Əfv yenə siyasi məhbus problemini həll etmədi

Hüquq müdafiəçiləri prezidentlə görüşmək istəyir

Leyla Yunus: “Hər dəfə siyasi məhbuslardan ən çoxu dördü azad olunur”

Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə hüquq müdafiəçilərinin siyasi məhbus saydığı 3 nəfər azadlığa buraxıldı – AXCP üzvü, gənc fəal Cabbar Savalanlı, 1995-ci ilin martında baş vermiş XTPD (“OMON”) hadisələrinə görə həbs edilən Nizami Şahmuradov və Mehman Məmmədov. Görək, hüquq müdafiəçiləri və siyahıya düşməyən siyasi məhbus yaxınları sonuncu əfvlə bağlı nə düşünür?

“Ruslan cəzasını axırıncı günə kimi çəkəcək”

“Oğlumun adının əfv sərəncamına düşməməsi mənim üçün gözlənilməz olmadı”. Həbsdə olan “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin atası Cəlil Bəşirli prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamına münasibətini “Media forum” saytına açıqlayarkən belə deyib. Atası bildirib ki, Ruslanın adının əfv siyahısına salınması üçün Elmira Süleymanovaya müraciət etmiş, Ombudsman həmin müraciəti Əfv Məsələləri Komissiyasına vermişdi: “Bununla belə, mən Ruslanın adının əfv sərəncamına düşəcəyini gözləmirdim. Məncə, oğlum cəzasını axırıncı günə kimi çəkəcək”.
C.Bəşirli bildirib ki, Ruslanla bir ay əvvəl görüşüb: “Səhhətində müəyyən problemlər var. Baş ağrısından və ürək döyüntülərindən əziyyət çəkir. Gözləyirik azad olub gəlsin, toyunu edək”.

“Sanki gələn elə Bəxtiyar özü idi”

“Əfv üçün müraciət etməmişdik, ona görə də Bəxtiyarın buraxılmasını gözləmirdim. Amma Cabbarın buraxılması çox ürəyimdən oldu. Sanki elə Bəxtiyar özü idi gələn. İnanın. O gün vəkillərə də dedim ki, bircə Cabbarı buraxalar, qalanını özləri bilər… “. Bunu, Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva deyib. O bildirib ki, Cabbargilə gedib anasına gözaydınlığı verəcək: “Həyata həmişə ümidlə baxmışam. Çətinliklərə dözmüşəm və ümidlə, iradəylə üstün gəlmişəm hər şeyə. Ümid var idi… Bəxtiyarın cəzasının üçdə biri ayın 29-da tamam olur. İstəsələr onda da buraxarlar”.
S.Mövlayeva deyir ki, oğlunu dekabrın 29-da azad etməsələr, 2 gün sonra ona baş çəkməyə gedəcək.
B.Hacıyevin qardaşı Vüqar isə bildirib ki, onlara hakimiyyətdən dolayı yollarla təkliflər olub ki, əfv üçün prezidentə yazsınlar: “Biz ortadakı şərtləri qəbul edə bilməzdik”.

“Arifin əfv fərmanına düşəcəyini gözləyirdim”

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının xanımı Nəzakət Hacılı deyir ki, əfv üçün müraciət etməmişdilər. Amma həyat yoldaşının əfv ediləcəyini çox gözləyirmiş: “Gözləyirdim ki, əfv fərmanına düşəcək. Nə bilim, nə deyim? Hüquq müdafiəçiləri deyirdilər ki, adlarını yazmışıq. Gözləyirdik. Onun səhhətinə görə narahatam. Yaşı da o yaş deyil. Yanvarın 22-də 50 yaşı olacaq. Özü ümid etmirdi əfvə, mənə dedi ki, ümidli olma. Sözün düzü, çox gözləyirdim. Getmişdim Ramanıya, çox şəraitsizdir ora, soyuqdur. Təzyiqi qalxır, düşür. Sözüm yoxdur deməyə. Nə deyə bilərəm ki…”(“Azadlıq” radiosu).

Fərhad Əliyevin xanımı da Cabbara görə sevinib

“Mən əfv sərəncamından nəsə gözləmirdim”. Keçmiş iqtisadi inkişaf naziri, məhbus Fərhad Əliyevin həyat yoldaşı Səbinə Əliyeva “Media forum” saytına belə deyib. O, əfvə düşən hər kəsə görə çox sevindiyini bildirib: “Yaxşı ki, xeyli insan yeni ili öz evində keçirəcək. Amma mən bu əfv sərəncamından heç nə gözləmirdim”.
S.Əliyeva həm Fərhad Əliyevin, həm də onun qardaşı Rafiq Əliyevin əfvlə bağlı müraciət etdiklərini vurğulayıb: “Vəkillərdən aldığım bilgiyə görə, əfv üçün müraciət ediblər. Həm Fərhadı, həm də Rafiqi siyasi məhbus hesab edirəm. Hansı məhbuslar birdən-birə azad olunublar? Hamısı bir-bir həbsdən çıxıb. Ümid də etmirdim və belə bir şey də gözləmirdim. Bu gün qəzet aldım və siyahıda Cabbar Savalanlının adını görüb həm onun özünə, həm də anasına görə çox sevindim”.

“Siyahımızdakı üç nəfəri buraxmaları məni heyrətə gətirdi”

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus  bildirib ki, prezidentin 26 dekabr sərəncamı ilə Sülh və Demokratiya İnstitutunun siyasi məhbus saydığı şəxslərdən yalnız Cabbar  Savalanlı, Nizami Şahmuradov və Mehman Məmmədov azadlığa buraxılıb: “Açığı, bu adamların da azadlığa buraxılmasını gözləmirdim. İnanmırdım ki, siyasi məhbuslardan kimisə azad edəcəklər. Siyahımızdakı üç nəfəri buraxmaları məni heyrətə gətirdi. Hər ilin axırında curnalistlər, qeyri-hökumət təşkilatları əfv gözləyir və xeyli siyasi məhbusun azad olunacağını bildirirlər. Ancaq hər dəfə siyasi məhbuslardan ən çoxu dörd nəfər azad olunur. Hamı qırx-əlli nəfərin azad olunacağını gözləyir. Lakin bu heç vaxt real deyil. Azərbaycanda bu qədər adamı eyni vaxtda yalnız azadlıqdan məhrum edə bilərlər”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Cabbar Savalanlı istisna olmaqla, ictimai rəyin diqqət mərkəzində olan digər məhbusların azadlığa buraxılmamasının təəssüf hissi doğurduğunu söyləyib. Bizim məqsədimiz həbsdə olanları azadlığa, ailələrinə qovuşdurmaqdır”, deyən N.Cəfəroğlu bunun üçün yaxın iki ayda dövlət başçısı ilə görüşə nail olmaq istədiklərini deyib.
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə belə əfvin onda məyusluq yaratdığını deyib: “Bizim monitorinq qrupunun siyahısında 27 siyasi məhbus var. Onlardan yalnız 3-ü – Cabbar Savalanlı, Nizami Şahmuradov və Mehman Məmmədov əfvə düşüb. Halbuki biz müraciət eləmişdik ki, siyahıdakı məhbuslar azadlığa buraxılsın, bu siyahı, bu mövzu qapansın. Onların əksəriyyəti 2 aprel məhbuslarıdır. Əfsuslar ki, belə olmadı”.

S.Qocamanlı deyir ki, bu əfv fərmanı heç bir hüquq müdafiəçisini razı salmayıb: “Biz gözləyirdik ki, bu siyahıda 2 aprel məhbuslarının, Ruslan Bəşirlinin və digərlərinin adı olacaq. Hətta bununla bağlı Əfv Komissiyasına, cənab prezidentə məktub da ünvanlamışdıq”.
Qeyd edək ki, S.Qocamanlının da təmsil olunduğu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu İlham Əliyevlə görüşmək üçün yaxın zamanlarda ölkə başçısına müraciət edəcək: “Çünki hesab edirik ki, yaranmış problemləri həll etmək üçün dialoqa ehtiyac var. Bunun üçün masa arxasında əyləşib müzakirələr aparmaq lazımdır. Biz bunun üzərində ciddi düşünürük. Bizim əvəzimə heç kim gəlib burada iş görməyəcək. Bunu nəhayət dərk etmək lazımdır”.