O, bənzərsiz bir sənət fədaisi idi

Korifeylər arasında “böyüdü”

Ağasadıq Gəraybəylinin  adı Azərbaycan teatr və kino sənətinə qızıl hərflərlə yazılıb. Milli teatrımızın fədailərindən biri olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyəti böyük bir səlnaməni xatırladır. O, öz fəaliyyəti dövründə 200 müxtəlif rolda səhnəyə çıxıb.
Ağasadıq Gəraybəyli ömrünün ixtiyar çağında da ötən günlərini tez-tez xatırlayar və deyərdi: “1897-ci ildə, Novruz bayramı öncəsi Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə ”gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımız imdadıma yetişdi. Indi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə züryət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görürdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. Ilk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. Ilk oxucularından biri də mən olmuşam”.
Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəyovun adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. Deyərdi: “Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin ”Ölülər” pyesində kefli Isgəndərin monoluqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə bir otaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: “Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”.
Ağasadıq Gəraybəyli 1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağayarın köməyi ilə səhnəyə çıxıb. Professional səhnəyə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən başlayıb.
Kinodakı unudulmaz rollar
Kino sənətinə də 1920-ci illərdən çəkilməyə başlayıb. Ilk dəfə “Qız qalası” səssiz filmində (Əyan) epizodik obrazını oynayıb. Sonra “Hacı Qara”da Əsgər bəy rolunu oynayır. Cəfər Cabbarlı “Sevil” filmində Balaş rolunu məhz ona həvalə edir. Ağasadıq Gəraybəyli 1916-cı ildə Politexnik Məktəbinə daxil olan vaxtlardan Cəfər Cabbarlı ilə tanış olur. Sonralar aktyor Tənqid və Təbliğ Teatrından Akademik Milli Dram Teatrına keçir. Iyirminci ildən aktyor kimi Milli Dram Teatrının yenicə təşkil olunmuş truppasında çalışıb. Akademik teatrda daha çox faciəli rollara üstünlük verir. Bilinmir, bəlkə də, maraqlı alınıb. Amma inanmaq olmur ki, Ağasadıq Gəraybəylini gülüşsüz görəsən. Daha çox komik temporitmli aktyorun faciədə bütün bunları yığışdırması onun müsbət dəyərlərini göstərən vasitə ola bilər. “Iblis”, “Xəyyam”, “Səyavuş” (H.Cavid), “Qaçaqlar” (F. Şiller), Altunbay (“Od gəlini”, C. Cabbarlı), Lorensio (“Romeo və Cülyetta”, V.Şekspir), Knyaz Abrezov (“Canlı meyit”, L.Tolstoy) və neçə-neçə saymaqla bitməyən faciəli rollar. Maraqlı budur ki, aktyora həmişə baş qəhrəmanları həvalə ediblər. Faciəli obrazları da maraqlı və rəngarəng etməyi Ağasadıq Gəraybəyli bacarıb. Amma aktyor istedad sayəsində obrazlar da yarada bilib. Əsgər bəy və Naçalnik, Xan (“Hacı Qara”, “Lənkəran xanının vəziri”), Əliqulu və Mindilli (“Əliqulu evlənir”, “Nişanlı qız”), Ser Tobi (“On ikinci gecə”, V. Şekspir), Anton Antonoviç (“Müfəttiş”, N. V. Qoqol) və başqa komik rolları ilə aktyor öz məharətini nümayiş etdirib. Saymaqla bitməyən həm komik, faciəli, həm də dramatik rolları Ağasadıq Gəraybəylini tamaşaçılara tanıdıb və sevdirib. Ağasadıq Gəraybəylinin teatrdakı bu rollarını- Xosrov (“Fərhad və Şirin”), Ibrahim xan (“Vaqif”), Stalin (“Xanlar”) qeyd etməmək heç cür olmur. Vaxt ötdükcə, aktyor yaşa dolduqca kinoda da maraqlı obrazlarını yaradır və kinolentlərlə tarixdə bir nişan qoyur. Iran sərdarı (“Fətəli xan”), Sərdarov (“Qızmar günəş altında”), Rüstəm dayı (“Bizim məhəllənin uşaqları”), Jandarm (“Ulduzlar sönmür”) filmlərində elə də maraqlı obrazlar yaratmır. Amma iki filmi əldə dəstəvuz edib demək olar ki, Ağasadıq Gəraybəyli kino sənətində də az iş görmədi. Bu iki film “O olmasın, bu olsun” (Rüstəm bəy) və “Bəxtiyar”dır. Bu obrazlar kino sənətində kifayət qədər geniş tamaşaçı kütləsini özünə cəlb etdi və sevdirdi. “O olmasın, bu olsun” filmindəki Rüstəm bəy elə bil onun genetik prototipidir. Iç dünyasının qaranlıq nöqtəsində gizlənən obrazıdır. Ümumiyyətlə, obrazlarının əksəriyyətində onun genetik səcərəsi açıq-aşkar görsənir. Rüstəm bəyin daxilində bir kişilik yatır. Onun ifadəlirində iradəsiz adam xarakteri duyulur. Amma o, bəydir, əsilzadədir və xaraktercə güclü adamdır. Bütün bu keyfiyyətlərinə görə Rüstəm bəy, aktyor Ağasadıq Gəraybəyliyə borcludur. Rüstəm bəy dərin düşüncə və savadlı görünməsə də, onun irsən gələn bəy ədaları var ki, bu da hərəkətə, jestlərə, meyilli olan aktyorun ifa xüsusiyyətlərini açır.
“Bəxtiyar” filmində bu çeviklik Ağabalanın özünəməxsusluğu və işbazlığı kimi yozulur. Hər kəlməsi dəqiq tapılmış üz ifadəsi və jestlə müşayiət olunan Ağasadığın qəhrəmanı komik obraza çevrilir. Sözsüz ki, hərəkətə meyillilik, jest və mimikalardan istifadə, səssiz filmlərdən olan obraz üçün (Balaş, “Sevil”) xüsusilə vacib idi. Diqqət etmisinizsə, bu filmdə Ağasadıq Gəraybəylinin üzü “oynayır”. Tamaşaçılara təkcə süjeti izləmək qalır. Çünki ilk kadrlardan aktyor Balaşı tanıdır. Səssiz film olmasına baxmayaraq, “Sevil” təbiətcə çox enerjili və ehtiraslı aktyora görə səs-küylü bir film kimi baxılır. Bunu ona görə əminlikə demək olar ki, artıq “Sevil” mövzusunun yaratdığı hay-küy keçib gedib və bu gün filmə aktyor oyununun sərgisi kimi baxılır.
“Aktyorluq onun alın yazısıydı…”
Xalq şairi Səməd Vurğun yazıb: “Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”. Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: “Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi”. Xalq artisti, ömrünün 60-cı baharında dünyasını dəyişmiş Əliabbas Qədirov danışardı: “Institut bitirmək, ali təhsil almaq azdır. Həyat təcrübəsinin yerini heç bir diplom, kitab verməz. Ağasadıq Gəraybəyli bizim mənəvi müəllimimiz idi. Onun qədrini bildikcə özümüz də şöhrət zirvəsinə ucalırdıq”.
Unudulmaz sənətkar, sevilən aktyor haqqında xoş xatirələr çoxdur. Dünya şöhrətli ifaçı Rəşid Behbudov deyərdi: “Bəxtiyar” filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlər real təsvirlər təki baxılırdı”.
91 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. Ən böyük sevinci “O olmasın, bu olsun” filmində Rüstəm bəy rolunu oynamaq idi.
Aktyor Rüstəm bəy obrazının taleyini – həm keçmişini, həm də mövcud vəziyyətini olduqca inandırıcı yaradıb. Tanınmış teatr-kino xadimi Adil Isgəndərov dəfələrlə qeyd etmişdi: “Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.
Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdı. Məşhur müğənni Bülbüllə, xalq yazıçısı Mirzə Ibrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: “Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək”. Onun cavabı isə qısa oldu: “Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!”
Həyatın, zamanın bütün sınaqlarından üzü ağ çıxmış insan, dönə-dönə xatırlanan sənətkar, örnək olası ailə başçısı, sadiq, sədaqətli dost-sirdaş Ağasadıq Gəraybəyli xarakterik rolların bənzərsiz ifaçısı kimi daim yad olunur…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir