“Vəzifəli şəxslərin gəlir deklorasiyası təqdim etməsi haqqında” 2005-ci ildə qanun qəbul edildi və elə həmin il prezident Ilham Əliyev qanunun tətbiqi qaydaları ilə bağlı fərman imzaladı. Fərmanda dövlət başçısı vəzifəli şəxslərin gəlirlərinin deklorasiya qaydalarının müəyyən edilməsi ilə bağlı sənədlərin hazırlanması üçün Nazirlər Kabinetinə iki ay vaxt verdi. Qanunda vəzifəli şəxsin yalnız müvafiq orqan qarşısında hesabat verməsi və bu hesabatın ictimaiyyət üçün açıqlanmaması vurğulansa belə 6 il keçməsinə baxmayaraq, hələ də Nazirlər Kabineti sənədi prezidentə təqdim etməyib. Və etməyəcək də!
Səbəbləri də hər kəsə bəllidir. Bu qanun qəbul edilib işlədiyi təqdirdə YAP iqtidarının yuxarı eşelonunda oturan rüşvətxorların hamısı azadlıqla vidalaşmalı olacaqdı. Odur ki, Ilham Əliyevin imzaladağı qanunu arxivə atdılar.
Vəzifəli şəxslərin gəlir deklarasiyası heç vaxt gündəmdən çıxası deyil. Demokratiyanın elementlərindən biri də budur. Yaxın tarix sübut etdi ki, avtoritar rejimlərin başında dayananlar bu qanunun qüvvəyə minməsinə özləri maraqlı olmurlar. Nədən ki, avtoritar dövlət başçılarının hamısı korrupsiyanın və rüşvətin başında dayanır və elə ona görə də oturduqları ağacın budaqlarının kəsilməsinə mane olurlar. Ictimaiyyət onların gəlirlərindən yalnız qiyamdan, inqilabdan, vətəndaş müharibəsindən sonra xəbər tutur.
Misir xalqının Hüsnü Mübarəkin, liviyalıların Qəzzafinin, tunislilərin Bin Əlinin milyardlarından nə zaman xəbəri oldu? Indi bu sualın cavabını bilməyən yoxdur.
Əsla istəməzdim ki, bizim xalq da başında dayananların var-dövləti barədə bilgini misirlilər, liviyalılar və tunislilər kimi əldə etsin.
Sivil Qərbin istənilən ölkəsində vətəndaşın maraq etdiyi dövlət məmurunun gəliri barədə məlumat almaq hüququ var. Vətəndaş bu informasiya ilə ölkənin sükanının təmiz əllərdə olub-olmadığını, dövlətin kimə etibar edildiyini öyrənir. (Yeri gəlmişkən, Ictimai Palatanın (IP) dekabr sessiyasında IP rəhbərlərinin və müxalifət liderlərinin gəlirlərini açıqlamasını təklif etdim və əminəm ki, bu açıqlama cəmiyyət üçün çox maraqlı olar. Cəmiyyətin hakimiyyətə iddiası olanların mal varlığı barədə bilgiyə sahib olmasının böyük önəmi var).
Azərbaycanda deklarasiya məsələsi kal armuda dönüb YAP iqtidarının böğazında qalıb. Baxmayaraq ki, rüşvətxor məmurlarının haram yolla qazandıqlarının minimum yüzdə doxsanı öz adlarına yox, onun-bunun adınadır, adlarına yazılmış o 10 faizin də açıqlanmasından qorxurlar.
Sovet dönəmində vəzifəli şəxslər maşınlarını, evlərini qohum-qardaşının, dost-tanışının adına qeydiyyata salırdılar.
Indi də bu ənənə davam edir. Nə qədər kasıbın, qaçqının, didərginin adına böyük obyektlər var Azərbaycanda. Sabah deklarasiya haqqında qanun qüvvəyə minsə, adına milyonlarla dollarlıq obyektlər yazdırılmış o “sahibkarların” taleyi necə olacaq?
Yadıma sovetlər dönəmində Azərbaycanın rayonlarının birində baş vermiş bir hadisə düşdü. Yazıram, siz də biləsiniz.
Ikiarvadlılığa icazə verilmədiyindən bir kolxoz sədri ZAQS-da ikinci arvadını subay əmisi oğlunun adına qeydiyyata saldırır. Kasıb oğlan kolxoz sədri işləyən və pulu başından aşan qohumuna etiraz edə bilmir. Pulunu alıb kolxoz sədrini çətinlikdən xilas edir. Aradan illər keçir və bu cavan oğlan evlənmək istəyir. Kəbinin kəsmirlər ki, sənin adına arvad var. Beləcə, kişi ömrünün sonuna qədər subay qalır.
Bir gün Azərbaycanda da deklarasiya qanunu hesab soracaq və o zaman adına bahalı obyektlər yazılanlar ömürlərinin sonuna qədər azadlıq üzünə məhrum qala bilər. Allah o günü göstərməsin, onsuz da çanaq hər zaman kasıbın başında çatlayır…