə bu idimi? Yalnız və yalnız Ilham Əliyevin Ağcabədidə ovda olması ilə bağlı xəbərmi? Axı onun xarici ölkələrə xizək sürməyə getməsi ilə bağlı məlumatlar çox yazılıb bundan öncə. Ilham Əliyevin ailə mülkləri ilə bağlı yazılar gedib bu qəzetdə. Azmı tənqid  edilib bu günəcən?!
Məncə bu dəfəki çılğınlıq təkcə deyilən informasiyaya görə və ümumən qəzetə qarşı qəzəblə bağlı deyildi. Bu amillər öz yerində. Adətən bizim hakimiyyət törətdiyi addımı etiraf etmir, qəzəbini göstərmir, işini görür və hisslərini gizlədir. Amma bu dəfə çılğınlıq imitasiya sərhədlərinə sığmadı. Nədən?
Bu, havadandır – ictimai ab-havadan. Bütün dünya inqilabdan danışır axı. Rusiyada da 100 minlik mitinq. Uzaq ərəb küləkləri indi yaxında əsir. Azərbaycanda hamı inqilabın kabus kimi bəşəriyyətin başı üzərində əsdiyinə inanmağa başlayıb. Məhz bu havadan söhbət gedir.
Moskvadakı nəhəng və gülərüz mitinqi  televizordan tamaşa etmək asan deyil bizim məmurlara. Çox ağır il oldu bu 2011. Xəbər proqramlarının əsas işi bənzər rejimlərin çöküşünü göstərmək idi. Bəs buna baxanlarda təmkinmi qalar?
Bir yandan da Gənclik. Bir yandan onları həbs edirlər, bir yandan da yeniləri ayağa qalxır. 10-larla gəncin  çəkinmədən, kamera və fotoaparat qarşısında sərt mövqeli müxalifət partiyasına daxil olması sıradan bir hadisə deyil. Ona görə ki, bu, hadisə deyil, tendensiyadır artıq.
Gənclərin həbsdən qorxmaması sübut olundu. Gəncliyin fəallığı ölmədi, onlara qarşı hiylə və hədələr boşa çıxdı. Hakimiyyətin böyük ümid bəslədiyi əsəb müharibəsi uğur qazanmadı. Əli Həsənov ona görə belə çılğındır. Ona görə əsəbidir.
Şəxsən mən indi anlayıram ki, xalqların böyük liderləri niyə Gəncliyə xitab edirlər. Bizdə də belə olub. Atatürk, Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy də özündən sonra gəncliyə xitab saxlamışdılar. Onlar da gəncliyə müraciət etmişdilər, ölkənin taleyini gənclərə əmanət etmişdilər. Indi görürük ki, gənclik doğrudan da bu əmanətə sahib çıxmaq istəyir. Onları var-dövlət, əmlak-mülk yox, ölkənin taleyi düşündürür.
Indi yeni həbslər başlayıb. Dünən “Nida” gənclər təşkilatının fəalı Orxan Babayev və  AXCP Naxçıvan bölməsinin üzvü Zeynal Bağırovu həsb ediblər. Bu proses davam edəcək, amma nəticə olacaqmı? Axı azadlıq və hüquqları üçün ayağa duranların sayı həbs edilənlərdən qat-qat çoxdur. Deməli, nəticə olmayacaq. Hələ 17 aprel mitinqindən sonra hakimiyyət nümayəndələrinin “hər şey bitdi” ədası ilə danışması, açıq sevinc hiss etdirməsi zamanı biz söyləyirdik ki, bu proses dayanmayacaq. Dayanmadı da.
Odur ki, bizim hakimiyyət restorandakı şənliyi də inqilab kimi görməyə başlayıb və bu hissini də gizlədə bilmir.