Artıq oxucularımız “İcbari sığortalar haqqında” qanunun bu il dekabrın 16-dan icrasına başlandığından məlumatlıdır.
Bu barədə qəzetimizin ötən saylarında ətraflı xəbərlər vermişik.
Bir daha xatırladaq ki, yeni qaydalara əsasən, mülki məsuliyyətin icbari sığortası zamanı sığorta tarifinin məbləği avtomobilin növündən, onun gücündən (mühərrikin həcmindən), avtomobilin fərdi və ya hüquqi şəxsə məxsus olmasından, eləcə də sürücünün sığorta tarixçəsindən asılı olacaq. Sürücünün sığorta tarixçəsinin müəyyənləşdirilməsi üçün yeni qaydalarda onun əvvəllər törətdiyi qəzaların olub-olmadığını nəzərə alan Bonus-Malus sistemi tətbiq ediləcək.
Bu göstərici sürücünün əvvəlki dövrlərdə törətdiyi sığorta hadisələri nəzərə alınmaqla hesablanacaq. Sürücülərin təqsiri üzündən əvvəlki illərdə baş verən sığorta hadisələrinə görə, sürücülər risklik dərəcələrinə görə qruplara bölünəcək. Ən yüksək risk dərəcəsində (1-ci pillə) əmsal 3-ə, ən az risklik dərəcəsində (17-ci pillə) isə əmsal 0,45-ə bərabərdir.
Xatırladaq ki, sığorta haqqı maşının dəyərindən, ödənişin maksimal həddindən, sürücülük təcrübəsindən, sığortadan istifadə təcrübəsindən və başqa detallardan asılı olaraq müəyyənləşdirilir.
Dövlət Sığorta Nəzarəti Xidməti isə sığorta hadisəsi baş verdikdə mümkün olan ən qısa müddətdə sığortaçıya və Dövlət Yol Polisinə xəbər verməyi, hadisənin nəticələrini hər hansı vasitə (fotoaparat, telefon kamerası və s.) ilə qeyd etməyi məsləhət görür.
Onu da qeyd edək ki, sığorta şirkətləri Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sığorta fəaliyyətinə verilmiş lisenziyası əsasında fəaliyyət göstərir. Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyətdədir. Onlardan 3-ü həyat sığortası, qalan 25-i isə qeyri-həyat sığortası şirkətləridir. Bu şirkətlərdən bir çoxunun isə mənfi imicinin formalaşdığı kimsəyə sirr deyil. Bunu sığorta şirkətləri ilə vətəndaşlar arasındakı saysız məhkəmə çəkişmələri də təsdiqləyir. Yeni qanun sığorta şirkətlərinin qarşısına da tələblər qoyub: vətəndaşlara ödəməyə gücü çatdığını göstərə bilən, yəni yeni yaradılmış İcbari Sığorta Bürosunda akkreditasiyadan keçən şirkətlər sığorta müqaviləsi imzalamaq səlahiyyətində olacaq. Hazırda belə şirkətlərin sayı 6-dır.
Bəs yeni qaydaların gətirdiyi ən maraqlı və mühüm yenilik olan avtomobil sahiblərinin intizamına əsaslanan Bonus-Malus sistemi ilə sürücülər tanışdırmı? Onlar bu sistemin tətbiqinə necə yanaşır? Bu sistem sürücüləri qane edirmi? Şəhərdə kiçik bir araşdırma aparmaq qərarına gəldik. Düzdür, bəziləri sığorta adını eşidən kimi əl yelləyib danışmaqdan imtina etdi. Amma bizi dinləyən, dediklərimizə, sorğumuza səbrlə yanaşanlar, suallarımızı cavablandıranlar da oldu.
Söhbətləşdiyimiz sürücü Cahangir Əlibəyzadə yeni qanundan xəbərdar olduğunu deyir. O, hətta bu barədə detallarına qədər məlumatlı şəxsdir. Onun fikrincə, sığorta məbləği yüksəkdir. Eyni zamanda o, gərək olanda sığorta ala biləcəyinə şübhəylə yanaşır: “İnternetdən oxuyub tanış olmuşam, qəzetlərdə baxmışam, qaydaları bilirəm, amma heç də deyilən kimi olmur. Özümü intizamlı sürücü sayıram. Məsələn, bu il ərzində heç bir qayda pozuntusuna yol verməmişəm. Allaha şükür, qəza-filan da olmayıb. Mənim belə intizamlı olmağım nəzərə alınmayacaq. Yeni qaydalar gələn ildən tətbiq olunacaq. Açığı, inamım yoxdur, yaşayarıq, görərik”.
Gənc, dəliqanlı sürücü Adil Əliyev isə yeni qaydalar haqda eşitdiyini deyir. Onunla söhbətimiz zamanı bəlli oldu ki, Adil, demək olar, yeni qaydalardan xəbərsizdir. Ona Bonus-Malus sisteminin mahiyyətini başa salandan sonra bir qədər fikrə getdi. “Qaydaları çox pozuram, yeni qaydaların dili ilə desək, sığorta tarixçəm ürəkaçan deyil. Əzmişəm də, əziblər də, özü də dəfələrlə… Belə çıxır ki, bundan sonra daha ehtiyatlı olmalıyam. Bir tərəfdən baxanda yaxşıdır. Amma bu qaydalara əməl edib-etməyəcəyimi indidən deyə bilmərəm”.
Şəxsi maşınıyla taksi xidməti göstərən Hidayət Babayev yeni qaydalardan xəbərsizdir. Sığortası da var. Amma bu sığortanı 8-ci km-də yerləşən maşın bazarından alıb. “Bunu Yol Polisinə göstərmək üçün almışam. Arxasında heç nə dayanmadığını bilirəm. Bir dostum da ordan almışdı. Qəza törətdi, öz maşınına da, vurduğu maşına da ciddi ziyan dəydi. Heç bir sığorta ala bilmədi. Bütün xərci özü çəkdi. Bilmirəm necə olacaq, deyirlər artıq yeni qanun qüvvəyə minib, belə çıxır ki, bir azdan başlayacaqlar yoxlamağa. Sürücü yoldaşlarım indiki sığortada məbləğin artdığını deyirlər… Maşın bazarından hətta 5 manata da bu sənədi almaq olurdu. Cibimizə uyğundur də… Hardan bilək ki, bir şey olanda sığorta ala biləcəyik. Vallah, kasıb camaatın xeyrinə olan qanun görməmişik”.
Sürücülərin cavabından artıq icrasına başlanan qanunun özüylə xeyli problemlər gətirəcəyi görünür. Amma bu qanunun sığorta bazarının və sığorta şirkətlərinin inkişafına da səbəbkar olacağını düşünənlər var. Çünki sığortalılar daha çox pul ödədiklərindən sığorta şirkətlərindən ödədiklərinin qarşılığını almağa çalışacaqlar.
Fizzə


