Naxçıvanda AXCP fəalı həbs edildi

Partiyanın yerli şöbə sədrinin qardaşını şərləyib tutdular

Zeynal Bağırzadə dövlət əmlakını mənimsəməkdə ittiham olunur

 

AXCP-nin Naxçıvan şöbəsinin fəalı Zeynal Bağırzadə barəsində 3 aylıq həbs qərarı verilib. Bu barədə “Azadlıq”a onun qardaşı, AXCP-nin Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib.
Yaşar Bağırsoyun sözlərinə görə, qardaşı dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Onun sözlərinə görə, Zeynal Bağırzadə Çernobıl əlilidir və 1986-cı ildən təqaüd alır: “İndi deyirlər ki, Zeynal Çernobılda olmayıb, saxta yolla vəsiqə əldə edib və dövlət vəsaitini mənimsəyib”.

Yaşar Bağırsoy deyir ki, son vaxtlar qardaşının siyasi fəaliyyəti güclənib, o, İctimai Palatanın Naxçıvan şöbəsinin yaradılmasında aktiv iştirak edib: “Qardaşım uzun illərdir bu təqaüdü alır, əgər saxtadırsa, onda bunu araşdırmaq niyə məhz indi yada düşüb?”

Zeynal Bağırzadənin barəsində Naxçıvan şəhər prokurorluğunda CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəm), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi qaldırılıb. Naxçıvan şəhər məhkəməsi istintaq üçün zərurət sayaraq Zeynal Bağırzadənin 3 aylıq saxlanmasına qərar verib.

Hakim Mehman Dünyamalıyev hər hansı izah vermədən bu tipli məhkəmə baxışlarının qapalı keçirirldiyini əsas gətirərək jurnalistləri, müttəhimin yaxınlarını məhkəmə zalından çıxarıb. Naxçıvanda müqstəqil vəkil olmadığı üçün Z.Bağırzadə dövlət vəkililə təmin edilib. Naxçıvan hakimiyyəti Z.Bağırzadəni saxta sənədlər əsasında Çernobıl əlili kimi təqaüd almaqda ittiham edir. İttiham üzrə onu 1 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Z.Bağırzadə isə Çernobıl hadisələrində iştirak edib, əlillik almasını hər an sübut etməyə hazır olduğunu deyir. “Bu hadisə 1986-cı ildə baş verib, həmin zamandan mən təqaüd alıram, bir də nə oldu ki, bu məsələ nə az, nə çox üstündən 25 il keçdikədn sonra 2011-ci ildə yada düşdü?”-deyə Z.Bağırzadə qeyd edib. O, bütün baş verən qanunsuzluqların siyasi faəliyyəti və xüsusilə Ictimai Palatanın Naxçıvan bölməsinin təşkilindəki fəallığı ilə əlqələndirib.

Bu ilin yayında Nehrəm kəndinə su verilməməsinə qarşı etirazlarda və haqların qorunması uğrunda mübarizədə Z.Bağırzadə və AXCP Naxçıvan təşkilatının sədri olan qardaşı fəallıq ediblər, bunun nəticəsi olaraq bu şəxslər zorakılıqlara məruz qalıblar. Xatırladaq ki, Nehrəm hadisələri zamanı hər iki qardaş amansızlıqla döyülmüşdü.