İndi Azərbaycanda dünyəvi dövlət yoxdur

Dövlət dini öz məqsədləri üçün istifadə edir və paralel olaraq öz dinini yaradır

Demokratiya uğrunda mübarizə yalnız ateistlərə məxsus ola bilməz

 

Azərbaycanın siyasi həyatında Islam faktoru varmı? Nə zamansa, bizim ölkəmizdə fundamentalizm, radikal dini ekstremizm simptomları təhlükəli həddə çata bilərmi? Siyasi proseslərin ənənələr üzərində mövcud olduğunu nəzərə alsaq, bu suallara əminliklə “yox” cavabını vermək olar. Hətta Azərbaycanda kütləvi savadsızlığın və cəhalətin ictimai təhlükə həddində olduğu zamanlarda belə (1918-1920) dövlət quruculuğu dünyəvi təməl üzərində həyata keçirilmişdi. Dini təmayüllərin siyasi təhlükəsi o cəmiyyətlərdə mövcud olur ki, həmin cəmiyyətlərin qeyri-siyasi təməllər üzərində təşkilatlanmasının ciddi ənənələri olsun. Azərbaycanda belə bir ənənə yoxdur.
Azərbaycan xristian rusların müstəmləkəçiliyindən xilas olmaq üçün dini zəmində təşkilatlanmayıb. 1920-ci ildə ruslar müstəqil Azərbaycan dövlətini işğal edəndə də dini müstəvidə təşkilatlanmış hansısa qruplar müqavimət göstərməyib. Bundan daha əvvəl, 19-cu əsrdə ruslar Azərbaycanı ilk dəfə işğal edəndə də burada dini müqavimət hərəkatı olmayıb.

Azərbaycanda din və ateizm problemi

Indi Azərbaycanda dünyəvi siyasi münasibət ənənələri üzərində sabitləşmiş bir sistem var. Ölkədə totalitarizm elementlərinin tədricən gücləndiyi siyasi avtoritarizm mövcuddur. 1993-cü ildən qurulmağa başlayan avtoritar sistemə qarşı aparıcı müqavimət sırf dünyəvi siyasi dəyərlərin qeyd-şərtsiz üstünlüyünü qəbul edən siyasi mərkəzlərin timsalında mərkəzləşib. Bu zaman ərzində dini təşkilatlanma iki mühüm parametr üzrə müşahidə olunub. Bunlardan biri, Irandan və ərəb ölkələrindən ixrac edilən ideologiyadır. Ikincisi isə insanların dini heysiyyətinin tapdalanmasına qarşı müqavimətdir.
Iranla bağlı məsələ aydındır. Dəfələrlə təsdiq edildiyi kimi Iranın ideoloji ekspansionizmi məhdud məqsədləri hədəfə alır: Azərbaycanda agentura şəbəkəsi yaratmaq və hansısa məxfi, yarımməxfi, dəyərli-dəyərsiz məlumatları toplamaq. Ərəb ölkələrindən ixrac edilən ideyaları isə çox rahat şəkildə fərqləndirmək mümkündür: bu ideya uzun saqqal və qıza balaqlı şalvar formasında ölkənin hər yerində var. Hər iki halda,- yəni, istər Iran mənşəli, istərsə də ərəb mənşəli ideoloji müdaxilə sadə gözlə müşahidə olunur, üstəlik, bunların kütləviləşmək kimi perspektivi yoxdur. Daha doğrusu, nə bütün Azərbaycan əhalisinin yarısı Iran agenturasının şəbəkəsinə daxil olasıdı, nə də eyni qaydada, yerdə qalan yarısı vəhhabi məzhəblərinə doluşasıdı. Yad ideologiyaların yerli şəraitdə nə qədər duruş gətirə biləcəyi də xüsusi müzakirə mövzusudur. (Bir zamanlar xristianlığa və ya Krişnaizmə güclü axınlar vardı). Üstəlik, bir fakta aşkar diqqət yetirmək lazımdır ki, yad ideologiyalar üzərində köklənmiş qruplar yerli siyasi müxalifətin kampaniyalarında heç vaxt iştirak etməyiblər, etməyəcəklər də. Əslində, Azərbaycan hökuməti də, bir tərəfdən maraqlıdır ki, bu yad ideoloji təmayüllər nəzarət altında tutulacaq maksimum həddə qədər böyüsünlər. Çünki onların mövcudluğu əhalinin hansısa qruplarının yerli avtoritarizmə qarşı siyasi mübarizədən yayınması deməkdir.
Amma eyni sözləri Azərbaycan hakimiyyətinin Islam dininə qarşı münasibətini qəbul etməyən, ibadət, inanc azadlıqlarını pozmasına qarşı çıxan inanclı insanlar haqqında söyləmək mümkün deyil. Dindarlıq özünəməxsus dini heysiyyət formalaşdırır. Bu, şəxsiyyətin özünütəsdiqi formalarından biridir. Ateizm də, liberalizm də, hətta kommunizm də və ya hər hansı başqa ictimai ideologiya da ayrı-ayrı fərdlərin şəxsi heysiyyət motivlərini yaradır. Azərbaycanda əhalinin mütləq əksəriyyəti müsəlmandır. Hətta özünü ateist adlandıranların da əksəriyyəti müsəlmandır və onlar ateizmi Islam çərçivəsində dinin inkarı şəklində qəbul edirlər. Mən müxtəlif dinlərin özəlliyi barədə mübahisə açmaq istəmirəm, amma bizim ateistlərin bir çoxu belə hesab edir ki, xristianlıq din deyil, nəsə, ekzotik baxışlar sistemidir. Bir ateistin xristian dininin və ya Krişnaizmin Islamdan üstünlüyünü təsəvvür etməsi isə çox gülməlidir və provinsialdır.

Totalitarizm dünyəvi sistem deyil

Azərbaycanda bütün ictimai ideologilardan daha təhlükəli bir reallıq var: bu, dövlətin inzibati resursları hesabına siyasi bütpərəstlik qəlibində kütləviləşdirilən totalitarizmdir. Özü-özlüyündə, bu, bir heçdir. Amma hədsiz korrupsiya və inzibati zorakılıq bu siyasi bütpərəstliyi bütün digər ideyalardan güclü hala gətirib. Bəşəriyyətin bu zamana qədər əxz edə bildiyi bütün pozitiv dəyərlərin məntiqinə zidd olan bu reallığı Azərbaycandan kənarlaşdırmaq üçün yalnız siyasi metodlar məqbuldur. Çünki zor onun müstəvisidir. Azərbaycanda bu ölkə üçün xarakterik olan sivil siyasi münasibətlərin bərqərar edilməsi də heç kimin inhisarında deyil və ola da bilməz. Buna görə də, hansısa ideoloji təmayülün daşıyıcıları demokratiya uğrunda mübarizə aparan siyasi müxalifətin sıralarında dayanırsa, bunu sadəcə olaraq, alqışlamaq lazımdır. Azərbaycanda dini dövlət qurula biləcəyindən ehtiyat edənlər ya ölkənin potensialını, ya da dünyada baş verən qlobal dəyişikliklərin məntiqini nəzərə almırlar. Hər iki arqument Azərbaycanda dini dövlətin qurula biləcəyi barədə təsəvvürləri istisna edir.
Amma buna baxmayaraq, dini inancları ilə ictimai liderlərə çevrilmiş insanları ölkənin perspektivi üçün təhlükə mənbəyi kimi qiymətləndirənlər özləri də bilmədən avtoritarizm üçün arqumentlər hazırlayırlar. Uzun illər ərzində həm postsovet ölkələrində, həm də bir sıra ərəb ölkələrində avtoritar dövlət başçıları öz zorakılıqlarını dünyaya məhz, bu arqumentlə əsaslandırırdılar ki, dini fundamentalizm qlobal terrorun resursu olaraq bu recimləri təhdid edir. Aparıcı dünya dövlətləri də bu “təhlükəni” zərərəsizləşdirmək üçün onlarla əməkdaşlıq edirdi.
Amma Böyük Britaniyanın Özbəkistanda səfiri olmuş Qreyq Murrey bu mifi dağıtdı. Öz karyerası hesabına böyük dövlətlərin bu siyasətini ifşa etdi. (O, müstəbid Islam Karimovun yerli mifik dini qruplaşmaları məhv etmək adı ilə Britaniya və ABŞ-la əməkdaşlığını ifşa edən kitab yazdı). Bu, bir mərhələ idi. Bundan sonra tədricən dərk edildi ki, əslində qlobal terrorun əsas resursları avtoritar rejimlərin yaratdığı qeyri-şəffaf iqtisadi sistemin bətnindədir; terrorizm öz maliyyəsini buradan götürür. Buna görə də, həmin avtoritar rejimlərlə birləşib terrora qarşı mübarizə aparmaq əvəzinə onların özlərini dəyişərək terrorun potensial maliyyə mənbələrini yox etmək siyasəti seçildi.
Indi dünyada bu siyasət yürüdülür. Amma Azərbaycanda da belə hesab edirlər ki, Hacı Ilqarın Azərbaycanda demokratiya uğrunda hərəkatın sıralarında olması ölkənin perspektivləri üçün təhlükədir. Onunla əməkdaşlıq üstündə ölkənin ən parlaq siyasi liderlərindən olan Əli Kərimliyə qarşı hansısa anlaşılmaz ittihamlar səsləndirilir.
Azərbaycan indi dünyadan qapalı saxlanılan ölkədir. Aparılan siyasi mübarizənin məqsədi bu ölkənin qapılarını dünyaya açmaqdır. Yoxsa, dünyanın da qapıları bizim üzərimizə qapalı olaraq qalacaq. Yoxsa, bo ölkənin qapıları bu ölkənin vətəndaşlarının belə üzünə qapalı qalacaq. Dünya ilə bütünləşmək, ümumbəşəri dəyərlərin yaradılmasında iştirak etmək əzmində və imkanında olan bir milləti bağlı qapılar arxasında saxlayanları rədd eləmək lazımdır. Bunu üçün demokratik, dinc mübarizənin prinsiplərini qəbul edən hər kəsin enerjisi məqbuldur.

Azərbaycanda din dövlətin qulluğundadır

Indi Azərbaycanda dinin bir bir mühüm problemi var. Konstitusiyaya görə din dövlətdən ayrıdır. Amma bu qanun da başqa qanunlar kimi işləmir. Din dövlətdən ayrı deyil. Dövlət dini özünə lazım olan bütün müstəvilərdə istismar edir. Dövlət dini özünün istismar və zor mexanizminin əlavəsinə çevirib. Hacı Ilqar kimi insanlar isə bunun əleyhinədir. Onlar dövlətin dini bu kökə salmasından narahat olan və iman gətirdikləri dinin saxta bir qurum tərəfindən sui-istifadə edilməsi ilə barışmayan insanlardır. Və bu insanlar indiki durumun dəyişdirilməsi, ölkədə demokratik münasibətlərin yaranması, insanların inanclarının alver predmetinə çevrilməsinə son qoyulmasını istəyirlərsə, burada tənqid ediləsi nə var ki?..
Kim və harada yazıb ki, demokratiya uğrunda mübarizə ateistlərin müstəsna hüququdur? Kim, harada müşahidə edib ki, demokratik cəmiyyət allahsızlıq  normativləri üzərində qurulur?
Belə bir təcrübə yoxdur. Üstəlik, avtoritar ərəb liderlərinin “dini fundamentalistlər”, “ekstremist terrorçular” kimi bütün dünyaya sırımaq istədiyi siyasi alternativlərin demoktratik dövlət quruculuğu təcrübəsini (bu proses çox ağrılı getsə belə) diqqətlə izləmək lazımdır.
Totalitarizm dünyəvi idarətmə sistemi deyil. Ən azı, ona görə ki, dünya bunu inkar edir. Dini dövlət modeli isə dünyanın gündəmindən çıxdığı kimi Azərbaycanın da gündəmində deyil və bizim ölkəmizdə belə bir sistemin qurula biləcəyini ehtimal edərək siyasi simpatiya və ya antipatiya bildirmək süni görünür.

***

Nəhayət, fikrimi Əli Kərimlinin bir mülahizəsi ilə bitirmək istərdim:  “Allahu-Əkbər sədaları zalımdan başqa heç kimi təhdid etmir”. (Əli bəy bu ifadəni ərəb inqilabları haqqında bloq yazısında işlətmişdi)…