“Bəxtiyar Hacıyevin dostları” adlı qrupun üzvləri yeni məktub kampaniyasına başlayıb. Gənc fəalla birgə Harvard universitetindən məzun olmuş qrup yoldaşlarının Ilham Əliyevə yazdıqları məktub onlayn petisiya saytına yerləşdirildikdən bir gün keçməmiş imzaların sayı yüzlərlədir.
Qrupun Azərbaycanda olan üzvlərinin sözlərinə görə, imzalar arasında Malayziyadan Islandiyaya, ABŞ-dan Avropaya, Latın Amerikasından Afrikaya qədər yüzlərlə insanın adları var. Imza kampaniyasının gələn həftənin əvvəlinə qədər davam edəcəyi və maksimum imza sayı ilə Əliyevə göndəriləcəyi bildirilir.
Hazırlanan qısa məktubda Harvard məzunları gənc fəal Bəxtiyar Hacıyevin həbsindən, onun barəsində çıxarılan hökmdən narahatlıqlarını ifadə edərək, bir çox beynəlxalq təşkilatın onun azadlığa buraxılmasını tələb etdiyini xatırladıblar.
“Biz Bəxtiyarı vətəninin dünyanın ən yaxşı yerlərindən biri olması üçün öz azadlığını sərf edən, nəcib və fədakar biri hesab edirik”, – deyə yazan gənclər Əliyevdən Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını istəyirlər.
Xatırladaq ki, ABŞ-ın Harvard universitetinin məzunu olan keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamıyla 2 il azadlıqdan məhrum edilib. Hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan gənc fəal özü, eləcə də bir sıra yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsinin siyasi motivli olduğuna inanır. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Bəxtiyar Hacıyevi vicdan məhbusu hesab edərək, dərhal azadlığa buraxılmasını tələb edib.