O da bir zamanlar uşaq idi

O da bir zamanlar uşaq idi.

Qar kimi təmizdi bir zamanlar. Məsumdu. Safdı. Sadəlöhvdü. Şirindi bir zamanlar o da.
Bütün cocuqlar kimi bir zamanlar onun da gülüşündə güllər açardı. Onun da gözlərindən baxdıqda dünya ləkəsiz, çirkabsız idi.
O da bir zamanlar cocuqdu.
Onun da bir zamanlar dizi daşlara dəyib az qanamamışdı. Az hıçqırmamışdı. Bir zamanlar o da onunla acı dildə danışıldığında küsmüş, incimişdi, ağlamışdı. Qaş-qabağını sallamışdı.
O bir zamanlar cocuqdu.
Təzə-təzə danışmağa başlarkən dili topuq vurmuşdu onun da. Sözləri kəkələmişdi. Özündən güclülərin yumruğundan qorxmuşdu. Eşitdiyi acı sözdən qırılmışdı. Əlindən oyuncağını alanda darılmışdı.
O da bir zamanlar uşaq olmuşdu.
Xəyallar qurmuşdu özünə. Kosmonavt olmaq istəmişdi bəlkə. Yer üzünün bütün iyrəncliklərindən, çirkablarından qopmaq, uzaq durmaq, özləri kimi saf, təmiz bir dünyada yaşamaq istəyindən doğar uşaqların kosmonavt olmaq istəyi.
Ya da nə bilim, böyüdüyündə bütün pis adamların, zalım adamların kökünü kəsəcəyinə, dünyadakı bütün çirkinliklərin, zülmlərin, zalımlıqların axırına çıxacağına, insanlığı nahaq əməllərdən, şər işlərdən uzaq tutacağına söz vermişdi bəlkə. 
O da bir zamanlar uşaq olmuşdu.
Beyni ağ kağız kimi idi onun da bir zamanlar. Hələ ora dünyanın ən pis işləri, ən çirkin əməlləri yazılmamışdı.
Məsələn, bütün dünya modernləşməyə, demokratikləşməyə doğru atılarkən başına keçdiyi ölkəni keçmişin üfunətli bataqlıqlarına, qaranlıq dönəmlərinə qaytarmaq…
21-ci əsrdə monarxiya sevdasına düşmək, şahlıq, krallıq qurmağa çalışmaq…
Milli iradənin üstünə çıxmaq…
Onu kimi düşünməyənləri düşmən elan etmək…
Onu sevməyənləri şərləmək, dəmir barmaqlıqlar ardına göndərmək…
Hüququ ayaqlar altına almaq, azadlıqları xor görmək…
Hakimiyyətə bir millətin dərdlərinə deyil, sərvətlərinə sahib olmaq üçün yiyələnmək…
Fərqli düşünən başları kəsmək…
Fərqli yazan əlləri qandallamaq…
Fərqli danışan dilləri qıfıllamaq…
Hər şeyi özünün iki dodağının arasından çıxan bir sözə tabe etmək…
Xalqın pullarını qotur fransız atlarına, bahalı alman eşşəklərinə şıtır-şıtır sayarkən övladına toy etməyə pul tapa bilməyib intihar edən ataların, bətnindəki dörd aylıq körpə ilə fahişəliyə məcbur olan anaların, yatağa ac girən cocuqların fəryadını, imdadını eşitməzlikdən gəlmək yazılmamışdı hələ o ağ kağıza. Onun cocuq beyninə.
Və indi o uşağın 50 yaşı var artıq. Haqqında söz düşərkən göz önünə “Azadlıq” bağırdı deyə yerlərdə sürüdülən, polis maşınına basılan 5 yaşlı qızcığaz gəlir. Sifarişli, qondarma məhkəmə hökmləri gəlir. Saxta bülletenlər gəlir. Ədalət və özgürlük istəyən insanların içindən keçən neft boruları gəlir.
Ofşor zonadakı şirkətlər gəlir. Dubaydakı villalar gəlir.
Yerində Heydər Əliyev Mərkəzi, Qış bulvarı tikiləcək deyə sahiblərinin başına yıxılan evlər gəlir.
Qaranlıq gəlir. Ümidsizlik gəlir. Sevgisizlik gəlir.
Və heç kim onun da bir zamanlar uşaq olduğuna inanmır artıq. Uşaq kimi məsum, saf, tərtəmiz olduğuna inanmır, inanmaq istəmir.
Inanmaq olmur, inanmaq istəmirsən ki, nə vaxtsa onun da beyni ağ kağız olub – heç bir pisliyin, zülmün, zalımlığın yazılmadığı ağ kağız.
Bir siz, inanırsınızmı?