Əlövsət Mütəllimov Vahid Abdullayevin əməllərindən boğaza yığılıb özünü yandırmaq istədi
Bu ilin fevralında Şəki şəhərində sahibkar Hikmət Səlimovun yerli icra hakimiyyətinin təzyiqlərinə dözməyərək intihar etməsinin bir ili tamam olmamış bu günlərdə daha bir sahibkar Mütəllimov Əlövsət Firudin oğlu işgüzar fəaliyyətinə müdaxilələrə görə intihara cəhd edib. Bu barədə “Azadlıq”a məlumatı hüquq müdafiəçisi Iradə Cavadova verib.
Məlumata görə, “Şəki Bazar” ASC-də fəaliyyət göstərən sahibkarların kütləvi narazılığına səbəb bazar rəhbərliyinin qanuna və sahibkarlar ilə aralarındakı müqavilələrə əsaslanmayan tələb və təzyiqləridir. Təzyiq və müdaxilələr o qədər ciddidir ki, sahibkar Mütəllimov Əlövsət Firudin oğlu dekabrın 15-də “Şəki-Bazar”ının inzibati binasının önündə üstünə benzin tökərək özünü yandırmaq istəyib.
Əlövsət Mütəllimov bizimlə söhbətində bildirdi ki, 2010-cu ildə “Şəki Bazar”da dükan tikdirib: “Dükanımın sənədləri yoxdur. Sənəd almaq üçün bir neçə dəfə müraciət etsəm də heç bir cavab verilmədi. Əvvəl yer haqqı bir ay üçün 50 manat idi. Bazar rəhbəri Vahid Abdullayev olandan sonra yer haqqı 120 manata qaldırıldı. Heç bir səbəbsiz-filansız. Bu ilin aprelində isə yer haqqı 200 manata qaldırıldı. Bu dəfə də etiraz etdim, çünki müqavilə kağızı da bizə verilmirdi. Icra hakimiyyətindən tutmuş bir neçə quruma müraciət ünvanladım. Çünki bu pulu ödəməyə imkanım yox idi. Iki körpə uşağım var, onlardan biri xəstədir”.
Əlövsət Mütəllimovun müraciətindən sonra qaldırılan yer haqqı ona şamil edilmir və əvvəlki qayda ilə 120 manat pul ödəyir. Bazar rəhbərliyinin qisası özünü çox gözlətmir. Bu ilin dekabrın 3-də Vahid Abdullayev bir xanımla dükan sahibinin yanına gəlib obyekti boşaltmağı əmr edib. Bunun səbəbini soruşanda isə dükanı qadına satıb: “Nə qədər yalvardıq, xeyri olmadı. Hər yerə şikayət ünvanladım”.
Əli hər yerdən üzülən Əlövsət Mütəllimov problemdən qurtuluş yolunu intiharda görür. Bazarın inzibati binası önündə üstünə benzin tökərək yandırmaq istəyir. Yaxınlıqda olan polis köməyə gələrək intiharın qarşısını alır.
Bazarda işləyən satıcılar dəfələrlə mətbuatda rəhbərliklə bağlı sərt açıqlamalar veriblər. Onların sözlərinə görə, V.Abdullayev sahibkarlarla kobud rəftar edir: “Yer haqqı qaldırılır. Insanların şəxsiyyəti alçaldılır. Elə bunun nəticəsidir ki, özbaşınalıqlara dözməyib adamlar intihar yolunu seçir”.
Qeyd edək ki, Şəkinin icra başçısı Elxan Usubov bir neçə gün əvvəl sahibkarları qəbul edib. Onlar Abdullayevin qanunsuz əməlləri barədə icra başçısını məlumatlandırıblar. Elxan Usubov isə öz növbəsində bildirib ki, yaxın günlərdə problem həllini tapacaq. Məlumat üçün deyək ki, Elxan Usubov ədliyyə naziri Fikrət Məmmədova yaxın şəxs sayılır. Ondan əvvəlki icra başçısı Murad Cabbarlı isə Cahangir Hacıyevin kadrı sayılırdı.
Elxan Usubova qədər Şəkinin icra başçıları Cahangir Hacıyevin yaxın ətrafına daxil olan şəxslər idi. Bu, Şəkinin Beynəlxalq Bankın prezidentinin kurasiyasında olması ilə izah edilirdi. Lakin Murad Cabbarlının dövründə sahibkar Hikmət Səlimovun intiharı Şəkinin Cahangir Hacıyevin nəzarətindən çıxmasını şərtləndirdi. Hikmət Səlimovun intiharından bir müddət sonra Murad Cabbarlı tutduğu vəzifədən azad edildi və onun yerinə Elxan Usubov gətirildi. Bununla da Şəki faktiki olaraq, Cahangir Hacıyevin əlindən alındı.
Ramin DEKO