Heydər Əliyevin ölümünün etiraf olunduğu tarixin anım günündə icra hakimlərindən biri tədbirə gətirilənlərə üzünü tutub, qeyzli bir çıxış eləyib. Onun adını niyə yazmıram? Əslində heç bilmirəm də adını, ama istəsəm öyrənərəm. Niyə öyrənmirəm? Çünki onların adları heç nəyi ifadə eləmir; onların bir adı var – icra hakimiyyətinin başçısı, rejimin köləsi, vintciyi, Əliyev məktəbinin layiqli davamçıları. Onları bir-birindən fərqləndirən tək cəhət var – çapıb-taladıqları rayonun adı. Bunun da elə bir önəmi yoxdu, çünki rayonların hamısı eyni gündədi; sadəcə, hansı rayonda çapıb-talamaq üçün nə qədər imkan olmasının fərqi var, bu da heç nəyi dəyişmir, çünki çapıb-taladıqları eyni obyektlərə çatır. Nə isə, bu fərqsizliyi köşənin axırına qədər uzatmaq olar, ama bunun da elə əhəmiyyəti yoxdu, onsuz da hamı hansı ölkədə, hansı rejimdə, kimlərin qapazı altda yaşadığını yaxşı bilir.
Keçək Icra hakimiyyəti başçısının sözünə. Adam tədbirə gələnlərin, daha doğrusu, gətirilənlərin say etibarı ilə az olmasından bərk əsəbiləşib, gözləri qızarıb, hədəqəsindən çıxıb, səhiyyənin, təhsilin və o biri viranəyə çevrilmiş dövlət müəssisəsi rəhbərlərini danlayıb ki, niyə az adam gətirmisiz. Qızıl kəlməni isə yekunda işlədib. O, deyib:
“Necə olur ki, Imam Hüseynin təziyyəsinə o qədər adam yığışır, ancaq Heydər Əliyevin anım gününə heç kim öz xoşuyla gəlmir? Imam Hüseyn sizə nə yaxşılıq eləyib, sizinçün nə iş görüb? Bəs Heydər Əliyev? Siz onun elədiklərinin altından çıxa bilərsizmi? Min il yaşayasız, borcundan çıxa bilməzsiz. Gözünüzdən gəlsin onun elədikləri!!!”.
Mərhum Əliyevin Allahla, peyğəmbərlə müqayisə edildiyini, hətta onlardan yuxarıya qoyulduğunu çox eşitmişik. Ancaq Imam Hüseynlə belə müqayisə, bu cür açıq, bu cür “təhlilli”, bu cür utanıb-qızarmadan… ilk dəfədi. Bunların Allahla müqayisəsini anlamaq olar. Fikirləşirlər ki, Allahı kim görüb ki, bir iş görəndə. Inansaq desələr də, zərrəcə inamları yoxdu. Lap münafiqlər kimi. Sözdə Allah, əməldə iblis. Peyğəmbər də nə qədər döyüşlərdən keçsə, bir Allah dövləti qursa da, şiə Azərbaycanında onunla bağlı tarixi günlər Kərbəla müsibətinin anımı qədər nəzərəçarpacaq deyil və bu cür taxtabaş beyinlərin nəzərində peyğəmbər Əliyevlə müqayisədə rahatca uduzar. Lakin Imam Hüseynin Kərbəla şəhadəti, inadlı savaşı, azadlıq, iman, əqidə, mənəviyyatlı dövlətçilik, həyat və əxlaq nümunəsi heç bir halda hansısa dövlət başçısı, həm də bütün fərasəti yalnız hakimiyyəti ələ keçirməyə, onu vərəsəlik yoluyla övladına ötürməsi, seçki sisteminə son verməsi, onu yalnız formal olaraq saxlaması, korrupsiya, rüşvət, yerlibazlıq, qrupbazlıq, şəxsiyyətə pərəstiş, totalitar idarəçilik, var-dövlət hərisliyi, hər növ insan azadlığının məhdudlaşdırılması, özgür düşüncəli insanlara qarşı amansız və barışmaz münasibəti miras qoyub gedən biri ilə müqayisə etmək son dərəcə şikəst zehniyyətə sahib olmanın əlamətidir. Bununla belə, bu zehniyyət əslində bu hakimiyyətin düşüncə tərzini göstərir.
Əlbəttə, həyat fəaliyyətində azadlığın yer aldığı istənilən kəs bu rejimin düşmənidir. O cümlədən də Imam Hüseyn. Onlara görə, Imam bizimçün neynəyib ki? Yol çəkməyib, keçid, körpü saldırmayıb, kanalizasiya quruculuğuna şəxsən göstəriş verməyib, ad günündə 12 tonluq tort ziyafəti təşkil etməyib, 1 milyona yaxın iş yeri açmayıb, pensiyalara 70 qəpik əlavə etməyib, maaşları 10 faiz artırmayıb və s. Kəsəsi, xalqın alın təriylə qazandığı bir tikə çörəyi də öz xidməti kimi qələmə verməyib. Bu zehniyyətin yiyələri üçün nəsə eləmək məhz gözlə görünən şeylər sayılır. Mən bu şəxsin dediklərini dini küfr yox, sadəcə ağıldanbəlalılıq hesab eləyirəm və günümüzə bax ki, bu ölkəni bu ağlın sahibləri idarə eləyir…