“Azadlıq”ın saytına yenə hücum oldu

Hücumun qarşısı alınıb, araşdırmalar aparılır

“Azadlıq” qəzetinin saytı növbəti dəfə haker hücumuna məruz qalıb. Hücum dekabrin 27-i gecə saat 2 radələrindən başlayıb və günün ikinci yarısından sonraya qədər davam edib.
Hücumun əsas məqsədi saytın bazasını dağıtmaq və lazımi parolları ələ keçirmək olub. Saytın təhlükəsizliyi ilə məşğul olan əməkdaşlarımız çətinliklə də olsa, hücumu dəf edə biliblər. Texniki dillə izah etsək, serverə “shell script” atılıb. Bu, haker hucumunun “sql injection” metodudur. Hücumu təşkil edənlər ”shell script” vasitəsilə saytın idarəetmə panelinə girişi əngəlləyə biliblər, amma parolu ələ keçirmək mümkün olmayıb. Mutəxəssislərimiz araşdırmaları davam etdirərək hücumun qarşısını ala və həmin ”shell script”i silə biliblər.
İlkin araşdırmalara görə hücumlar Türkiyə üzərindən təşkil olunub. Amma bu, hələ tam məlumat deyil. Mütəxəssislərimiz araşdırmalarını davam etdirirlər.

“Azadlıq”