Qorbaçov isə baş naziri dərhal istefa verməyə çağırdı
“Foreign Policy”: “Rusiyada vəziyyət bir günün içində dəyişə bilər”
Rusiyada dekabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə etirazlar davam edir. Rusiya müxalifətinin dekabrın 24-də Moskvanın Saxarov prospektində təşkil etdiyi mitinqə və etirazçıların səsləndirdiyi tələblərə ən müxtəlif səviyyələrdə reaksiyalar gəlib.
Saxarov prospektindəki mitinqə dəstək məktubu göndərən SSRI-nin sabiq rəhbəri Mixail Qorbaçov baş nazir Putini istefaya çağırıb. Qorbaçov Putinin tezliklə siyasi səhnədən getməli olduğunu bildirib. Qorbaçov “Exo Moskvı” radiosuna açıqlamasında son günlər ölkə daxilində keçirilən etiraz aksiyalarına toxunaraq deyib: “Mən Putinə indi hakimiyyətdən getməsini tövsiyə edirəm. Iki müddət prezident və baş nazir vəzifələrini tutub. Artıq yetər!”
Mixail Qorbaçov özünün 1991-ci ildə SSRI rəhbərliyindən istefa verməsini nümunə göstərərək, Putinin də onun yoluyla getməsinin lazım olduğunu və bununla da ölkədə sabitliyin qorunub saxlanması istiqamətində mühüm addım ata biləcəyini söyləyib. 1991-ci ildə vəzifəsindən getməsinə kənar qüvvələrin təsirinə dair iddialara toxunan Qorbaçov bunların əsassız olduğunu və hakimiyyətdən uzaqlaşmaq qərarını özü verdiyini deyib.
SSRI-nin son prezidenti dekabrın 4-də keçirilmiş seçkinin nəticələrini qəbul etmədiyini növbəti dəfə vurğulayıb. O, seçkinin nəticələrinə inanmayanların sayının getdikcə artdığını və bunun ölkədə ciddi kütləvi etiraz dalğasına çevrilə biləcəyini söyləyib. Qorbaçov Rusiya hakimiyyətini ölkəni çıxılmaz dalana sürükləməkdə ittiham edib.
Bundan başqa, Putinin prezidentliyi dönəmində onun iqtisadi məsələlər üzrə müşaviri olmuş Andrey Illarionov “Finam FM” radiosuna açıqlamasında bildirib ki, Rusiya hakimiyyəti kütləvi etirazların qarşısının alınması üçün radikal addımlar atmağı planlaşdırır. Illarionov rejimin atacağı radikal addımlar sırasında müxalifət liderlərinə qarşı sui-qəsd cəhdlərini, müxtəlif yerlərdə terror aktlarının törədilməsini, silahlı qarşıdurmaların təşkilini və bununla da ölkədə fövqəladə vəziyyət elan olunmasını da istisna etməyib.
Putinin keçmiş müşaviri 4 dekabr seçkilərinin nəticələrinə toxunaraq deyib ki, builki seçkilərdə qeydə alınmış pozuntular 2007 və 2008-ci illərdə baş tutmuş seçki saxtakarlıqlarından fərqlənməyib. Rusiya hakimiyyəti həmin illərdə keçirilən seçkilər zamanı da ciddi qanun pozuntularına yol verib. Lakin Rusiya cəmiyyəti həmin illərdən fərqli olaraq, bu dəfə saxtakarlıqlara daha sərt reaksiya verdi.
“Hakimiyyət etiraz aksiyalarında səsləndirilən tələblərə diqqət yetirməyə ehtiyac görmür. Kreml kosmetik dəyişikliklərdən başqa köklü islahatların keçirilməsində maraqlı deyil. Hökumət diqqətləri yayındırmaq üçün radikal təxribatlar törədəcək. Insanlar demokratiya və liberallaşma gözlədikləri halda, proseslər əksinə baş verəcək. Bunları tezliklə görəcəksiniz”, – deyə Andrey Illarionov bildirib.
Kremldən də seçki etirazlarına və 24 dekabr mitinqinə münasibət gəlib. Bir neçə gün əvvəl Prezident Administrasiyasının rəhbəri postuna təyin olunmuş Sergey Ivanov 10 və 24 dekabr tarixlərində keçirilən aksiyalarla bağlı mövqe bildirərkən deyib ki, etiraz aksiyalarına qatılan minlərlə insanın öz fikirlərini ifadə etməsi Rusiyada demokratiyanın mövcudluğundan xəbər verir. Ivanovun fikrincə, etirazçıların tələbləri qəbuledilməz olsa da, onların iradları nəzərə alınacaq.
Prezident Dmitri Medvedevin köməkçisi Arkadi Dvorkoviç isə keçmiş maliyyə naziri Aleksey Kudrinin yeni siyasi partiya yaradılması təklifinə müsbət yanaşdığını bildirib. Onun sözlərinı görə, ölkədə siyasi sistemin təkmilləşməsinə və yeni siyasi partiyaların meydana gəlməsinə ehtiyac var. Prezidentin köməkçisi yeni yaranacaq siyasi partiyada ölkənin bütün kəsimlərinin marağını ifadə edəcək qüvvələrin toplanmasının da vacibliyini vurğulayıb.
ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalı Rusiyadakı hadisələrlə bağlı məqalə dərc edib. Məqalədə tanınmış amerikalı tarixçi və diplomat Corc Kenanın fikirlərinə də istinad olunub: “Kennan təxminən 80 il əvvəl yazırdı: ”Rusiya dünyada mənəvi cəhətdən ən möhkəm ölkədən bir günün içində mənəviyyatı dağılmış ölkəyə çevrilə bilər”. Kennana inansaq, Rusiyada vəziyyət bir günün içində dəyişə bilər. Rusiyada xalqın və Kremlin gücü haqda da Kennanın öz fikirləri var. Kennan yazırdı ki, Kremlin gücü səbrli olmağında və gözləməyi bacarmağındadır. Rusiya xalqının gücü isə daha səbrli olmağında və daha çox gözləməyi bacarmağındadır”.
Elxan