İcbari sığorta: yeni qaydaların üstünlükləri…

Vətəndaşları razı salacaqmı?!

“İcbari sığortalar haqqında” qanunun icrasıyla bağlı mövzunu davam etdiririk. Müzakirələrin gedişi, müxtəlif peşə sahiblərilə söhbətimiz göstərdi ki, qanun tətbiq olunsa da, vətəndaşların maarifləndirilməci, məlumatlandırılması heç də yetərli deyil. Bunu nəzərə alıb “Atəşgah” sığorta şirkəti təftiş komissiyasının sədri Natiq Əmircanovla birlikdə oxucularımız üçün də maraqlı ola biləcək bəzi məsələlərə aydınlıq gətirməyə çalışdıq. Yeri gəlmişkən, “Atəşgah” sığorta fəaliyyəti göstərmək üçün lisenziya almış 6 şirkətdən biridir.

– Bir neçə gündür kütləvi informasiya vasitələrində “İcbari sığortalar haqqında” qanunun ciddi müzakirəsi gedir. Oxucularda da müəyyən bilgilər var, yeni qaydalarla bağlı bütün bu deyilənlərə sizin hansısa əlavələriniz var?

– Yeni qanun 4 icbari sığorta növünün aparılması qayda və şərtlərini müəyyən edib: 1) avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası, 2) daşınmaz əmlakın sığortası, 3) daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası, 4) sərnişinlərin sığortası.
Bunlardan hazırda birincisi, avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası daha çox müzakirə edilir. Gəlin, bu bunu söhbətimizdə şərti olaraq qısaca avto-məsuliyyət sığortası adlandıraq. Beynəlxalq praktikada bu cür sığortanın həm könüllü, həm də icbari formaları geniş yayılıb. Bu sığortanın aparılmasında əsas məqsəd nədir? Bu suala belə cavab vermək olar: Bildiyiniz kimi, avtomobil (onun istismarı) yüksək təhlükə mənbəyidir. Statistikaya görə, hər il sürücülərin təqsiri üzündən yol-nəqliyyat qəzaları nəticəsində ölkədə on minlərlə şəxsin əmlakına və ya sağlamlığına ciddi zərər dəyir, yüzlərlə insan həyatını itirir. Qanuna və adətlərə görə, təqsirkar sürücü dəyən zərəri ödəməlidir. Lakin bir qayda olaraq təqsirkar sürücünün bu cür zərəri ödəməyə ya imkanı, ya da “həvəsi” olmur ki, bu isə uzun sürən (bəzən real nəticəsi olmayan) məhkəmə və sair çəkişmələrə rəvac verir. Avto-məsuliyyət sığortasını əldə etməklə həm zərərvuranın, həm də zərərçəkənin ödənişlə bağlı problemi həll edilmiş olur.
Yeni icbari sığortanın əvvəlki – 1996-cı ildən tətbiq edilən icbari məsuliyyət sığortasından bir sıra üstünlükləri də var…

– Hansı üstünlüklərdir?

– Məsələn, birincisi, əvvəlki icbari sığorta ilə əmlaka dəyən zərərə görə maksimim 1000 manatadək, sağlamlığa dəyən zərərə görə isə maksimum 5000 min manatadək sığorta nəzərdə tutulduğu halda, yeni qanunla əmlaka və sağlamlığa görə müvafiq olaraq bu, 5000 və 50000 manatadək müəyyən edilib.
İkincisi, ilk dəfədir ki, bu sığortaya görə hətta zərər vurub hadisə yerindən qaçan və ya başqa səbəblərdən məlum olmayan avtomobillərin sağlamlığa vurduğu zərərə görə də sığorta ödənişinin verilməsi nəzərdə tutulur. Bu cür ödənişləri bu növ sığortanı həyata keçirən sığortaçıların təsis etdikləri İcbari Sığorta Bürosu ödəyir.
Üçüncüsü, əvvəlkindən fərqli olaraq indiki icbari sığortaya görə hətta sürücü hadisəni sərxoş vəziyyətdə və ya qəsdən törətsə belə, sığorta şirkəti zərəri ödəyir.

– Geniş yayılmış şikayətlər sığortaların ödənilməməsi ilə bağlıdır, bu barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik. Sığortalar nə vaxt ödənilmir?

– Sığorta münasibətləri müqavilə ilə müəyyən edilir. Müqavilə şərtləri ilə dəqiq müəyyənləşir ki, hansı hallar sığorta təminatı ilə əhatə edilir, hansı hallara isə belə bir təminat verilmir. Müqavilə şərtlərini könüllü sığorta növlərində sığorta şirkətləri, icbari sığorta növlərində isə qanun müəyyən edir. Sualınıza cavab olaraq imtinaların ən geniş yayılmış əsasları kimi, məsələn, avtomobilin sərxoş vəziyyətdə və ya sürücülük vəsiqəsi olmadan idarə edilməsi, hadisənin araşdırılmasına maneə göstərilməsi, hadisəni müvafiq orqanda, yəni yol polisi orqanlarında qeydə almaqdan boyun qaçırılması, sığortalının özünün və ya ailə üzlərinin avtomobilə bilərəkdən ziyan vurması və s. kimi halları göstərmək olar.

– Bunun səbəbi nədir? Müqavilə bağlanarkən şərtlər sığorta olunan tərəfə bildirilirmi? Ümumiyyətlə, müqavilədə tərəflərin məsuliyyəti məsələsində balans gözlənilirmi?

– Sığorta münasibətləri müqavilə ilə tənzimlənir, heç kim hansısa müqaviləni imzalamağa məcbur edilə bilməz. Şərtlər müqavilədə yazılıb, onu imzalamazdan əvvəl sadəcə oxumaq lazımdır. Müqaviləni oxuyan zaman hansısa suallar yaranırsa, bu barədə sığorta şirkətinə, onun nümayəndəsinə və ya işçisinə müraciət edilsə, əlavə izahatlar da verilə bilər. O ki qaldı balans məsələsinə, əlbəttə ki, bu, gözlənilir. Hər bir sığorta müqaviləsi qanunvericiliyin tələblərinə əsaslanır. Bu müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarəti isə Maliyyə Hazirliyinin Sığorta Həzarəti Xidməti həyata keçirir.

– Bəzi hallarda, daha doğrusu bu geniş yayılıb, müxtəlif bəhanələrlə sığorta verməkdən imtina olunur. Müraciətlərdən imtinaya ən çox nə səbəb olur?

– Mən, şəxsən belə hesab etmirəm, bu hal geniş yayıla bilər. İmtina bəhanəyə əsaslana bilməz. İmtina konkret müqavilə şərtinə, qanuna əsaslanmaqla müqavilədə göstərilən müddət ərzində yazılı formada verilə bilər. Əgər kimsə sığorta şirkətinin imtina qərarı ilə razı deyil və yaxud belə bir qərarı əsasız sayırsa, çəkinmədən Sığorta nəzarəti orqanına, məhkəməyə şikayət edə bilər. O ki qaldı geniş yayılmaq məsələsinə, buna aydınlıq gətirmək üçün gəlin statistikaya müraciət edək. Keçən il ərzində ölkədə yüz mindən çox hadisə üzrə 55 milyon sığorta ödənişi verilib. Amma həmin dövr ərzində təxminən 100 şikayət daxil olub. Yəni vəziyyət dediyiniz qədər də acınacaqlı deyil, məncə…

– Bəs dəyən ziyan, təmirin qiyməti necə müəyyənləşdirilir?

– Müxtəlif üsullarla müəyyənləşdirilə bilər. Ən geniş yayılan üsul müvafiq təmir müəssisəsinin verdiyi smeta-arayışa əsasən müəyyən etməkdir.

– Ödəniş necə olur, yəqin çoxlarını bu məsələ ciddi maraqlandırır. Bunun mexanizmini izah edərdiz…

– Bu, zərərçəkənə nəğd şəkildə və ya təmiri həyata keçirən müəssisəyə təmir haqqının ödənilməsi formasında aparıla bilər.

– Sığorta işçilərinin hadisə yerinə gec getdiklərindən şikayətlər var. Buna səbəb nədir? Ümumiyyətlə, hadisə yerinə getməklə bağlı hər hansı təlimat varmı, vaxt mənasında…

– Hadisə yerinə sığortaçının nümayəndələrinin gəlməsi ilə bağlı şərtlər də konkret müqavilədə göstərilir. Ən əsası odur ki, yol-nəqliyyat hadisəsi baş verdikdə iştirakçılar qanunvericiliyə müvafiq olaraq hadisə barədə DYP orqanlarına və sığorta şirkətinə məlumat verməli, hadisəni qeydiyyata aldırmalıdırlar. Əminəm ki, DYP əməkdaşları hadisəni qeydiyyata alana kimi sığortaçının nümayəndələri özlərini hadisə yerinə çatdıracaqlar. Bu, onların marağındadır. Yox, əgər hər hansı səbəbdən sığortaçının əməkdaşları gecikirlərsə və yaxud ümumiyyətlə, gələ bilmirlərsə, bunun sığorta olunanlara heç bir ziyanı ola bilməz, bir şərtlə ki, onlar hadisə barədə DYP-yə vaxtında müraciət edib, lazımi arayışları alsınlar.

Fizzə