Rüstəm İbrahimbəyovun Forum formulu – siyasi dramaturgiyası

Düzünə qalsa, Rüstəm Ibrahimbəyovdan yazmağa dəyməz – böyük suç yiyəsi olduğuna görə. Avropanı demirəm. Demək, biz də yazmalıyıq. Ən azı, varlığımızı göstərmək, bizim də nələrdənsə başımız çıxdığını bəlirtmək üçün.

Forumdan başlayan teatr

Bugünlərdə R.Ibrahimbəyovun “Ibrus” teatrının (hələ bir teatrın adına baxın!) 10 illiyi oldu. On illik harda keçirilsə yaxşıdır? Moskvada! Mən bir azərbaycanlı passionar patriot olaraq bundan çox acıqlandım. Sən bu ölkənin çörəyini yeyib, suyunu içəsən, teatrının on illiyini gedib Moskvada keçirəsən! Demək, sən bu xalqı, bu hökuməti, bu dövləti sevmirsən. Demək, sən passionarlıq bir yana, saya patriot da deyilsən. Onda sən kimsən? Niyə bu ölkədə yaşayırsan? Axı, sənin bu ölkədə yaşamağa… lənət Şeytana, bilmirəm nə yazım. Bu ölkədə yaşamaq! BMT Azərbaycanı yaşamalı olmayan ölkələr sırasına qatıb. Qarabağ icmasının baş diplomatı Bayram Səfərov demiş, BMT kordi? – bu ölkədə krallar, narkobaronlar kimi yaşayanları görmür? Deyir:  “Azərbaycan yaşamalı ölkə deyil”. Anlamadım: qardaş, Azərbaycan yaşamalı ölkə deyilsə, bir belə adam burda necə yaşayır?! Bugünlərdə ABŞ dövlət katibi xanım Klinton da Azərbaycandan danışdı. Azərbaycanı Afrikanın ən despotik ölkəsi olan Zimbabve ilə bir tutdu. Ən başlıcası, Azərbaycanın adını Zimbabvedən qabaq da çəkmədi, sonra çəkdi. Görün bizi kim haralara – ağları qaralara – oxşadır. Sən bizə Zimbabveni – despot Robert Muqabeni – göstərirsən, biz də sənə ərini göstərərik: bilirik sənin ərin kim olub!
Ibrusun” on illiyinin Moskvada keçirilməyi ilə bağlı Rusiya qəzetləri nələr yazmadılar! Azərbaycan hökumətinin (daha doğrusu, Əliyevlər hakimiyyətinin) R.Ibrahimbəyova düşməncəsinə yanaşmasından tutmuş, onun teatrına indiyədək bir manat da pul ayırmamasınadək. Görünür, bizim Mədəniyyət nazirliyinin necə yararsız olduğunu, mədəniyyətə yaramazcasına sayğısızlıq göstərdiyini açıb-ağartmaq, lap elə əliyevçi rejimin baş kulturtregeri Əbülfəs Qarayevi gözdən salmaq üçün Rusiya Mədəniyyət nazirliyinin R.Ibrahimbəyova, onun teatrına qayğısından, sayğısından ayrıca vurğuyla yazdılar.
Mən bir passionar patriot olaraq, Rusiya mediasının bizim hökumətlə bağlı başlıca qınağının üstündən dinməz ötə bilmərəm. Bəlli olduğu kimi, “Ibrus” R.Ibrahimbəyovun özəl teatrıdır. Deyək, Zülfüqarlı qardaşlarının özəl, hamıya bəlli Poladtökmə zavodu kimi. Zülfüqarlı qardaşları, bəlli olduğu kimi, gəlirlərinin düz 80 faizini hər ay göstərilən adresə çatdırırdı. Sonra tanınmış bir administrator-filosof buna da durmadı. Onun yaraqlıları gedib özəl zavodu daha ÖZƏL elədilər. Bitdi, qurtardı! Rüstəm Ibrahimbəyov özəl teatrının qazancından hələ indiyədək bu hakimiyyət adamlarına bircə manat da dolya verməyib, hakimiyyətdən pul-yardım umur. Deyilənə görə (görməmişəm, bilmirəm), o, Şamaxıdakı bağında yetişdirdiyi elitar üzüm sortlarından gözəl çaxır da düzəldir. Sizcə, hökumət bundan ötrü də ona yardım eləməli, pul verməlidir? Ağ eləməyin, siz Allah! Xalq yoxsulluq içində itib-batırkən hökumət Rüstəm Ibrahimbəyova, onun teatrına yardımda bulunmalıymış! Hələ klassik personajlarımızın birinin dediyi kimi, şərab istemal elədiyinə görə də ona yardım olunmalıymış. Üstəlik, biz onun o şərabı haralara daşıdığını, kimlərlə içdiyini də bilmirik.

Oskar ödülçüsü

Hələ mən onun (sözsüz, Rüstəm Ibrahimbəyovun!) Oskar ödülü almağlığını demirəm. Bəlkə də, onu bir belə ayaqlandıran bu ödüldür. Yoxsa belə, duyğusal, ilginc bir dönəmdə hakimiyyəti gözdən salmağa yönəlmiş bildirgələrlə çıxış eləmək, Ziyalılar forumu keçirmək – bütün bunlar indilikdə ağlasığmaz görsənişlərdir. Açıq deyirəm: bu ağılsızlığın kökü xeyli uzaqlara gedib çıxır. Bildiyimiz kimi, R.Ibrahimbəyov da Anar kimi (iraq olsun!) Sovet dönəminin altmışıncılarındandı. Anardan öyrənsəydi, indi bu adam da bizim ölkənin ən sayılıb-seçilən, ən urvatlı yazarlarından olardı. Anardan öyrənsəydi, o da “o” illərdə “Yaxşı padşahın nağılını”, indi isə “Qalib gəldi, qalib getdi” yazardı. Sonra da “xalq yazıçısı” olardı, görəv, prezident təqaüdü alardı. Üstəlik, çeşidli-çeşidli orden-medallar. Bu isə durar-tutmaz, birdən-birə gedib Oskar alıb. Heydər Əliyev ödülü, “Şöhrət” ordeni, “Istiqlal” medalı almadan gedib Oskar ödülü almaq! Dəhşət! Min dəhşət!!
Hələ onun hakimiyyətlə bağlı dedikləri! Görün o, əliyevçi rejimin yürütdüyü siyasətlə bağlı nə deyir: “Ölkədə 30-cu illərin atmosferi yaşanır”. Kimsə elə bilər burada bizim indiki rejimə bağlı uğurlu gələcəyimizdən, 21-ci yüzilin 30-cu illərindən danışılır. Elə olsaydı, nə vardı! Bu adam ötən yüzilin 30-cu illərini, stalinçi amansız repressiya çağlarını yada salır. Bunun dediyinə gərə, biz indi o illəri yaşayırq. Bəlkə də, elədi, mən bilmirəm; düzü, mən o illərdən çox-çox sonra doğulmuşam. Buna görə, sözsüz, özümü ata-anama borclu sayıram.
Görün hələ o, indiki hakimiyyəti necə xarakterizə eləyir: “Kommunist nomenklaturasından qalma aşağı səviyyəli adamlar indi külli-ixtiyar yiyəsi olublar. Onlar özləri kimilərini müxtəlif qaranlıq üsullarla ( sözə baxın, siz allah, ”müxtəlif qaranlıq üsullarla”, elə bil hansısa Afrika ölkəsindən danışır!) korrupsiya, yerlibazlıq yoluyla yuxarı dartırlar. Bu yolla yaranan elita isə keyfiyyətli ola bilməz”. Sən bizim Oskar ödülçümüzə bax: 18 ilin hakimiyyətinə “keyfiyyətsiz” damğası vurur – Heydər Əliyev-Ramiz Mehdiyev rejiminə; elə bil Qəzzafi, Antibəşər rejimindən danışır. Doğrudan da, adamda patriotizm olmayanda Oskar yox e, lap Nobel ödülü də alsa, gərəksizdi.
Nobel dedim, yadıma akademik Rafiq Əliyev düşdü. Bizimkilər indi onun Nobel ödülü alacağından çox yazırlar. Ay yazıqlar, sən bu hakimiyyətin başlıca ödülünü, orden-medalını almamısansa, kimdi sənin o Nobel ödülünü bu ölkədə LEGITIM sayan?! Ode, çıxardılar kafedra başqanlığından. Indi çox yazırlar: M.Abel BDU-da 20-dək KAFEDRANI “ölü canlara” tapşırıb. Bunlar gəlib Qoqol-moqol olublar! M.Abelin taktikası Çiçikovun taktikasından ayrıdır. Düzdür, oxşarlıq var, ancaq lap çox da yox. Sözü gedən bütün kafedralar başqa kafedralar kimi gözətim (nəzarət) altındadır. Başqa kafedralar kimi o kafedralarda da pullar çağındaca yığılıb gərəyincə yerbəyer edilir. Başqa kafedralar kimi (hələ onlardan da artıq) o kafedraların müəllim-professor kontingenti yuxarıdan ötürülən istənilən kağızı qollamağa, istənilən Rafiq Əliyevin, istənilən Rüstəm Ibrahimbəyovun qarşısına rəhmətlik Aleksandr Matrosovsayağı çıxmağa hazırdır. Başqa cür desək, “Vseqda qotov!”.
Yazını bizim Oskar ödülçümüzün siyasi dramaturgiyasından bir alıntı ilə bitirirəm. Qoy xalq özü görsün Oskar kimi önəmli bir ödülü kimlərə verirlər: “Siyasətdən uzağam. Ancaq bir yurddaş kimi baş verənləri görəndə susa bilmirəm – bizim fəlakətə doğru getdiyimizi gördüyümə görə! Korrupsiya ilə çarpışma komissiyasının başçısı (R.Mehdiyev. – red.) bu sistemi (korrupsiya sistemini. – red.) yaradanlardan biridir. Bu, korrupsiyanı necə aradan qaldıracaq? – özü-özüylə çarpışma aparacaq?!”. Siz bir düşmənçiliyə baxın: ölkədə bir belə NEFT çıxarılır; Bakıda bunca GÖYDƏLƏN tikilir; bolluqdan Kür daşır; ölkə başçısı Belorus diktatoruna 300 milyon manat pul bağışlayır; rejimin lobbiçiliyi üçün milyonlar səpələyir; Bakının səki köbələri, yol qıraqları dəyişdirilib mərmərləşdirilir; polisin, prokurorluğun, məhkəmənin donluğu durmadan artırılır… bu isə bizə “fəlakətə doğru getdiyimizdən” danışır. Bu da bunun “Ibrus” teatrı, Oskar ödülü… Görəsən, modern, yoxsa, postmodern?! Eləcə də, görəsən, Sovet, yoxsa, postSovet?!