Suriya diktatorunun Moskvaya sığınması planı Kreml ilə Ağ ev arasında razılaşdırılıb
Moskva Suriya diktatoru Bəşər Əsədə və onun ailə üzvlərinə sığınacaq, eləcə də həyatlarının təhlükəsizliyinə təminat verməyə hazırdır. Bu sensasion məlumatı Israilin “Maariv” qəzeti yayıb. Qəzetin yazdığına görə, Rusiya Əsəd rejiminin devrilməsilə bağlı ABŞ-la razılaşıb. Artıq Əsədin yerini tutacaq şəxs də müəyyən edilib. Əsəddən sonrakı aralıq dövr üçün vitse-prezident Fərrux Əşşərin Suriyaya rəhbərlik etməsi də ABŞ-la razılaşdırılıb.
“Maariv” yazır ki, ssenari Fərrux Əşşərin bu yaxınlarda Rusiyaya səfəri zamanı onunla müzakirə olunub. Iddialara görə, məlumatlarda Suriya vitse-prezidentinin Moskvaya səfərinin əsas səbəbi haqda heç nə deyilməsə də, əslində, məqsəd bu ssenarini müzakirə etmək olub. Ssenariyə əsasən, Fərrux Əşşər növbədənkənar parlament seçkilərinə qədər Suriyaya rəhbərlik etməlidir.
Ərəb Ölkələri Liqası müşahidəçilərinin səfəri ərəfəsində Suriyada daha 13 nəfər öldürülüb. Onlardan 3-nün uşaq olduğu bildirilir. Müxalifyönlü Yerli Koordinasiya Komitələri dekabrın 24-də Baba Əmr rayonunda, Homs, Deyr-əz-Zor, Hələb, Hama və Nava şəhərlərində hökumət qüvvələrilə müxaliflər arasında qarşıdurma yarandığını açıqlayıb. Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin Homs şəhərində binalara atəş açması nəticəsində 30 nəfər yaralanıb. 10 ev yandırılıb. Mərkəzi qərargahı Londonda yerləşən Suriya Insan Haqları Müşahidəçiləri Homs şəhəri yaxınlığındakı Baba Əmr rayonunda son iki gündə 124 nəfərin öldürüldüyünü bildirib.
Ötən gün Ərəb Ölkələri Liqasının ilk müşahidəçilər qrupu Suriyaya səfər edib. Birinci qrup 50 müşahidəçidən ibarət olub. Müxtəlif müxalifət qüvvələrini özündə birləşdirən Suriya Milli Şurası beynəlxalq müşahidəçiləri ilk növbədə Homs şəhərinə baş çəkməyə çağırıb. Şuranın bildirdiyinə görə, Homsda təhlükəsizlik qüvvələri hələ də rejim əleyhdarlarına qarşı silahlı mübarizəni davam etdirir.
Suriyanın xarici işlər naziri Valid əl-Muallim bəyan edib ki, son 9 ay ərzində ölkədə qan tökülməsinə görə məsuliyyət terror qruplaşmalarının üzərindədir.
Suriyaya beynəlxalq müşahidəçilərin buraxılması bu ölkədə zorakılığa son qoyulması planı çərçivəsində ilk addımdır. Plan Ərəb Ölkələri Liqası tərəfindən hazırlanıb və Suriya hökuməti müvafiq protokolu imzalayıb. Lakin Liqa ilkin olaraq, Suriyaya 500 müşahidəçinin göndərilməsini təklif etsə də, sonradan onların sayı 150-yə endirilib.
Informasiya şöbəsi