Ərdoğandan İlham Əliyevə liderlik dərsi…

Fransa qərarını verdi…

Bundan sonra bu ölkədə soyğırımı inkar edib bunu dilinə gətirən adam həbs olunacaq. Doğrusu Avropada, demokratik dəyərlərə sahib olduğunu deyən bir ölkədə danışmaq yasağının qoyulması təəssüf və istehzadan başqa bir şey doğurmur.
İndi dünya və Azərbaycan mətbuatı bundan yazır. O üzdən başqa bir yönünüdən, tam bizə aid olan hissəsindən bəhs etmək qərarına gəldim. Məsələ tək o deyil ki, Fransa azad düşüncənin buxovlanmasına çəhd edərək öz demokratiya prinsiplərindən bir addım geri çəkildi. Məsələ heç o da deyil ki, Türkiyənin soyqırım etməsini neçə dövlər, kim, harda, hansı düşüncə ilə qəbul edəcək?!
Məsələ indiki halda Türkiyənin sərgilədiyi mövqedir…

Ərdoğan Fransa parlamentinin qərarına çox sərt təpki verdi. Səfir geri çağrıldı, iqtisadi, siyasi əlaqələrin dondurulması haqqında Ərdoğan bəyanat verdi.
Bir sözlə, Ərdoğan indiki mərhələdə əsil lider kimi ölkəsinin şərəfini qorudu. Düzdür, başqa bir yandan qiymətləndirsək, bunu AKP-nin xarici siyasətinin uğursuzluğu kimi də dəyərləndirmək olar. Amma gəlin etiraf edək ki, heç bir iqtidar sehirli çubuğa sahib deyil və bəzən bu kimi uğursuzluqlar qaçınılmaz olur. Amma baxır uğursuzluqdan kim necə çıxır.
Məğlubiyyət olmasa qalibiyyət üçün yola çıxılmır …
Türkiyədə bu məqamda bir çox hallarda olduğu kimi haqsızlığa uğradı. Amma Ərdoğan da haqsızlığa uğramış bir ölkənin liderinin neçə ola bilmə modelini bir daha sərgilədi.
Nə yazıq ki, biz, illərdir ermənilərin işğalına uğrayan, haqqı tapdanan, İranın az qala hər gün təyziq və təhqirləri ilə üz-üzə qalan bir ölkə olaraq bu çəsarətli mövqeyi Azərbaycanın başcısı olmağı üstənmiş İlham Əliyevdən görmürük.

İran hər gün təhqir edir, indi də “tarixi araşdırsaq indiki Azərbaycanın da İranın ərazisidir” deyir, amma nə dövlətin başcısından bir səsə çıxır, nə də deputatçılıq oynamağa başı qarışmış Yaqub Mahmudov kimi tarixçilərdən… Hətta İranın adi hərbiçisi Azərbaycanın dövlət başçısınahədə biçir, yenə də Bakının səsi eşidilmir.
Kimsədən gizli deyil ki, Qarabağı işğal edən Ermənistanın dəstəkçisi Rusiyadır. Bir neçə il öncə Rusiyanın Ermənistana gizli silah satması haqqında faktlar ortaya çıxdı. Bakı yenə elə Rusiyaya “dost və qardaş” kimi sarıldı. Sonra bunun ardından Rusiya Ermənistanla hərbi müttəfiqlik haqqında saziş bağladı. Yenə də Rusiyanın bu addımına qarşılıq Azərbaycandan Moskvaya qardaşlıq müsajları verildi. Yəni nə baş verdi?…
Azərbaycanın dövlət maraqları və bir ölkə kimi şərəfi Rusiyanın ayaqları altına atıldı.
Əslində bu qardaşlıq filan da deyil, sadəcə ölkə maraqlarının hakimiyyətə qurban verilməsidir.
Fransa Ernənistanda Qarabağın ermənilər üçün nə qədər vacib olduğundan, türklərin soyğırım etməsindən danışıb Bakıya gəlir. Dövlət maraqları adına bir kəlmə də danışılmır, sadəcə Sarkozi Mehriban Əliyevanı ordenlə təltif edib gedir.
Nə gələrkən, nə gedərkən ona deyən olmur ki, ay adam sən mənim ölkəmin bir parçasını erməniyə peşkəş etmək arzularından danışıb əlini sallaya-sallaya mənim paytaxtımda belə pahat hərəkət edə bilməzsən. Demir, çünki iqtidara dövlət marağının deyil, orden, medalın əsas olduğunu bilir hamı, gəlib-gedən Sarkozi də, xalq da, Rusiya da…
Belə… Mənim ölkəmin şərəfini qoruyacaq biri ortaya çıxıb demir ki, ay adamlar bu ölkə sahibsiz deyil..
Kim deyəcək, başı talamağa və sərvətə, əyləncəyə qarışmışlarmı?!
Ərdoğansa Türkiyənin ləyaqətini əsil lider kimi qorudu. Fransanın Türkiyənin gücünü görməzdən gəlməsinə qarşılıq öz gücünü onun gözünə soxmağı başara bildi.
Əsil liderlik budur…
Mən Ərdoğanın Türkiyədə yürütdüyü daxili siyasəti bəyənməsəm də onun əsil dövlət adamı olması faktını da inkar edə bilmirəm.
…Və Ərdoğan bu jesti ilə İlham Əliyevə liderlik dərsi verdi.