«Tədbirin qarşısını hakimiyyət alıb»

«Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər»

“Gündə yüz adam tədbir, məclis keçirir. Kiminsə tədbirinin necə keçməsinin hakimiyyətə nə aidiyyəti var?”. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Media forum” saytının “Azadlıq” qəzetinin ad günü məclisinin yarımçıq qalması ilə bağlı sualına cavab verərkən belə deyib.

PA rəsmisi hesab edir ki, “Azadlıq” qəzetinin yazdıqlarının əksəriyyəti, o cümlədən dekabrın 25-də qəzetin ad günü ilə bağlı keçirilən tədbirin yarımçıq qalmasının səbəbləri haqda yazdıqlarının hamısı böhtandır, yalandır: “Cənab prezident Ilham Əliyev dekabrın 24-də cəbhə bölgəsinə səfər edib, məcburi köçkünlər üçün salınan qəsəbənin açılışını edib. ”Azadlıq” qəzetinin bu səfərlə bağlı yazdığı məlumata baxın. Yazıblar ki, prezident göl qırağına ova gedib. Kostyumda, qalstukda ova gedirlər? Sadəcə, adam bu qəzetə deməyə söz tapmır. Ayıbdır! Həmin gün cənab prezident cəbhə bölgəsinə səfər edib, orada açılışlar edib, tədbirlər keçirib. Səfərin hər dəqiqəsi televiziyalarda göstərilib. Prezidentin bir dəqiqə də olsun boş vaxtı yox idi. “Azadlıq” qəzeti isə yazır ki, prezident ova gedib. Ola bilsin ki, prezidentin orada göl qırağına ova getməsi “Azadlıq” qəzetinin arzusuymuş və bundan istifadə etmək istəyirmişlər. Öz arzularını məlumat kimi yazıblar. Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər”.

Əli Həsənov bildirib ki, “Azadlıq” qəzetinin belə böhtan və yalanlar yazmasına baxmayaraq dekabrın 25-də qəzetin keçirdiyi tədbirin yarımçıq qalmasında hakimiyyətin heç bir iştirakı və rolu olmayıb: “Bu qəzetin yazdıqlarının hamısına şübhə ilə baxıram. Bu qəzetin yazdıqlarının əksəriyyəti, xüsusən də prezidentlə bağlı yazdıqlarının hamısı səhv, yalan və böhtandır”.

“Əli Həsənovun açıqlaması sübut edir ki…”

“Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun açıqlaması da açıq-aşkar sübut edir ki, ”Azadlıq” qəzetinin tədbirinin qarşısı hakimiyyət tərəfindən alınıb”. Bunu, “Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev belə deyir:”Biz 50 manat beh ödəmişdik. Hər şey razılaşdırılmışdı, hər şeyin yüksək səviyyədə olacağı haqda vəd verilmişdi. Çox təəssüf ki, belə rüsvayçı hadisə baş verdi. Bəlli oldu ki, bu yuxarının göstərişi ilə baş verib.  Əli Həsənovun açıqlaması da açıq-aşkar sübut edir ki, “Azadlıq”ın 22 illiyi ilə bağlı tədbirinin qarşısı Prezident Administrasiyası səviyyəsində alınıb. Əli Həsənov deyir ki, belə qəzetin tədbiri zamanı işığını da söndürərlər, hələ başqa şeylər də edərlər. Bu da onu göstərir ki, hakimiyyət necə də aqressivdir qəzetə qarşıİ”.ÿ
R.Hacıyev hadisə ilə bağlı məhkəməyə müraciət edəcəklərini də deyib.

“Əgər bu, mübarizə üsuludursa, çox primitivdir”


“Mən elə düşünürəm ki, ”Azadlıq” qəzetinin başına gətirilən hörmətsizlik restoran rəhbərinin şəxsi mövqeyinin nəticəsi idi”. Bunu, “Media forum”a şair Rüstəm Behrudi deyib. Behrudi bildirib ki, o, “Azadlıq” qəzetini Azərbaycanın fəth olunmayan sonuncu qalalarından biri, ad günü tədbirinin dağıdılmasını isə çox biabırçı hərəkət hesab edib: “Düşünürəm ki, bu hərəkət restoran rəhbərinin şəxsi mövqeyindən doğub. Dövlət başçısının qəzetin öz yübleyini keçirməsinə icazə vermədiyinə inana bilmirəm. Sadəcə, mənə elə gəlir ki, bu, bir məmurun özbaşınalığından ortaya çıxan və etikaya, mədəniyyətə tamamilə zidd, biabırçı bir hərəkətdir. Məgər qəzet yubileyi ilə iqtidara bir şey etmək olar? Əlbəttə, yox. Və ora yığılanlar da iqtidara nəsə etmək üçün deyil, qəzetin ad gününü qeyd etmək üçün yığışmışdılar. Əgər bu, mübarizə üsuludursa, onda çox primitiv üsuldur”.

“Bu cür olaylar cəmiyyəti düşmən mövqelərə bölür”


“Bu cür olaylar cəmiyyəti düşmən mövqelərə bölüb, onlar arasında düşmən əhval-ruhiyyəsi yaratmaqdan başqa heç nəyə xidmət etmir”. Bunu, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. A.Əliyev bildirib ki, ad günü tədbirinin dağıdılması ondan ötrü gözlənməz olub: “Düzünü desəm, bir çox şeydən narazı olduğumuz indiki dövrdə belə mən bu cür hadisənin baş verəcəyini gözləmirdim. Bu hadisə göstərdi ki, bizim cəmiyyətdə iki rəng var: ağ və qara. Fərqli mövqeyin ictimai yerdə, ictimai mühitdə hətta öz ad gününü də qeyd etməyə ixtiyarı yoxdur. Son dərəcə məyus oldum bu olaydan. Indi belə çıxır ki, ”Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid öz övladına toy edəndə də bu cür hərəkətlər davam edəcək” Açığı, Qənimət bəy övladlarını ölkədən çıxaranda düşünmürdüm ki, vəziyyət bu qədər ciddidir. Indi anlayıram ki, bizim ölkəmizdə nə desən mümkündür”.