Cabbar Savalanlı evində (VİDEO)

Ölkə başçısı İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Cabbar Savalanlı artıq Sumqayıt şəhərindəki evlərindədir. Əfv olunanların, eləcə də Cabbar Savalanlının cəzaçəmə müəssisəsindən evə prosedura uyğun dekabrın 27-i gün ərzində buraxılacağı gözlənilsə də, onu əfv sərəncamının imzalandığı gün axşamdan xeyli keçmiş buraxmaq qərarına gəlib.

***

Əfv siyahısında siyasi məhbuslardan Cabbar Savalanının və 2 OMON-çunun adı var

Dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bəzi siyasi məhbuslar da azadlığa buraxılacaq. Bunlar gənc fəal Cabbar Savalanlı, 1995-ci ilin martında baş vermiş XTPD (“OMON”) hadisələrinə görə həbs edilən Nizami Şahmuradov və Mehman Məmmədovdur.

Cabbar Savalanlı, Nizami Şahmuradov və Mehman Məmmədov Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun (bu qurumda Səidə Qocamanlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə təmsil olunur) siyasi məhbus saydığı şəxslərdəndir. Qrup 27 şəxsi siyasi məhbus hesab edir ki, göründüyü kimi, onlardan 3-ü hazırkı əfvə düşüb.

Fevralın 5-dən həbsdə olan Cabbar Savalanlı narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinib. Sumqayıt Şəhər Məhkəməsi mayın 4-də onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. İyulun 26-sı Sumqayıt Apellyasiya Məhkəməsi, noyabrın 29-da isə Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.