«Azadlıq»ın 22 yaşına…

Günel Hacıbəyli

Evimizdə, şkafda bir çəkəcək vardı. “Atamın siyirtməsi” deyirdik. Lap üstdə “Azadlıq”ın birinci nüsxəsi idi. Birinci səhifədə yazılanları əzbər bilirdim: Birinci səhifənin yuxarısında atalar sözü yazılmışdı: El gücü, sel gücü. Tarix: 24 dekabr 1989-cu il. Sonra mitinqdən şəkil. Lap aşağıda isə Tofiq Fikrətin “Millət şərqisi” şeiri. Şeiri də əzbərləmişdim. Ən çox xoşuma gələn misra isə bu idi: “…Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz”.

Qənimətin külqabısı

1991-ci il yanvarın 3-ü idi. Rahim əmi məni və əmim uşaqlarını Yeni il şənliyinə aparmışdı. 9 yaşım vardı. Getdik şənliyə. Yadımdan çıxıb hara idi. Qapıda dayanmış qadın bizə dedi ki, artıq şənlik başlayıb, zal doludur. Gözləyin. Saat 5-in yarısında başlayacaq növbəti şənliyə keçərsiz. Rahim əmi dedi ki, “Azadlıq”ın redaksiyası yaxındadır, gedək ora. Getdik. Kiril əlifbasının P hərfi şəklində, birmərtəbəli bina idi. Deyəsən əvvəllər bağça olmuşdu. Həyətə girdik, təxminən 5 metrlik kiçik dalandan sonra sol tərəfə döndük. Sol tərəfdəki qapı redaksiyaya açılırdı. Balaca bir dəhliz idi. Səhv etmirəmsə, 3 otaq idi. Çöl qapısı ilə üzbəüz qapı açıq idi. Keçdik ora. Bura Qənimət Zahid və Azər Əhmədovun otağı idi. Q.Zahidin stolunun üstündə balaca, qəhvəyi və ağ rənglərin qarışığı, çini bir külqabı vardı. Ayaqqabı formasında. Q.Zahid külqabıya maraqla baxdığımı görüb başladı mənə izahat verməyə: “Bu ayaqqabını balaca vaxtı geyinirdim. Indi ayağıma olmur deyə, külqabı kimi istifadə edirəm”. Inanmadığımı görüb, külqabını yerə, ayağının yanına qoydu: “Görürsən, necə balacadı? Uşaq ayağı boyda. Deməli, balaca vaxtı geyinmişəm”. Düzdür, yenə inanmadım, amma heç nə demədim… Çıxdıq redaksiyanın həyətinə. Eynəkli bir kişi üzü həyətə olan qapını açıb, ordan bizə meyvə verdi. Alma və portağal. Sonra bildim ki, bu, Tapdıq Fərhadoğlu imiş. Bu vaxt həyətə bir qadın girdi. O, bizdə bir dəfə qonaq olduğundan tanıdım. Elmira Əmrahqızı idi. Barəsində danışılanda onu həmişə belə xatırlayıram: Əynində ağ rəng toxunma kofta, qara yubka, əlində balaca qara bloknot(bəlkə də balaca qara çanta idi), “Azadlıq”a gəlir…

“Azadlıq”ın Xanım xalası…

“Azadlıq”ın, səhv etmirəmsə, 3 yaşı münasibətilə Lalə Cəfərova yazı yazmışdı. Həmin yazının ilk cümlələrindən biri belə idi: “Azadlıq”ın 23 yaradıcı heyəti, bir redaktoru və bir Xanım xalası var…”. Sonra Xanım xaladan müsahibə götürmüşdülər. Köhnə “Azadlıq”çılar bilirlər, Xanım xala orda səliqə-səhman işlərinə baxırdı. O məşhur müsahibədən bunlar yadımda qalıb: “Redaksiyada ən çox yeyən Gündüzdü, bala. Ən çox işləyən isə Qənimət”.
Bir də Z.Hacının qəzetin ad günü ilə bağlı tarixini xatırlamadığım yazısından bunlar yadımda qalıb: “Maaşımı verməyəndə mən bu qəzetə xaraba da demişəm…”. “Akvarium”da uşaqlar özlərini suda balıq kimi hiss edirlər…”.

Pendir-çörək əhvalatı

“Azadlıq”a ikinci dəfə, səhv etmirəmsə, 93-cü ilin yayında gəlmişdim. Onda “Azadlıq” artıq sevimli Xaqani 33 ünvanında yerləşirdi. Yadımda qalan bu olub ki, Rövşən əmiyə pendir-çörək gətirmişdik, onu da kompüter otağındakılar yedilər. Rövşən əmiyə heç nə qalmadı. Sonralar həmin otaqda ADIF (Azərbaycan Demokratiyanın Inkişafı Fondu) yerləşirdi. “Kompüter otağı” isə “Akvarium”un yanına köçdü.

Bizim Əlisəfa əmimiz…

“Azadlıq”ın bir əməkdaşı da vardı. Onu daha çox köhnə “Azadlıq”çılar, köhnə “Yurd”çular, köhnə cəbhəçilər tanıyırlar. Əlisəfa Qədirov – bizim Əlisəfa əmimiz. Onun iki cümləsi yadımda qalıb. Bunu nədənsə təsirlənəndə deyirdi: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bunu isə kefi kök olanda: “Tofiq Qasımov, axı Siz bizdən nə istiyırsınız?”.ÿ O həlak olanda 11 yaşım vardı. 93-cü il noyabrın əvvəli idi. O vaxt mobil telefon yox idi, ev telefonumuz da kəsilmişdi. Üstəlik, atam da bir neçə günlüyə deyəsən Bakıya getmişdi. Bizə xəbər belə gəldi ki, o, avtomobil qəzasına düşüb, sonra əməliyyat olunub və narkozdan ayılmayıb. Xəbəri gətirən bir qədər hər şeyi şişirdən adam idi. Ona görə inanmadıq əvvəl. Həm də bir dəfə Əlisəfa əmi danışmışdı ki, gecə yatarkən qolu qızıdırıcının üstünə düşüb, qolu yanıb, amma o, oyanmayıb. Fikirləşdik ola bilsin ki, indi də belədir. Üstəlik, narkozun da təsiri var. Bununla təsəlli tapırdıq. Atam bir neçə gün sonra gəldi və dedi ki, Əlisəfanın 3-dən gəlirəm…

Xaqani-33 nostaljisi

Üçüncü dəfə gəldiyimdə 1999-cu il idi. Bundan sonra gəlişlərimin sayını itirmişəm… “Azadlıq”ın Xaqani 33-dəki redaksiyasının uçurulması ilə barışa bilmirəm. O tərəflərdən keçəndə redaksiya tərəfə baxmıram. Redaksiyadakı bütün otaqları bir-bir deyə bilərəm. Istəyirsiz deyim: Redaksiyaya girəndə sol tərəfdə Fikrət dayının köşkü yerləşirdi. Sonra Kənanın otağı. Sağda isə “Turan” IA, AXCP-nin qərargahı və hovuzunda narıncı – “inqilab rəngi”ndə balıqlar olan məşhur çayxana. Yeri gəlmişkən, çayxana ilə bağlı məşhur bir lətifə də vardı. Orda yeməklər elə də keyfiyyətli olmurdu. Deyirdilər ki, dolmanın içində ət tapmaq qeyri-mümkündü. Rəhmətlik Rəşad (H.Kərimovun oğlu) düzüb-qoşmuşdu bunu: “Dolmanı açırsan, görürsən içinə yazılıb: ”Bəxtinizi bir daha sınayın…”. Sol tərəfdə pilləkən, pilləkəni keçib sola döndükdə solda komendant Sarvan Rizvanovun otağı, sağda isə Ə.Elçibəyin kabineti və akt zalı idi. Ikinci mərtəbədə sağda iki otaq, pilləkənlə üzbəüz isə şüşə arakəsməsinə böyük hərflərlə AZADLIQ yazılmış məşhur “akvarium”, sola döndükdə sağda “kompüter otağı”, sonra sağa dönüb bir qədər getdikdə Z.Hacının otağı, “Bizim yol”un redaksiyası (“Bizim yol”ÿ köçdükdən sonra isə həmin otaqda “Yeni Fikir” yerləşirdi), lap başda isə ADIF, bir qədər gedib sağa döndükdə sağda “Çağ”ın redaksiyası, solda A.Əhmədov və R.Hacıbəylinin otağı yerləşirdi. “Akvarium”a 3 qapı açılırdı. Sağ tərəfdən iki, lap axırda üzbəüz bir qapı. Birinci otaq dəqiq yadımda deyil, ikinci otaqda katibə, qapısı həmin otağa açılan kabinetdə isə baş redaktor əyləşirdi. Sondakı otağa isə “Sücəddinin otağı” deyirdilər. “Azadlıq”ın 5 yaşında üstündə “Azadlıq” 5 yaş” yazılmış bloknotlar çap edilmişdi. Həmin bloknotların böyük bir maketi “akvarium”da lap başda qoyulmuşdu. “Azadlıq”ın 5 yaşı ilə bağlı ad günü tədbirində qonaqlar bura ürək sözlərini yazmışdılar. Heyf ki, cəmi biri yadımda qalıb: “Azadlıq”a Qənimətsiz bir Gündüz arzulayıram…”.
90-cı illərin sonlarında “Azadlıq” futbol üzrə media çempionatı keçirirdi. “Kompüter otağı”nın qapısının yanında, “akvarium”un qapısı ilə üzbəüz karikaturafason bir şey asılmışdı. Oyunçuların şəkilləri idi. Hər birinin üstündə redaksiyanın əməkdaşlarından birinin adı yazılmışdı. Aşağıda isə ehtiyat oyunçuların şəkilləri vardı, amma bunlar insan yox, heyvan şəkilləri idi. Bu şəkillərin altında da “Azadlıq”ın işçilərinin adı yazılmışdı. Ən qəribə isə çempionatın keçirildiyi yerin adı idi. Elə beləcə də yazılmışdı: “Çempionat Rövşən Hacıyev adına Lenin stadionunda keçiriləcək”.

Yana-yana yazırdı…

Bir dəfə kompüter otağında H.Sabiroğlu yazı yazırdı. Printerin qabağındakı stulda oturmuşdu. Yazını əlilə yazırdı, daha doğrusu qələmlə. Yaza-yaza siqaret çəkirdi. Siqaret tüstüsü otağı bürümüşdü. Sifətində qəribə bir ifadə vardı. Adama elə gəlirdi ki, yanan siqaret deyil…

Asimə qrant,  Isaqa bəyanat…

2000-ci il deputat seçkiləri ərəfəsində “Azadlıq”a getmişdim. “Akvarium”da sağdakı birinci otaqda Müsavat Partiyasının plakatı asılmışdı, amma “əlavə və dəyişikliklərlə”. Plakata şəhərdə tez-tez rast gəlmişdim və oxumuşdum. Orijinalda səhv etmirəmsə, bunlar yazılmışdı: Iş adamına şərait(bu dəqiq yadımdadır), evsizə ev, işsizə iş, yurdsuza yurd və s. Amma burda “Iş adamına şərait” sözündə “ş” hərfinin aşağısındakı xətt pozulmuş, a hərfindən sonra isə apostrof qoyulmuşdu. Başqa dəyişikliklər də vardı. Zamin Hacı dedi ki, plakatı mən dəyişdirmişəm. Zaminin “əl işi” belə idi: “Isa”damına şərait (yəni Isa adamına), evsizə ev, yurdsuza yurd, işsizə iş, dişsizə diş, Asimə qrant, Isaqa bəyanat, Rahimə pul, Zuzuya (Zülfiyyə Əhmədova) quzu, quzuya ot, ota su!”.

Gülməyə də bilərsiz…

Zuzu – Zülfiyyə Əhmədova danışırdı ki, Z.Hacı ilə şəhərin eyni tərəfində yaşadığımızdan adətən işdən bir yerdə çıxırdıq. Eyni mikroavtobusla gedirdik, amma Zamin məndən bir dayanacaq əvvəl düşürdü. Hər dəfə də düşəndə pulumu verib, sonra çöldən mikroavtobusun pəncərəsini döyürdü: “Zuzu, ay Zuzu, pulunu vermişəm ey, düşərsən…”.

***

O vaxtlar redaksiyada məşhur bir “lətifə” vardı. R.Hacıbəyli baş redaktor işləyən vaxtlar evə çox gec gedirdi. O evə gələndə uşaqlar yatmış olurdular, uşaqlar səhər dərsə gedəndə isə o yuxuda olurdu. Bir gün atasının evə tez gələcəyini bilən qızı demişdi: “Ana, atam bu axşam bizə gələcək”.

***

6-cı günlər adətən “Azadlıq”a gedirdim. Saat 3-ün yarısında komendant Sarvan Rizvanov otaqların qapısını bir-bir açıb deyirdi: “Xahiş edirəm, işlərinizi yekunlaşdırın. Saat 3-də qapıları ”möhürləyəcəm”. Saat 3-də Sarvan ikinci mərtəbəyə qalxıb, təntənəli surətdə qapıları möhürləyirdi. Ömrümdə kiminsə işindən Sarvanın bu “möhürləmə” əməliyyatından aldığı zövq qədər zövq aldığını görməmişəm…

***

“Azadlıq”da ən çox xoşladığım Mahir Mehdinin təqdimatında “Ədəbi Azadlıq” səhifəsi idi. Səhv etmirəmsə, altıncı günlər çıxırdı. Həmin gün mütləq “Azadlıq” alırdım.

***

Bir dəfə Z.Hacı “Xanım” jurnalının prezentasiyasına getmişdi. Prezentasiyadan olan yazı belə başlayırdı: “Qadın jurnalından kişi reportajı”.

***

Zamin Hacının otağında divara iki şüar vurulmuşdu:
“Körpü – ”Ipək yolu”nun bir hissəsidir”. Heydər Əliyev.
“Masallı – Azərbaycanda rayondur”. Zamin Hacı.