Nə baş verdiyini artıq hamı bilir. Qəzetimizin yubileyinə toplaşmışdıq. Xeyli də qonaq vardı. Amma heç 15 dəqiqə keçmədi ki, işıqları söndürdülər. Bəli, nə tələb, nə xahiş-minnət, bir sözlə, heç biri fayda vermədi. Mən, doğrusu,
vəziyyəti təsvir etmək, çatdırmaq üçün söz tapa bilmirəm. Bir nəfər dostum qayıtdı ki, biz hələ də bu hakimiyyətin əməllərinə təəccüblənirik, əslində isə belə də olmalı idi, burada təəccüblü heç nə yoxdur! Onunla tam razıyam. O, haqlı idi, biz təəccüblənməməli idik. Lakin bizim təəccübümüzün bir səbəbi vardı: biz normal, adi insanlarıq və hər şeyi normal insan məntiqi ilə, şüuru ilə yozmağa adət etmişik və bizim günahımız da deyil ki, hakimiyyət bütün sərhədləri, hətta normal məntiqin və psixologiyanın sərhədələrini çoxdan adlayıb keçib! Bu, ya qeyri-adi nifrətin təzahürüdür, ya da zorakılıq elə bir həddə gəlib çatıb ki, bunlar, yumşaq şəkildə desək, bizimlə zarafat edirlər!..
Əminəm ki, nə vaxtsa bu hakimiyyətin sonu çatacaq, özü də bu elə də uzaq gələcəkdə baş verməyəcək və o vaxt bu hakimiyyətin bəzi adamları ilə necə davranmaq məsələsi həll olunacaq. Bəlkə onda kimlərsə yenə də loyallıq və mülayimlik nümayiş etdirəcək. Lakin mənim fikrim budur ki, bunların indiyə qədər etdiklərinin bəraəti yoxdur! Ona görə də bir daha soruşuram: bunları bağışlamaq olarmı? Özüm də cavab verirəm: olmaz! Bu 18 ildə biz nələr və nələr çəkmişik? Bunu sözlə ifadə etmək mümkünsüzdür! Bilirsiniz, söhbət hakimiyyətdən və ya başqa bir şeydən getmir. Bunlar bizə ən kiçik şeylərdə belə güzəşt etməyiblər! Ən kiçik şeyləri belə bizə çox görüblər! Danışmaqla bitən deyil! Ona görə də sizi çox yormayacam. Sadəcə bir məsələni qısaca qeyd edəcəm: bizim mövcudluğumuz, bizim varlığımız bunlar üçün bir göz dağıdır! Bunlar bilir ki, biz hər an ayağa qalxa bilərik, hər an qüvvəyə çevrilə və qüvvə ola bilərik! Bunlar bundan qorxur. Bu 18 ildə nə qədər çalışdılar?!
Çox cəhd etdilər ki, bizim mövcudluğumuza, varlığımıza son qoysunlar. Elə bir zorakı üsul qalmayıb ki, sınaqdan keçirməsinlər! Amma faydasızdır! Biz hələ bundan sonra qüvvəyə çevriləcəyik, çünki əlahəzrət zaman bizimlədir!
Aksiya oldu və Rusiyanı böldü…
Mən də səbrsizliklə Rusiyadakı aksiyanı gözləyirdim. Bu aksiya bizə ən azı tendensiyanı hiss etdirməli idi. Indi ifrat böyük nəticələr üçün, eyforik çıxış və bəyanatlar üçün əsas yoxdur. Lakin mən bir tendensiyanı hiss edirəm və o da budur ki, Rusiya müxalifəti ayaq üstündə durmağa çalışır! Əslində son parlament seçkisi müxalifətin tamam-kamal olmadığını, siyasət səhnəsini tamam tərk etdiyini deməyə imkan vermir, çünki nəsə var! Bir neçə il öncə mən Q.Yavlinskinin müsahibəsini oxumuşdum. Müsahibəni oxudum və elə bil mənə bir anlığa belə gəldi ki, orada Azərbaycan haqqında danışırlar! Elə dərhal da barmağımı dişlədim: axı hər iki ölkə eynicə siyasi texnologiyalarla idarə olunur, onu faktiki olaraq eyni siyasi texnoloqlar idarə edir! Burada da təəccüblənməyə dəyərmi?.. Qərəz, Rusiya anlaşılan, ağılla dərk edilən ölkə olmaq istəyir. Müxalifətlə bağlı iradlarımı əvvəl yazmışdım. Ölkə müxalifəti öz davranışı və həyat tərzi ilə rus cəmiyyətini qabaqlayanda bunun siyasət üçün mümkün nəticələrini hesablamalı idi. Amma siyasi səhnədə yeni nəsil də görünməkdədir. Bu, gənclərdir. Ölkə müxalfətinin cəmiyyətin ortodoksal hissəsinin sayəsində formalaşmış obrazı – “elitar Harvard uşaqları” obrazı onları o qədər də qıcıqlandırmır, onlar özləri də Qərbə və qərbçiliyə biganə deyillər. Bəli, real mənzərə budur. Müxalifətin mobilliyi azca artsa, siyasətin hansı səmtə yönələcəyini demək çətin olacaq. Üstəlik, bir çox hallarda sadə kəmiyyət göstəriciləri deyil, kimin daha yaxşı təşkilatlanması məsələni həll edir…
Kiçik sözardı
Tədbirdən evə qayıdanda yolda “Nəsimi” filmindən bir epizodu xatırladım. Miranşah Dövlət bəyin başını onun nişanlısı Şəmsin qarşısına atır. Şəms də gözəl bir söz deyir: “Dövlət bəyin ölüsü də gözəldir!”… Mənə də elə gəldi ki, “Azadlıq” qəzeti qaranlıqda da gözəldir! Çünki o, özü IŞIQDIR!..