“Eynulla Fətullayevə tövsiyəm odur ki…”

Sahib Məmmədov: “Biz öz işimizi yaxşı bilirik; o, öz işi ilə məşğul olsun”

Keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Eynulla Fətullayev “lent.az”a müsahibəsində həbsxanalarda apardığı monitorinqlə bağlı maraqlı məqamları açıqlayıb. Hazırda həbsxanada rüşvətin ləğv olunduğunu deyən E.Fətullayev bir sıra hüquq müdafiəçilərinin ünvanına ittihamlar səsləndirib.
Qeyd edək ki, bir müddət əvvəl Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə Ictimai Komitənin üzvü Sahib Məmmədov mətbuata açıqlamasında deyib ki, Eynulla Fətullayev Qobustandakı vəziyyəti çox şişirdib, yəni tərifləyib. E.Fətullayevin S.Məmmədovun bu açıqlamasına cavabı sərt olub: “Bəli, həqiqətən də bəzi qüvvələr mənim açıqlamamdan sonra narahat oldular. Bilmirəm, bu, mənə qarşı olan qısqanclıqdır, yaxud Penitensiar Xidmətdə baş verən dəyişikliklərə olan dözümsüz münasibətdir… Bilirsiz, bu insanların çoxu ictimai maraqlardan yox, şəxsi mənafelərdən çıxış edir. Görünür, Nazim Ələkbərovun dövründə olduğu kimi, özlərini sərbəst hiss etmirlər, artıq qanunçuluq bərqərar olunub, onlar da şəxsi mənafelərini təmin edə bilmirlər. Nəticədə bu cür danışırlar”.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, E.Fətullyaev son zamanlar hüquq müdafiəçisinin səsləndirə biləcəyi terminlərdən çox kənara çıxıb. S.Məmmədova görə, bu, E.Fətullayevin təcrübəsizliyi ilə bağlıdır: “Biz həbsxanalardakı vəziyyətlə bağlı hesabatlarımızda göstərmişik. Eynulla bəylə mənim fikir ayrılığım bir məsələ ilə bağlı olub. Eynulla bəy 2 ay əvvəl cəzaçəkmə müəssisələri ilə bağlı Ictimai Palatanın təşkil etdiyi dinləmələrdə kəskin fikirlər söyləmişdi. Ona görə o, vəziyyətin normalaşdığını deyərkən 2 ay əvvəllə müqayisə edir. Amma biz apardığımız araşdırmalara əsaslanaraq deyirik ki, bu yaxşılaşma prosesi iki ay əvvəldən yox, xeyli vaxtdır  başlayıb”.
Cəzaçəkmə müəssisələrində rüşvət hallarının olması ilə bağlı sualı nə təsdiq, nə təkzib edən S.Məmmədov vurğuladı ki, neçə illərdir həbsxanalarda aparılan monitorinqin nəticəsiz olduğunu söyləmək düzgün deyil. “Eynulla Fətullayevə tövsiyəm odur ki, öz işi ilə məşğul olsun, başqaları ilə işi olmasın. Biz öz işimizi yaxşı bilirik”,- deyə S.Məmmədov vurğuladı.

Hikmət