Danimarkadan Bakıdakı “Eurovision”u boykot çağırışı

“Azərbaycan hökuməti insan haqlarına hörmət etməyi bacarmırsa…”

Danimarkanın OGAE klubu yayım şirkətlərini Bakıda keçiriləcək “Eurovision-2012″ musiqi yarışmasını boykot etməyə çağırıb. ”Qafqazinfo”nun “eurovisionary.com” saytına istinadən verdiyi xəbərə görə, fan-klub üzvləri boykot təklifini irəli sürərkən Bakıda müsabiqə üçün tikiləcək yeni arena ilə bağlı insan haqlarının pozulmasını əsas gətiriblər.
“Eurovision” müsabiqəsi fanatlarının baş təşkilatına (OGAE) Danimarka filialının prezidenti Iohan Sorensenin göndərdiyi açıqlamada qeyd olunub ki, 2012-ci ilin mayında keçiriləcək yarışmanın keçirilməsi üçün hazırda Azərbaycanda yeni arenanın tikintisi gedir, ancaq layihə ləğv olunmasın deyə, 65 evi sökmək və ərazini təmizləmək lazımdır. Bu baş verəndə isə həmin evlərdə yaşayan 300 ailə oranı tərk etməli olacaq.
“Əgər onlar Yeni ilə qədər evlərini öz xoşları ilə tərk etməsələr, onları zorla çıxaracaqlar. Onların isə getməyə heç bir yerləri yoxdur”, – deyə Iohan Serensen yazır.
Fan-klub onu da qeyd edib ki, Azərbaycan hökuməti həmin sakinlərin evlərinin əvəzinə bazar qiymətindən dəfələrlə az kompensasiya təklif edir. Başqa sözlə, həmin adamları şəhərin mərkəzindəki evlərindən çıxarırlar və onlar kənar yerlərdə daha kiçik mənzillərdə yaşamalı olacaqlar.
“Əgər Azərbaycan hökuməti insan haqlarına hörmət etməyi və səmərəli kompensasiya verməyi bacarmırsa, o zaman Avropa Yayım Birliyi müsabiqənin keçirilməsi üçün başqa bir ölkə seçməlidir”, – deyə fan-klub bəyan edib.
Avropa Yayım Birliyinin kommunikasiyalar üzrə direktoru Yarmo Siym də məsələyə şərh verib. O bildirib ki, həmin evlər yeni arenanın tikintisi ilə əlaqədar sökülməyib: “Müsabiqənin məhz bu konsert salonunda keçirilməsilə bağlı yekun qərar qəbul edilməyib və hələ məlum deyil ki, Azərbaycan konsert zalını ”Eurovision” başlayana qədər tikib başa çatdıra biləcək, yoxsa yox”.
O, həmçinin müsabiqənin siyasi xarakter daşımadığını, müsabiqənin təşkilinin hakimiyyətin deyil, ictimai yayımın əlində olduğunu qeyd edib.