Ilin ən kədərli məktubunu Orxan Kərimov yazdı

Müdriklər deyib: dünyada sonuncu yaxşı adam qalana kimi yaşamaq olar. Bu dəyərli sözləri ölkələrə, nazirliklərə, idarələrə, ailələrə də aid etmək olar. Əlbəttə, xoşbəxt o insandır ki, o, ümidini bir yaxşı adama bağlayıb yaşamır. Hara baxır, kiminlə qarşılaşır, kimi tanıyır hamısı yaxşı adam olur. Amma təəssüf ki, BIZ-lər elə xoşbəxtlərdən deyilik. Tək ümidimiz bir-iki yaxşı adam olur hər yerdə, amma onları da məmləkətə, millətə çox görüb hər fürsətdə məhv edirlər. Ölkədəki dövlət idarələri o qədər çirkaba bulaşıb ki, qəlbi qara rəhbərlər divarları arasında nəfəs alan tək-tük saf, istedadlı, savadlı adamların da ziyasına dözə bilmir.

Dövlət idarələrində dəyərli insanların, savadlı kadrların soyqırımı başlayıb. Onları “naməlum obyektlər” işdən çıxardır, həbs etdirir və hətta öldürürlər. Uzağa getmək lazım deyil: uşağın da, böyüyün də yaxşı adam, peşəkar hərbiçi kimi tanıdığı general Rail Rzayevin varlığına divarlarına əsgərlərin qanı çilənən Müdafiə Nazirliyinin binası dözə bilmədi. General müəmmalı şəkildə qətlə yetirildi. Ölkədə “təmizlik” işləri aparan “bomj”lar akademik Rafiq Əliyevi Azərbaycan Dövlət Neft Akademiyasının divarlarına “yaraşdırmadılar”, dəyərli ziyalını işdən çıxartdılar. Üz-gözündən saflıq tökülən, damarlarından mərd bir kişinin, istedadlı şairin- Əli Kərimin qanı axan Orxan Kərimovun təmizliyinə Təhsil Nazirliyinin rüşvət qoxuyan divarları tab gətirmədi. Təhsildəki cinayətlərini ört- basdır etmək üçün quldurlar artıq səkkiz aya yaxındır Orxan bəyi Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma – passiv rüşvətxorluq) maddələri ilə zindana salıblar. Əslində isə bir dəfə də məktəb qapısından girməyən, məktəb zirzəmilərində gününü başa vuran uşaq da bilir ki, Orxan  Kərimovu – vəzifədən sui-istifadə etməmə, rüşvət almama” maddəsi ilə həbs ediblər. Bu günlərdə Orxan bəy həbsxanadan “Azadlıq” (20.12.2011) qəzetinə məktub yollayıb. O ürək ağrıdan, göz yaşardan məktuba “Ilin ən kədərli Məktubu” demək olar. Dəyərli qələm dostum Pərviz “Əli Kərimi ikinci dəfə öldürdülər” adlı köşəsində Orxan bəyin kədərli şeirə bənzəyən məktubunu elə hərtərəfli təhlil edib ki, ona göz yaşlarından başqa heç nə əlavə etmək olmur.
Yeri gəlmişkən, əziz şairimiz Əli Kərimin ciyərparası haqsız həbs olunandan sonra onun müdafiəsinə ancaq gənc yazarlar qalxdılar. O yazarlar ki, onlar dünyaya gəlməmişdən şair vəfat etmişdi. O yazarlar ki, onlar Əli Kərim şeirini ürəklərində sevirlər, pıçıltı ilə oxuyurlar. Çünki Əli Kərim ürəkləri fəth edən şairdir. Onun şeirləri ən çətin anlarda insanların ürək dostuna çevrilir, təsəlli verməyi bacarır. Təəssüf ki, Əli Kərim şeirindən hay-küylə danışanlar, onun dostu, sirdaşı olduğunu deyənlər, şairin günahsız yerə həbs olunan övladını pıçıltı ilə də müdafiə etməyə qorxdular. Orxan bəy demiş, ?sanki hansısa bir qatı terrorçunu? həbs ediblər. Indiki zamanda-ölkədə yaltaqlığın, qorxaqlığın tüğyan etdiyi bir vaxtda mərd bir OĞULUN müdafiəsinə qalxmağa hər “dost”un, hər kişinin, ağsaqqal sayılanın gücü, qeyrəti çatmaz. Kim bilir, bəlkə də Əli Kərimin müqəddəs ruhu qəlbi daşlar üçün bu misraları pıçıldayır: “Siz onun qədrini biləsiz deyə, bu cavan yaşında ölsünmü indi?”.
Ürəyindən əməliyyat olunan və müalicəyə ehtiyacı olan Orxan bəy məktubunda yazır: “Faktiki mən 7 aydır ki, ixtisaslaşmış tibbi yardım ala bilmirəm. Hüquqi dildə belə münasibətin yalnız bir adı var – işgəncə. Beynəlxalq konvensiyalara görə hətta hərbi əsirlərin tibbi yardım almaq hüququ var. Heç olmasa, Hippokratdan utansınlar”. Orxan bəy, Allahdan qorxmayanlar, Məhəmməd Əmin Rəsulzadə ideyalarına əməl etməyənlər, Əli Kərim poeziyasını duymayanlar, şəhidlərdən, millətdən utanmayanlar, Hippokratdan utanarmı?! Onların xəyanət etmədikləri, qorxduqları, utandıqları, qarşısında baş əydikləri, diz çökdükləri ancaq bir ad var – Heydər Əliyev! Onlar ulu öndərlərinə and içiblər ki, Azərbaycanda sonuncu yaxşı adamı çərlədənə kimi mübarizə aparacaqlar. Onların qanunlarında Hippokratın andını pozmaq olar, amma Yappokratın yox…
P.S. Orxan Kərimovun ürəyinə stend qoyulub. Əslində isə Təhsilin ürəyinə stend qoymaq lazımdır, daxili damarları çoxdan tutulub, ərp bağlayıb,  ən zəif döyüntülər də eşidilmir…