Rafiq Tağının qətlinin açılması istiqamətində heç bir irəliləyiş yoxdur
Müzəffər Baxış: «Zakir Qaralovun professional səviyyəsi bu və ya başqa cinayət işləri ilə bağlı ictimaiyyətə məlumat vermək üçün yetərli deyil»
Noyabrın 19-da bıçaqlanan və bir neçə gündən sonra dünyasını dəyişən yazıçı-publisist Rafiq Tağının qətlinin araşdırılması prosesində hələ heç bir irəliləyiş yoxdur. Baxmayaraq ki, qətli araşdıran Jurnalist Təhqiqat Qrupunun üzvləri ortada müəyyən faktların olduğunu və yazıçının bıçaqlandığı ərazidəki müşahidə kameralarının yaddaşında əks olunanların cinayətin açılması üçün istifadə edilə biləcəyini deyir.
Mətbuata açıqlama verən baş prokuror Zakir Qaralov isə araşdırma aparıldığını desə də, heç bir irəliləyişin olduğunu dilə gətirməyib. Baş prokuror yalnız qətlin araşdırılması məqsədilə xüsusi işçi qrupun yaradıldığını və bu barədə ictimaiyyətə məlumat verildiyini bildirib. Onun sözlərinə görə, hazırda cinayət işi üzrə istintaq-əməliyyat planına müvafiq olaraq başqa dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Son ayların ən səs-küylü cinayətləri sırasında olan Rafiq Tağının qətlindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir irəliləyişin olmaması və baş prokurorun bu cür açıqlaması nədən xəbər verir?
Hüquqşünas Müzəffər Baxış bu cür məsələlərə görə baş prokuror və onun tabeçiliyində olan insanların məsuliyyət daşıdığını deyir. Çünki baş verən cinayət işi vaxtında, tam, hərtərəfli araşdırılmalıdır və açılması üçün bütün zəruri tədbirlər görülməlidir.
Lakin, ekspertin fikrincə, bu günə qədər zəruri tədbirlərin görüldüyü, istintaqı aparan şəxslərin öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi inandırıcı görsənmir: “2000-ci ilin aprel ayının 26-dan, Azərbaycanda prokurorluq sistemi iflic vəziyyətə salınandan sonra kimi istəyirlər məsuliyyətə cəlb edirlər, kimi istəmirlər, cəlb etmirlər. Hətta elə prokurorluq işçiləri var ki, onların hərəkətləri barədə eşidəndə adam mat qalır. Ancaq onların heç birini məsuliyyətə cəlb etmirlər”.
Ekspertin sözlərinə görə, Zakir Qaralovun professional səviyyəsi bu və ya başqa cinayət işləri ilə bağlı ictimaiyyətə məlumat vermək üçün yetərli deyil. Çünki onun həm hüquqi savadı, həm də professional səviyyəsi çox aşağıdır: “Zakir Qaralov prokurorluqda ən zəif işçi sayılır. Onun bir-iki cümləni deyə bilməsi də böyük iş sayılmalıdır. Cinayət işinin açılmasını təmin edəcəkləri ilə bağlı dediklərinə də uymaq olmaz. Təmin edən idisə, Elmar Hüseynovun, digər siyasi qətllərin üstünün açılmasını təmin edərdi. Bu, sadəcə olaraq bir oyundur. Çıxıb yalandan iki cümlə deyirlər. Bununla da gündəmdə qalmaq istəyirlər”.
Fizzə