Mixail Qusmanın ölkə başçısına onun şəxsi işini təqdim etməsi iqtidar düşərgəsində narahatlıq yaradıb
Dekabrın 23-də “Rossiya” Dövlət Telekanalında Mixail Qusmanın Ilham Əliyevə həsr edilmiş “Hakimiyyət formulu” müəllif proqramında ölkə başçısına onun təhsil aldığı Moskva Beynəlxalq Əlaqələr Institutunda saxlanılan şəxsi işini təqdim etməsi hakimiyyət düşərgəsində narahatlıq yaradıb.
Qusman Ilham Əliyev şəxsi işini təqdim edərkən belə deyib: “Düşünürəm ki, siz bunu heç vaxt görməmisiniz, hərçənd, Sizə həsr olunub. Bu, tələbə Ilham Heydər oğlu Əliyevin şəxsi işidir. Düşünmürəm ki, siz onu nə vaxtsa görmüsünüz.
Burada sizin barənizdə maraqlı, bütövlükdə müsbət olan çox məlumatlar vardır… Düzünü deyirəm, burada hər şey yazılıb. Burada rəsmi sənədlər, möhürlər, imzalar, müəllimlərin soyadları var”.
Mixail Qusmanın xüsusi vurğu ilə “burada hər şey yazılıb” deməsi iqtidar düşərgəsində belə bir rəy yaradıb ki, bu Ilham Əliyevə təzyiq xarakteri daşıyır. Məsələ burasındadır ki, Rusiyanın baş naziri Vladimir Putin Avroasiya Birliyi proyektində Azərbaycanı da görür. O hətta bəyan etmişdi ki, 2011-ci ilin sonunda Azərbaycan və Türkmənistan bu birliyin yaranması ilə bağlı sənədləri imzalayacaq. Yəni, Azərbaycan faktiki olaraq birliyin üzvü olacaq. Lakin rəsmi Bakı Putinin bu təklifinə ehtiyatla yanaşır. Hələ ki, Azərbaycan hökuməti məsələ ilə bağlı birmənalı mövqe ortaya qoymayıb.
Hakimiyyət düşərgəsində düşünürlər ki, Ilham Əliyevə həsr olunmuş verilişdə onun şəxsi işinin ortaya çıxarılması bu məsələ ilə bağlı ölkə başçısına təzyiq ola bilər. Məsələyə bu cür yanaşanlar 2000-ci illərin əvvəllərində mərhum ölkə başçısı Heydər Əliyevlə bağlı baş verən oxşar hadisəni nümunə gətirirlər. O zaman Rusiyanın prezidenti olan Vladimir Putin Heydər Əliyevi təhsil aldığı çekist məktəbinə aparmış, sonra ona attestatının surətini vermiş və xüsusi vurğu ilə “bunun orijinalı bizdədir” deyə əlaəv etmişdir. Heydər Əliyev isə Putinin nəyə işarə vurduğunu dərhal başa düşərək kinayə ilə gülümsəimişdi. O zaman da Azərbaycanla Rusiya arasında həll olunmamış bir sıra problemlər mövcud idi. Və Putin bu şəkildə Heydər Əliyevə təzyiq edərək istəyinə nail olacağını düşünürdü.
Mümkündür ki, Kremlin “xaç atası” indi də oxşar üsulla Ilham Əliyevi yola gətirməyə çalışır. Ölkə başçısının şəxsi işini Qusmanın əlilə ortalığa çıxarmaqla, sözəbaxan olmayacağı təqdirdə onunla bağlı hansısa kompramatların da üzə çıxa biləcəyinə işarə eyham edir. Hər halda hökumətdə olayı bu cür qiymətləndirən və bundan narahat olanlar var.
Analitik informasiya şöbəsi