Kərəm Həsənovun müavininin adı qətl işində

Rüstəm Şahbazov Xaçmaz sakini Ilkin Qurbanovun öldürülməsinə görə niyə dindirilib?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı müstəntiqlər şok faktların üstünü açıblar. Söhbət noyabrın 1-də Xaçmaz sakini Ilkin Qurbanovun qətlindən gedir.
“Yeni Müsavat”ın yaydığı məlumata görə, araşdırmalar zamanı Ilkin Qurbanovun adına 12 milyon manatlıq əmlakın olduğu aydınlaşıb. Amma onun ailə tərkibi, sosial durumu, Bakıda elə də prestijli olmayan bir evdə kirayədə yaşaması  istintaqçıların bu məsələdə hansısa sirrin olması barədə şübhələr yaradıb. Araşdırmalar zamanı bəlli olub ki, həmin əmlak sadəcə Ilkin Qurbanovun adına imiş. Onun özünün “Qeyri-adi parçalar” fabrikində direktorluğu da formal  olub. Məsələnin detallarını araşdıran istintaqçılar bütün istiqamətlərin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə (ƏMDK) yönəldiyini müəyyən ediblər. Komitə sədri Kərəm Həsənovu 12 milyonluq əmlakla bağlı sorğu-sual edən müstəntiqlər öyrəniblər ki, maxinasiyalardan onun xəbəri yoxdur. Kərəm Həsənov məsələnin sona kimi araşdırılması üçün müstəntiqlərə şərait yaradıb və bəlli olub ki, həmin əmlakı Ilkin Qurbanovun adına komitə sədrinin müavini Rüstəm Şahbazov rəsmiləşdirib. Bu məsələnin üzə çıxması Kərəm Həsənovla müavini arasında ciddi qovğaya səbəb olub. Hazırda Rüstəm Şahbazovun komitədəki bütün qeyri-rəsmi pul toplanışlarından da uzaqlaşdırıldığı bildirilir.
Bu məsələlər üzə çıxandan sonra Rüstəm Şahbazov da sorğu-sual edilib. O, baş verənləri etiraf etmək istəməsə də, Ilkin Qurbanovun evindən götürülmüş fotolar ortalığa çıxarılandan sonra Rüstəm Şahbazovun həqiqəti deməkdən başqa yolu qalmayıb. Öldürülən Ilkin Qurbanovun evindən Rüstəm Şahbazovun fotoları tapılıb.
Məlumatla bağlı dünən dəfələrlə Rüstəm Şahbazovun mobil telefonuna zəng etsək də, onun mövqeyini dinləmək bizə nəsib olmadı.