Rüfət

Həbsdəki onlarla gəncimizdən biri. Sabah o da doğum gününü həbsxanada qarşılayacaq.

Mənsə onun haqqında Ilham Əliyevin doğum günündə yazıram. Vaxt vardı Ilham Əliyev haqqında “gənc” sözünü tez-tez işlədirdilər, guya gənc olmaq hakimiyyəti dədə kürkü kimi atadan təhvil almağa, monarxiya qaydaları ilə ona yiyələnməyə bəraət qazandırır.
O isə sübut etdi ki, yaşca gənc olmaq hələ heç nəyi həll etmir. Önəmli olan başca da, təfəkkürcə də gənc olmaqdır. Başca, təfəkkürcə gənc olmadıqda isə ortaya XXI əsrdə kral olmaq, ömürlük prezidentlik eşqinə düşmək kimi zərərli cəhdlər çıxır.
Mən Rüfəti yaxından tanımasam da, sadəcə, ayrı-ayrı tədbirlərdə, etiraz aksiyalarında görsəm, yaşca bir gənc olduğunu bilsəm də, əslində, bu gün – Əliyevlərin Azərbaycanında dəmir barmaqlıqlar ardına göndərilməsi onun haqqında çox şey deyir. Yalnız yaşca deyil, ruhca da, başca da gənc olmasını göstərir. Ancaq bu, onu Azərbaycanın monarxiyaya, despotizmə götürülməsinə qarşı mübarizənin önündə dayanmağa məcbur edərdi.
Rüfət haqqında iki epizodu mütləq xatırlatmalıyam. Bunlardan biri onun Cümhuriyyət dəyərlərinə bağlı bir ailədə yetişməsi ilə bağlıdır. Rüfətin atası, respublikaçılığa, Cümhuriyyətə bütün varlığı ilə nifrət edən, onu unutdurmağa çalışan rejimin Rəsulzadənin Ağcabədidə torpağın altına basdırdığı büstünü düz bir illik qazıntılardan sonra tapdı, üzə çıxardı. Indi də həmin büstü öz evində göz bəbəyi kimi saxlayır. Belə bir əxlaqın daşıyıcısı olan ailədə Rəsulzadənin bizlərə ən böyük əmanəti olan Cümhuriyyət dəyərləri uğrunda həbsə düşməyi belə, göz önünə alan bir gəncin yetişməsindən təbii, məntiqə və qanunauyğun nə var?
Rüfətlə bağlı ikinci maraqlı məqam onun səhhətindəki çoxsaylı problemlərə baxmayaraq, məhkəmədəki dik duruşu, indi isə məhbəsdə davam edən əzmi, mətanətidir. Bəli, insanın ruhu, təfəkkürü sağlam olanda o, ən ağır şərtlər altında belə, fiziki ağrıların öhdəsindən ləyaqətlə gələ bilir, məmləkəti idarə edən xəstə təfəkkürü, şikəst zehniyyəti utandıra bilir.
Bu gün Rüfət və neçə-neçə dostu dəmir barmaqlıqlar ardından belə, mübarizəmizə ruh verməkdə, güc qatmaqdadır. Əliyev rejimi onları həbsə atmaqla Azərbaycanın yeni yetişən nəslinin, ölkənin hara getdiyin anlayan və bununla barışmayan gəncliyini qorxudacağını düşünürdü. Amma Əli Kərimlinin gənclərlə son görüşü də sübut etdi ki, heç bir repressiya, heç bir basqı yeni nəsli qorxutmaq, mübarizədən çəkindirmək üçün yetərli deyil. Sıralarımıza yeni Rüfətlər, Cabbarlar, Turallar, Əhədlər, Elnurlar qoşulmağa davam edir. Bu, Azərbaycanın gələcəyinə ümidləri artırır. Mübarizəmizin dönməzliyinə və uğrunda çarpışdığımız dəyərlərin təntənəsinə inamı möhkəmləndirir.
Rüfəti doğum günündə buradan bağrımıza basır, ona və həbsdəki bütün dostlarımıza salamlarımızı çatdırırıq. Onlar tarix yaradırlar. Onların sayəsində qaranlığın bağrı yarılır və tariximiz daha da işıqlanır.
Gələcək bizimdir, dostlar!
Isa Qəmbərin o sözləri…
Fazil Qəzənfəroğlu təzə-təzə yolun altını-üstünü əkməyə, Ramiz Mehdiyevin ağzı ilə danışmağa başlayanda tez-tez təkrarladığı bir cümlə vardı: “Azərbaycan yalnız ağ və qara rənglərdən ibarət deyil”.
Indi eyni cümləni keçmiş siyasi məhbus Eynulla Fətullayevdən eşidirik. Mənimsə yadıma Fazil Qəzənfəroğlunun o cümləni dilində əzbər elədiyi vaxtlarda Isa Qəmbərin ona cavab olaraq dediyi sözlər düşür: “Əlbəttə, biz unutmuruq ki, Azərbaycanda boz rəng də var”.
Düzəliş
Dünənki yazımın son cümləsi ora texniki xəta ucbatından düşmüşdür və gec də olsa, bunu nəzərə almanıza çox sevinərdim.