“Qalan 16 nəfər də azad edilməlidir”

Azərbaycan hökuməti Savalanlını azad etməklə beynəlxalq tənqidi azaltmağa ümid edib. Lakin indi diqqət eyni güclə həbsdə qalanlara yönələcək

 

“Amnesty İnternational” ölkə başçısı İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamına münasibət açıqlayıb.
Təşkilat Cabbar Savalanlının əfv edilməsini alqışlamaqla yanaşı, həbsdə qalan 16 vicdan məhbusunun azadlığı uğrunda kampaniyanın davam etdiriləcəyini bildirir.
“Bizim reaksiyamız sevinc və məyusluqla qarışıqdır”, – deyə təşkilatın Avropa və Mərkəzi Asiya departamentinin başçısı John Dalhusein qeyd edib.
“BBC Azərbaycanca”ya müsahibəsində John Dalhusein mart və aprel aylarında hökumət əleyhinə etirazlar vaxtı həbs edilmiş 16 nəfərin azadlığa buraxılmasının tələb ediləcəyini bildirib.
O deyib ki, 20 yaşlı fəalın işi insan haqları müdafiəçiləri arasında böyük diqqətə səbəb olub və Azərbaycan hökuməti Savalanlını azad etməklə beynəlxalq tənqidi azaltmağa ümid edib. Lakin indi diqqət eyni güclə həbsdə qalanlara yönələcək.
Hüquq müdafiəçisi söz azadlığı və insan haqlarına hörmət naminə beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətinə daha çox təzyiq göstərməyə çağırıb.
“İnsan haqları və demokratiya Azərbaycanın gələcəyinin açarıdır. Azərbaycanlılar bunda maraqlıdır və beynəlxalq ictimaiyyət hazırkı hakimiyyəti bu məsələyə indikindən daha çox hörmət göstərməyə sövq etməlidir”, – deyə John Dalhusein bildirib.