“O doğru deyil ki, yüksək prinsipli insanlar siyasət üçün deyillər…”

Bu həftə yer üzündəki ən ləyaqətli ideya adamlarından biri – Vatslav Havel vəfat etdi. Çexiyanın ən fədakar dissidenti, prezidenti və insan hüquqları mübarizi. Yazıçı, maraqlı dram əsərlərinin müəllifi. Bütün həyatını azadlıq ideallarına həsr etmiş, ağır sınaqlardan, həbsxanalardan keçmiş bir insan. Praqada nüfuzlu bir ailənin oğlu, atası zəngin iş adamı, anası ziyalı bir xanım…
“Onun adı dünya siyasətinin hansı səhifələrində yer alır?”-sualının cavabını öz sözləriylə daha düzgün ifadə etmək olar. “O doğru deyil ki, yüksək prinsipli insanlar siyasət üçün deyillər. O doğru deyil ki, siyasətdə yalnız qəddar, abırsız, özündənrazı, lovğa və fitnəkar adamlar uğur qazana bilərlər. Belə insanlar təbii ki, siyasətə cəlb olunurlar. Amma sonda ziyalılığın və gözəl əxlaqın hər şeydən yüksək olduğu meydana çıxır”. Bəli, o, dünya siyasətinə ən yüksək əxlaqi dəyərlər gətirən azsaylı şəxsiyyətlər sırasında dayanıb hər zaman. Siyasət zirvəsinə gedən yolun mütləq mənada çirkabdan keçdiyini düşünənlərin arqumentini yerə vuran misilsiz bir örnək olub.
Keçmiş sistemin yaratdığı naqisliklərin təmizlənməsi yolunu birbaşa insan mənəviyyatının təmizlənməsindən keçdiyinə inanan Havel deyirdi: “Biz çirklənmiş mühitdə yaşayırıq. Biz mənəvi xəstəyik, çünki düşündüyümüzdən fərqli şeylər danışmağa öyrəşmişik”.
Tanrı ondan heç nəyi əsirgəməmişdi – yaradıcı istedad, gözəl sənət zövqü, siyasi bacarıq, yüksək əxlaq… Onun üçün xalqların azadlıq mübarizəsinə töhfə verən hər bir insan qiymətli idi. Prezidentliyi dövründə inqilab ruhlu musiqisinə heyran olduğu rokçu Frank Zappanı Amerikadan ölkəsinə gətirmişdi. Məşhur musiqiçinin xidmətlərini unutmamış, onu Mədəniyyət məsələləri üzrə səfir təyin etmişdi.
O, həyatı boyunca bir ölkə və bir xalq üçün deyil, bütünlükdə insanlıq üçün doğulduğunu öz əməlləriylə sübuta yetirdi. Dünyanın hər yerində öz hüquqları və azadlığı uğrunda savaşan insanların yanında oldu. Son illər səhhəti yerində deyildi. Birinci həyat yoldaşı dissident yazıçı Olqa Havlova 1996-cı ildə xərçəngdən vəfat edən zamanlarda Havel özü də bu xəstəlikdən müalicə olunurdu. Həmin il həkimlər onun sağ ağciyərinin yarısını kəsib götürmüşdülər. Yaxın dostu Timoti Qarton Eş yazırdı: “O, iş üzündən özünü öldürməyə yaxın idi. O, bir neçə dəfə beləcə ölümə lap yaxınlaşmışdı…”.
Havel haqqında illər öncə böyük bir yazı yazmışdım. Bizim ruhumuza yaxın, mübarizəmizə bir örnək insan olduğunu hər kəsə anlatmaq üçün… Bu günlərdə də “Gücsüzlərin gücü” adlı essesini oxuyub tamamlamışdım. Yaşadığımız cəmiyyəti tam olduğu kimi təsvir etmişdi, bütün çirkinlikləri gözləriylə görmüş kimi. Təbii, eyni sistemdə yaşamış xalqların taleyi nəylə fərqlənirdi ki…
“Biz hamımız totalitar sistemə öyrəşmiş və onun dəyişməz olduğunu qəbul etməklə əslində bu sistemin möhkəmlənməsinə yardım göstərmişik. Başqa sözlə, biz hamımız – bu və ya başqa dərəcədə – totalitarizm mexanizminin fəaliyyəti üçün məsuliyyət daşıyırıq. Biz ancaq onun qurbanı deyilik. Biz həm də onun yeni yaradıcılarıyıq” – deyirdi Vatslav Havel.
Bu gün, son mənzilə yola salındığı vaxtda yenidən onun haqqında yazmağı özümə borc bildim, bir insanlıq borcu. Çünki o, əvvəlindən sonuna kimi insanlığın xidmətində dayanmışdı.