“Ziyalılar Forumunu içəridən parçalamaq istəyirdilər”

«Dünyada mənim alqışladığım proseslər gedir, ədalətin doğulmasına çox sevinirəm»

Rafiq Əliyev: «Institutda ikinci bir adam tapa bilməzdilər ki, işdən məndən sonra çıxsın»

 

Cəmi bir neçə saatlıq ünsiyyət kifayət edir ki, onun əsl ziyalı, əsl vətəndaş və ən başlıcası, əsl insan olduğuna əmin olasan. Saymaqla qurtarmayan elmi nailiyyətlərini, dünyanın nüfuzlu nəşrlərində yer alan saysız məqalələrini bir kənara qoysaq belə, Rafiq Əliyev ziyalı adını daşımağa layiq nadir şəxslərdəndir. Bu qiymətli ziyalıdan bəhs edən bir kitabda maraqlı bir fikrə rastladım: “Onun sadəliyi böyüklüyü qədərdir”. Mübaliğəsiz-filansız bu, həqiqətən də belədir… Rafiq müəllimə qonaq olub onun adı ətrafında gedən olaylardan tutmuş, ölkədəki ictimai-siyasi vəziyyətə qədər bir çox məsələlərlə bağlı söhbət etdik.

başlanğıcı ötən sayımızda

– Sizcə, bunu dərk edirlər?
– Mən düşünürəm ki, bu məsələ ilə iqtisadçılar, riyaziyyatçılar məşğul olmalıdır. Ümumiyyətlə, bir beyin mərkəzi olmalıdır. Qarabağ məsələsi niyə bu vəziyyətdədir? Qarabağa aid ayrıca bir institutumuz olmalı idi. Özü də humanitar institut yox. Bu dəqiqə dünyada ən qabaqcıl elm sahəsi konfliktologiyadır. Onlar da hamısı kompüter modelləşdirməsinə əsaslanır. Çünki yüz insanı bir yerə yığsan da, o faktorların hamısını uzlaşdıra bilməyəcək. Amma kompüter sistemlərində, xüsusən də super kompüter sistemlərində ən böyük problemləri araşdıra bilərsən. Dünya bu yolla gedir. Bizim universitetlərimiz necədirsə, elmimiz də elədir.

– Məlum olaylar zamanı Neft Akademiyasındakı rəhbər şəxslər, ayrı-ayrı rektorlar sizə intizamsız müəllim damğası vurmağa çalışdılar. Fikirlər də əsasən belə idi ki, kafedra müdiri işləmək üçün bütün iş saatını orada keçirmək lazımdır. Siz isə bu sistemə uyğunlaşa bilməmisiniz.
– Çox absurd bir ittihamdır. Əslində tam tərsinədir. Mən həmişə işə səhər 9-da gəlmişəm axşam 9-da çıxmışam. Yaxşı elmi kollektivim var. Oturub gec saatlara qədər işləyərdilər. Mənim də evə 9-dan tez gəldiyim yadıma gəlməz. Tam mübaliğəsiz deyirəm, institutda ikinci bir adam tapa bilməzdilər ki, işdən məndən sonra çıxsın. Bunların bütün əməlləri belədir.

– Deməli, göz görə-görə sizə böhtan atıblar.
– Bəs nə desinlər? Başqa şey yoxdu axı. Neft Akademiyasından bəzi professorlar, Akademiyadan da dörd nəfər yazıblar ki, Rafiq Əliyev yaxşı alim deyil. Zadə məktubunda mənimlə bağlı yazır ki, bu adam Nobel mükafatına namizəddir. Bunlar da belə deyir. Yəqin nəticə çıxarmaq asandır. Tək 2011-ci ildə mənim Almaniyada iki kitabım, xarici ölkələrdə çoxlu məqalələrim işıq üzü görüb. Məqalələrin üçü də dünyanın bir nömrəli jurnalında. Il ərzində bir beynəlxalq konfrans keçirmişəm. Konfransı da həmişə avqust ayına salıram ki, dərs vaxtına düşməsin. Bunlardan minnət götürməyim. Deməsinlər ki, dərsi atıb ezamiyyətə gedib. Builki konfransı da avqust ayına salmışam – Lissabonda olacaq. Hər bir şey yalan üzərində qurulub. O adamlara bircə şey deyəcəm. Bayaq dediyim xarici nəşrlərdə bircə məqalə çap etdirsinlər. Neft Akademiyasında bircə nəfər desin ki, istinadlı jurnalların birində bir məqaləsi çıxıb. Yaxud da o qol çəkən akademiklər desin. Deyə bilməzlər axı. Elm də bununla tanınır.

– Rafiq müəllim, Ictimai Palata ilə bağlı fikirləriniz maraqlı olardı. Sizcə, Azərbaycan üçün bu qədər çətin, mürəkkəb olan bir dövrdə Ziyalılar Forumu ilə Ictimai Palatanın səylərini birləşdirməsi nə dərəcədə faydalı olar? Son nəticədə hər iki qurumun niyyəti, hədəfi ölkədə demokratik dəyişikliklərə nail olmaqdır.
– Bir balaca düzəliş vermək istəyirəm – hədəflər müxtəlifdir. Ictimai Palata hakimiyyətə gəlmək istəyir və bu da onun tam haqqıdır. Dünyanın hər yerində siyasət bu cürdür. Amma Ziyalılar Forumunda hakimiyyət məsələsi qətiyyən yoxdur. Bu qurum ancaq və ancaq bufer rolunu oynayır. Ziyalılar Forumunun hazırkı məqsədi nəinki Ictimai Palata ilə, cəmiyyətin bütün kəsimləri ilə dialoqa gedib ümumi dil tapmaqdır. Iqtidarlı, Ictimai Palatalı, dini kəsimli. Dini kəsimə bu gün göstərilən münasibət doğru deyil.
Alimin gərək imanı olsun. Imansız alim ola bilməz. Din adamının da gərək elmi olsun. Ictimaiyyətin bütün kəsimləri arasında dialoqa alternativ yoxdur. Bunu nə qədər tez başa düşsək, o qədər çox udarıq. Bu proses nə qədər çox uzansa, o qədər çox uduzacağıq.

– Azərbaycanın daxilində haqq sözü deyənin, haqsızlığa etiraz edənin aqibəti bəllidir. Amma məsələ ondadır ki, bu gün beynəlxalq aləmdən gələn tənqidlərə də dözümsüz münasibət sərgilənir. Azərbaycandakı vəziyyəti öz hesabatlarında tənqid edən beynəlxalq qurumlar adətən, ya qərəzlilikdə ittiham olunur, ya da erməni lobbisinin təsiri altında fəaliyyət göstərməkdə…
– Dəyişmək ətaləti ilə bağlıdır. Dəyişmək istəmirlər. Dərs vaxtı bir tələbə mənə yaxınlaşdı ki, “Freedom House”un fikrinə münasibətiniz necədir, Azərbaycanı kəskin tənqid ediblər. Dedim onunla hesablaşmaq lazımdır. O, əks əlaqədir. Istənilən qərarı qəbul etmək, idarəetmə aktını həyata keçirmək üçün mütləq əks əlaqə olmalıdır. Ya heç olmasa sosioloji tədqiqatlar aparılmalıdır. Tədqiqat aparıb görməlisən ki, filan məsələ ilə bağlı insanların fikri necədir. Yaxud dünyanın fikri necədir. Bunlar isə bunu etmirlər. Ətalət böyükdür, amma dəyişəcəyik. Yaxşı olar ki, tez olsun. O qıcığa tez reaksiya verə bilək. Onu deyim ki, insanların şüurunda çox şey dəyişməyə başlayıb. Azərbaycan insanı çox istedadlıdır. Şekspirlə Hüseyn Cavidi müqayisə edəndə məni bir az qınayırlar. Bəlkə də bu, subyektiv fikirdir, mən Cavidi çox sevirəm. Mənə elə gəlir ki, Hüseyn Caviddə orijinallıq daha çoxdur. Bu yazığın elə bir mühiti olmayıb – bir Türkiyə, bir Azərbaycan. Şekspir isə bütün dünyaya çıxa bilib. Düzdür, bu gün də həmin vəziyyətdəyik. Milli şüur tam təşəkkül tapa bilmədi. O kollektiv oyunlarda da bir şey eləyə bilmirik. Nə edirik, bir az fərdi qaydada edirik. O haradan gəlir? Milli şüurun formalaşmamasından. Görünür, bunun üçün də vaxt lazımdır. Amma dünya gözləmir. Ola bilər ki, sistem bunu yüz ilə keçməli idi, amma elə məqam yetişir ki, bunu beş ilə keçmək lazım gəlir. Bax, indi həmin o məqamdır.

– Bu mənada “ərəb baharı” düşüncələrdə bir çevriliş edə bildi?
– Təbii ki…

– Çoxları düşünürdü ki, ərəb ölkələrində dəyişikliyin olması üçün hələ uzun illər lazımdır. Azərbaycanla da bağlı eyni şeyi düşünənlər var.
– Yox, mən belə düşünmürəm. Dünya sürətlə dəyişir. Biz bu sürətdən kənarda qalsaq, sivilizasiyanın kəndarında qalacağıq. Gərək biz də sürətlə dəyişək. Ola bilməz ki, Azərbaycan dəyişməsin, dəyişəcək. Təkrar edirəm, ən yaxşısı odur ki, islahatlar yolu ilə içimizdə dəyişək.

– Islahatlar istiqamətində hər hansı addım görürsünüz?
– Yox, hələ heç bir addım görmürəm. Mətbuatdan oxudum ki, hökumət müxalifətlə dialoqa getmək istəyir…

– Bu cür bəyanatlar adətən seçki ərəfəsi səslənir, amma sonra real bir nəticəsi olmur…
– Amma indi bir az başqa dövrdür. O ki mən deyirdim e, cəmiyyəti öyrənmək istəyirəm. Hamı məni qınayırdı ki, bu niyə danışmır. Mən cəmiyyətin mövqeyini bilmək istəyirdim. Indi də dünyanı öyrənmək lazımdır. Dünyada hansı siyasi proseslərin getdiyini bilmək, ona da uyğun hərəkət etmək lazımdır. Dünya bir-birinə o qədər qarışıb ki, kənarda qalmaq mümkün deyil. Buna uyğun da siyasi proseslər gedir. Mənim alqışladığım proseslər gedir. Bəzilərinin xoşu gəlmir, amma mən ədalətin doğulmasına çox sevinirəm.

– Sizin Neft Akademiyasından uzaqlaşdırılmanız ölkə gündəminin bir nömrəli məsələsinə çevrilmişdi. Həmin müddətdə hökumətdən sizinlə təmasa keçmək istəyənlər olmuşdumu? Adətən belə situasiyalarda kiminsə vasitəçiliyi ilə qabaqlayıcı söhbətlər olur və ya müəyyən vədlər verilir.
– Qətiyyən olmayıb belə bir şey.

– Yəqin sizi yaxşı tanıdıqları üçün cəhd belə, etmək istəməyiblər.
– Yazılarımda da yazmışam. Elə sizin qəzetə müsahibəmdə idi. Düzdür, başlığa bir qədər düz çıxarmamışdılar. Başlıq belə idi ki, “Mənə prezident də təsir edə bilməz”. Mən o sözü başqa kontekstdə demişdim. Demək istədiyim o idi ki, mənə belə vasitələrlə təsir etmək mümkün deyil. Bizim kafedrada 500-600 tələbənin oxuduğu Amerika-Almaniya proqramları var. Dünyasında ola bilməz ki, kimsə desin, filan tələbəyə filan qiyməti yaz. Lap övladım olsun, qardaşım olsun. Mən orada elə bir sistem qurmuşdum. Rüşvəti demirəm, o, ümumiyyətlə, mümkün deyil. Heç xahiş söhbəti yox idi. Necə Amerika, Almaniya eləcə də bura. Bəyəm Almaniyada kimdənsə xahiş edə bilərsən ki, buna artıq qiymət yaz? Ona görə demişdim ki, mənə heç kim təsir edə bilməz. Onu düz deyirsiniz ki, onlar da bilirlər kimə necə təsir etmək olar. Ona görə də mənimlə belə söhbətlər olmayıb.

– Bundan sonrakı ictimai fəaliyyətiniz nədən ibarət olacaq, yalnız Ziyalılar Forumu?
– Məqamı gələndə sözümü qəzetlərdə, mətbu orqanlarda deyəcəm. Ziyalılar Forumunda da cəmiyyəti düşündürən o ağrılı yerlərimizi göstərəcəyik. Ən əsası da, bacardığımız qədər çalışacağıq ki, bütün proseslərdə Ziyalılar Forumu bufer rolunu oynamağa çalışsın. Oradakı adamlar bir-birinin sözünü eşidən, bir-birinə hörmət edən adamlardır.

– Azərbaycanda, adətən, bu cür təşkilatlanmış, sözü bir olan qurumları daxildən parçalamağa çalışırlar. Biz bunu siyasi partiyaların təcrübəsində çox görmüşük. Kimlərisə satın alırlar, kimlərisə zərərsizləşdirirlər və s. Bəs, Ziyalılar Forumunu necə, sizinlə bağlı olaydan sonra çəkindirə bildilərmi, yoxsa forum bir az da sıx birləşdi?
– Tam əks reaksiya verdi. Həm cəmiyyətdə, həm Ziyalılar Forumunda. Mən düşünmürəm ki, onlar bunu gözləyirdilər. Bir kafedradan çıxmaq elə bir önəmli məsələ deyil. Məsələn, Zadə 40 il bundan əvvəl kafedrasını verib çıxıb. Burada söhbət vəzifədən getmir. Söhbət, ədalətdən, ziyalıdan gedir. Məsələn, bir kafedra müdiri işdən çıxıb, Azərbaycanın bütün siyasi partiyaları bəyanat verdi. Bir kafedra müdiri işdən çıxıb, Nardaran Ağsaqqallar Şurası bəyanat verdi. QHT-lərin hamısı reaksiya verdi. Düşünmürəm ki, onlar belə reaksiyaların olacağını gözləyirdilər. Ziyalılar Forumuna gəlincə, bu olay qurumu bir az da radikallaşdırdı. Baxmayaraq ki, onlar radikal adamlar deyillər. Bir az da, bir-birinə hörmət artdı. Onlar elə adamlardılar ki, dünyanın hər üzünü görüblər. Əkrəm Əylisli nəyi görməyib, ya Ramiz Rövşən nələri görməyib? Hər şeydən çıxmış adamlardılar. Amma sizə deyim ki, siz dediyiniz istiqamətdə çox çalışmalar oldu. Əvvəlcə içəridən parçalamaq istədilər. Hələ mənim hadisəmdən qabaq. Xüsusən Eldar Namazovun üstünə çox düşdülər. Sonra bir az Əkrəm Əylislinin üstünə düşdülər, sonra bir az o birisinin. Gördülər heç bir şey alınmır. Sonra fikirləşdilər ki, bəlkə bu yol gedər. Amma bu yol da birləşdirici yol oldu.

Gültəkin Knyazqızı