Moskvada yüzminlik mitinq keçirildi (VİDEO/FOTO)
Mitinqə sürpriz isimlər qatıldı; Qorbaçov müxalifətə dəstək verdi
Ötən gün Rusiyada 4 dekabr parlament seçkilərinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq, növbəti aksiyalar keçirilib. İlk aksiyalar Rusiyanın iri şəhərlərində baş tutub. Sankt-Peterburqda keçirilən mitinqə minlərlə müxalifət tərəfdarı qatılıb. Mitinqdə çıxış edən “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov bəyan edib ki, onlar Peterburqda və Həştərxanda keçirilən seçkilərin nəticələrini tanımırlar və ölkədə yenidən seçki keçirilməsini tələb edirlər.
Yeni parlament seçkisi tələbilə Vladivostokun Korabelnaya sahilində də mitinq keçirilib. Aksiya iştirakçılarından bəziləri baş nazir Vladimir Putini Rusiyanın növbəti prezidenti olmaqdan çəkinməyə çağıran şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Putinin məhkəməyə cəlb olunmasını tələb edib. Mitinqdə çıxış edənlər seçkinin nəticələrinin saxtalaşdırıldığını bir daha bəyan ediblər. Mitinq dinc şəraitdə baş tutub və həbs edilənlərin olmadığı bildirilir.
Regionlardan paytaxta dəstək
Altay muxtar vilayətinin mərkəzi Baranulda da 24 dərəcə şaxtaya baxmayaraq, səhər saatlarında iki etiraz aksiyası keçirilib. Aksiyada 200-ə qədər iştirakçı olub. Ağ lentlərlə şəhər merinin binası qarşısına toplaşan mitinq iştirakçıları şüarlar səsləndiriblər. Nümayişçilərin daha bir aksiyası Sovetlər meydanında keçirilib. Aksiya icazəsiz təşkil olunduğundan dağıdılıb. İki nəfərin saxlanıldığı xəbər verilir.
Novosibirskdə isə 30 dərəcə şaxtalı hava şəraitində keçirilən aksiyada mindən artıq insan iştirak edib. Bundan başqa, İrkutsk, Çita, Tomsk, Yekaterinburq və digər şəhərlərdə də aksiyalar baş tutub. Mitinq iştirakçıları 4 dekabr seçkilərinin nəticələrinin ləğvini və yeni seçki keçirilməsini tələb ediblər. Mitinqdə çıxış edənlər seçkinin nəticələrinin saxtalaşdırıldığını bir daha bəyan ediblər.
Moskvadakı prospektə 120 mindən çox Putin əleyhdarı toplaşdı
Ən izdihamlı etiraz aksiyası paytaxt Moskvanın Saxarov prospektində keçirilib. Rusiya müxalifətinin təşkil etdiyi aksiyaya “Ədalətli seçki naminə” adı verilib. Paytaxtda keçirilən ikinci böyük mitinqə 120 mindən çox etirazçı qatılıb. Aksiyadan öncə Saxarov prospektində və prospekt yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib. Əraziyə Daxili Qoşunların avtomobilləri, OMON və polis cəlb olunub. Prospektə gələn yollar bağlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya helikopterlərlə nəzarət ediblər.
Burada da iştirakçıların əsas tələbi seçkinin nəticələrinin ləğvi və siyasi dustaqların azadlığa buraxılması olub. Etirazçılar “Putinsiz Rusiya!”, “Putin, get!”, “Oğru Kremldə otura bilməz!” kimi şüarlar səsləndiriblər. SSRİ-nin son prezidenti Mixail Qorbaçov mitinqdə iştirak etməsə də, etirazçılara salam göndərərək, onları dəstəklədiyini bildirib.
“Soyuqdur, amma başlayırıq!”
Mitinqin açılışını ictimai fəal Vladimir Rıjkov edib. O, çıxışına “Soyuqdur, amma başlayırıq” cümləsilə başlayıb. Ona Olqa Romanov və Vasili Utkin yardım edib. Rıjkov dekabrın 10-da Bolotnaya meydanında keçirilən mitinqin tələblərini xatırladaraq, hökumətin yalnız bir tələbi – seçki sisteminin demokratikləşməsilə bağlı tələbi yerinə yetirəcəyinə dair söz verdiyini bildirib.
Daha sonra çıxış edən Boris Akunin deyib ki, hökumət narazı kütləni parçalamağa çalışır, lakin buna imkan verilməməlidir. Akunin hökuməti siyasi islahatlara dərhal start verməyə çağırıb.
Artyom Troiçki tribunaya əyninə “rezin qoruyucu” geyinərək çıxıb. O, geyindiyi qoruyucunu göstərək, “Putin xalqa qarşı bundan istifadə edir” deyib. Troiçkinin çıxışı birmənalı qarşılanmayıb. Bəzi aksiya iştirakçıları onu fitə basaraq, təhqirlərə yol verməməyə çağırıb.
Putinin sevimli naziri mitinqdə
Mitinqdə iştirakı gözlənilən keçmiş maliyyə naziri Aleksey Kudrin də aksiyaya qatılıb. Keçmiş maliyyə naziri çıxışında parlament seçkisinin nəticələrinin ədalətsiz olduğunu və seçkinin kütləvi saxtakarlıqlarla müşayiət olunduğunu deyib. O, MSK sədri Çurovu istefaya getməyə, hökuməti isə yeni seçki keçirməyə çağırıb.
Müxalif fəal Leonid Parfyonov bildirib ki, hökumət mitinqin daha izdihamlı alınmasına mane olmaq üçün internetdən, xüsusən də sosial şəbəkələrdən istifadəni məhdudlaşdırıb. Dmitri Bıkov çıxışında qeyd edib ki, vətəndaş həmrəyliyi olarsa, hakimiyyət geri çəkilmək məcburiyyətində qalacaq. Olqa Romanov Çexiya Respublikasının keçmiş prezidenti Havelin xatirəsinin yad olunması üçün 1 dəqiqəlik sükut elan edib.
Daha sonra səhnəyə gitara ifaçısı Aleksey Kortnev çıxıb. O, ölkənin sosial problemlərindən bəhs edən “Saşa şosse ilə gedir” mahnısını ifa edib. Müğənni ifasından sonra “Vıborı, vıborı – kandidatı pi..rı” şüarını səsləndirib.
Tribunaya qalxan Boris Nemtsov “Putini Kremlə buraxmayacağıq!”, “Oğru Kremldə oturmamalıdır!”, – deyə bəyan edib. Müxalifət lideri çıxışında “Putinsiz Yeni iliniz mübarək!” cümləsilə mitinqə toplaşanların qarşıdan gələn bayramını təbrik edib. O həmçinin məlumat verib ki, ədalətli seçki tələbilə növbəti mitinqlər gələn ilin fevralında keçiriləcək.
Mitinqdə çıxış etmək istəyən deputat İlya Ponomaryov nümayişçilərin etirazıyla üzləşib. Etirazçılar deputatdan mandatını təhvil verməsini tələb ediblər. Çıxış edən Harri Kasparov mitinqə toplaşanların fərqli siyasi partiyaların tərəfdarı olmalarına baxmayaraq, hamının bir məqsədi olduğunu deyib. O, xalqın Putin rejimini dəyişmək fikrində olduğuna əminliyini ifadə edib. Kasparov 2012-ci ildə Kremli oğru və dələduzlardan təmizləyəcəklərini söyləyib.
Kseniya Sobçakdan müxaliflərə dəstək
Saxarov prospektindəki mitinqə qatılan Rusiyanın tanınmış aparıcı-modeli Kseniya Sobçak hakimiyyətin ünvanına sərt ittiham səsləndirib. O, mitinqə toplaşanlara üzünü tutaraq deyib: “Bu hakimiyyət bizim hakimiyyət ola bilər. Əgər biz onu formalaşdıracağıqsa. Bizim qələbəmizin əsası bura toplaşmağımızla qoyulur”.
Sobçak eyni zamanda, müxalifəti vahid bir güc ətrafında birləşməyə çağırıb.
Blogger Aleksey Navalnının çıxışı da baş nazir Putinin ünvanına sərt ittihamlarla zəngin olub. Rus inqilabının memarı adlandırılan Navalnı bildirib ki, xalq daha Putin rejimiylə yaşamaq fikrində deyil. Blogger dinc etirazların davamlı olacağını bəyan edib. O, fevralda bir milyon insanın iştirakıyla etiraz mitinqləri keçiriləcəyini bildirib.
Tribunaya qalxan ictimai fəal Viktor Şenderoviç qeyd edib ki, xalq əlinə düşən şansı itirməməlidir: “Belə şansı buraxmaq olmaz. Hər şey bizdən və bizim iradəmizdən asılıdır. Bizim birliyimiz rejimin qorxulu röyasına çevrilib”.
Rus milyarder sadə etirazçılarla yan-yana
18 milyard dollarlıq var-dövlətlə Rusiyanın, eləcə də dünyanın ən zəngin adamlarından biri olan Mixail Proxorov da müxalifətin keçirdiyi mitinqə qatılıb. Milyarder mitinqdə nümayişçilərin yanında yer alaraq, hökumətə etirazını bildirib. Proxorov mitinqdə çıxış eləməsə də, “Exo Moskvı” radiosuna verdiyi açıqlamasında azad və ədalətli seçkilərin keçirilməsi tələblərinə qoşulduğunu bildirib. İş adamı gələn ilin martında keçiriləcək prezident seçkilərinə də toxunub: “Mən prezident seçilsəm, 4 dekabr seçkilərinin nəticələrini ləğv edəcəyəm. Ölkənin siyasi sistemində köklü dəyişikliklər aparılmasına çalışacağam”.
Mitinqin sonunda tribunaya yeni ilin rəmzlərindən biri olan Şaxta Baba qalxaraq, etirazçıları təbrik edib. Ondan sonra yenidən çıxış edən Rıjkov 24 dekabr mitinqinin qətnaməsini açıqlayıb. Qətnamədə siyasi məhbusların dərhal azadlığa buraxılması, 4 dekabr seçkisinin nəticələrinin ləğvi, MSK sədri Çurovun vəzifəsindən uzaqlaşdırılması, seçki pozuntularına yol verənlərin cəzalandırılması, müxalif partiyaların 2012-ci ilin fevralından gec olmayaraq qeydiyyata alınması, yeni seçkilərin keçirilməsi və dekabrın baş tutmuş mitinq zamanı səsləndirilən tələblərin yerinə yetirilməsi kimi tələblər öz əksini tapıb.
Müxaliflər eyni zamanda, bütün Rusiya vətəndaşlarını 2012-ci ildə keçiriləcək prezident seçkilərində hazırkı baş nazir Vladimir Putinə səs verməməyə çağırıb.
Onu da əlavə edək ki, mitinqdən əvvəl Rusiya prezidenti yanında İnsan Haqları və İctimai Şuranın üzvləri Mərkəzi Seçki Komissiyasına etimadsızlıq göstərərək, onun vəzifəsindən azad olunması üçün Dmitri Medvedevə müraciət ünvanlayıblar. Şura üzvləri 4 dekabr seçkiləri zamanı ciddi qanun pozuntularına yol verildiyini xatırladaraq, seçkinin nəticələrinə yenidən baxılmasını tələb ediblər.
Elxan