Əli Həsənov İlham Əliyevi “baqaja” qoydu

Hakimiyyətin “Azadlıq”ın tədbirni hansı yazıya görə “proval” etdiyi məlum oldu

 

“Azadlıq” qəzetinin yaranmasının 22 illiyinə həsr edilmiş tədbirin “proval” olunmasına hakimiyyətdən reaksiya gəldi. Prezident Administrasiyasının  sözçüsü Əli Həsənov maraqlı bir açıqlama ilə olayın mahiyyətinə özünəməxsus tərzdə işıq salıb. Əli Həsənov konkret hadisə ilə bağlı suala cavab verərkən nədənsə “Azadlıq”ın İlham Əliyev barədə sonuncu yazı-informasiyasını şərh etməkdən özünü saxlaya bilməyib. Eyni zamanda kəskin qəzəbini də gizləməyib.
Əslində “Azadlıq” üçün məlum oldu ki, bu addıma səbəb olan konkret yazı hansıdır. Amma bizim toxunmaq istədiyimiz məsələ tamam başqadır. Əli Həsənov bu açıqlaması ilə konkret olaraq İlham Əliyevi “baqaja” qoyub. Şöbə müdiri hakimiyyətin isterik və əsəbi davranışını bir daha təsdiqləyib və tədbirin İlham Əliyevin şəxsi müdaxiləsi ilə “proval” edildiyini gizlətməyib. Əli Həsənov bilərəkdən, ya da bilməyərəkdən İlham Əliyevin restoranlarda işıqların yandırılıb-söndürtülməsinə belə, müdaxilə etdiyini də etiraf edib. Əks halda Əli Həsənov niyə İlham Əliyevdən danışsın və konkret xəbəri şərh etsin?
Əgər Əli Həsənov yalnış informasiyadan əsəbiləşibsə, deməli indiyə qədər yazılan yazılar düz olub. Yox əgər Əli Həsənov doğru məlumatdan xoflanıbsa, deməli “Azdadlıq”onluğa vurub.
O ki qaldı “Azadlıq”ın tədbirinə, cənab Həsənov, onu siz heç vaxt poza bilməzsiniz. Çünki “Azadlıq”ın missiyası Əliyevlər rejiminin mənəvi kökü olan Sovet hakimiyyətinin axırına çıxıb. “Azadlıq”ın hər bir tədbiri şərlə mübarizədir. 
İlham Əliyevin ova getmədiyini kostyumla izah etməyinizə gəlincə, hər halda onu elə də ciddi əks arqument saymaq olmaz. Kostyumu dəyişmək şəraitinizin də olmadığını deyirsinizsə, onda heç…

 

Seymur Həzi