Azərbaycandan uzaqda Azərbaycan olan sənətkar

O, balabana ikinci nəfəs verdi

Azərbaycan musiqisinin şöhrətini uzaq sərhədlərə daşıyan böyük sənətkarlarımız haqqında geniş söz açmağa dəyər. Onların sırasında qədim musiqi alətlərimizi yaşadan ustad ifaçıların da əvəzsiz yeri var. Tarixi kökləri altıncı əsrə gedib çıxan milli musiqi alətimiz balabanın dünyada təbliğində böyük xidmətləri olan Əlixan Səmədovun adı hər kəsə yaxşı tanışdır. 17 ildən artıqdır Türkiyədə yaşayan sənətkar mahir ifası ilə həm milli musiqimizin, həm də başqa xalqların sahib çıxdığı balabanın tanıdılmasında böyük işlər görür.
Ustad sənətkar bu illərdə ermənilərin dünyaya duduk adıyla tanıtdıqları balabanla solo konsertlər verərək, onların arzularını puça çıxardı: “Balabanın bizə Azərbaycana aid olduğunu, yalnız Azərbaycanda yaşayanlar bilirlər. Dünyada bundan xəbərsizdilər. Təbliğat güclü olmalıdır ki, səni və sənin musiqini, musiqi alətlərini tanıyıb qəbul etsinlər. Təəssüf ki, bizim təbliğatımız çox zəifdir. Mən bu boşluğu görəndən sonra balabanı tanıtmağı özümə borc bildim və başladım fəaliyyətə. Bala kiçik, ban isə səs deməkdir”. Əlixan Səmədovun ifasında təqdim olunan “Sarı gəlin”, “Apardı sellər Saranı”, “Heyvagülü” kimi unudulmaz bəstələr indi Hollivud və Avropanın bir çox filmlərində, Fransa, Almaniya, ABŞ-ın ən möhtəbər konsert salonlarında səslənir.
“Sarı gəlin” mahnısı əzəldən türklərə məxsusdur. Bunu tarix də sübut edir. Çox təəssüf ki, bəzi bilgisiz və kültürsüz “şəxs”lər “Sarı gəlin”i erməniləşdirirlər. Bu yaxınlar da Los-Anceles şəhərində konsert səfərində idim. Səhnə də ilk ifam “Sarı gəlin” mahnısı oldu. Biz azərbaycanlılar olaraq hər zaman “Sarı gəlin” mahnısı haqqında sadəcə, “bu bizimdir” demişik. Amma onu tanıtmaq lazımdır, mən də bu günə qədər çıxan disklərimdə 4 dəfə dəyişik “Sarı gəlin”ə yer vermişəm. Istərdim ki, hər müğənnimiz öz yeni çıxacaq diskində “Sarı gəlin” kimi daha bir cox mahnılarımıza yer versin. Inanın ki, o zaman danışmağa və ya kimsəyə sübut etməyə gərək qalmayacaq. Mənim də qarşıma hər millətdən dinləyici çıxır, amma mən sadəcə öz ifama baxıram. Hər ifa etdiyim musiqi mənim üçün önəmlidir. Milli musiqimizi qorumaq hər azərbaycanlı vətəndaşın borcudur”- deyir sənətkar.
“Türkiyədə Azərbaycanın balabanını tanımırdılar. Bu da mənə pis təsir etdi. Ona görə də başqa alətləri bir kənara qoyub, sırf balabanın təbliği ilə məşğul oldum. Adicə qarmona orada akkordeon deyirlər. 1998-ci ildə hazırlıqlarına başladıq, 2000-ci ildə elə ”Balaban” adında albom buraxdırdım. Türkiyədə belə bir ənənə var ki, albom hazırlamaq üçün 2-3 il sərf olunur, sonradan hər hansı nöqsana görə qapı-qapı gəzib, o diskləri yığmaq məcburiyyətində qalmayasan.
Əslində həmin albomu mən az sayda dost-tanış üçün buraxdırmışdım. Amma sonradan bu albom əldən-ələ yayılaraq Amerikaya gedib çıxdı. Sonra gördüm ki, mənim ifalarımı Türkiyənin aparıcı radio-televiziya kanallarında səsləndirirlər. Onda məni Türkiyədə indiki kimi tanımırdılar. Bəzən mənə albomun adı ilə “Balaban bəy” deyə müraciət edənlər də olurdu. Yavaş-yavaş “Balaban” albomu Türkiyədə populyarlaşandan sonra özümdə məsuliyyət hiss etdim və “balaban”la bağlı araşdırmalara başladım, bir çox arxivlərə müraciət etdim, onun tarixini öyrəndim. Açığını deyim ki, o dövrdə çox çətinlik çəkdim, çünki hər hansı doğru-dürüst bir mənbə tapa bilmirdik”.
Bizdə hər şey var, amma heç nə yoxdur…
Mənim evimdəki kresloya əgər bir qonaq gəlib oturmursa, onda o kreslo, heç bir şeyə yaramaz. Əgər bizim muzeylərdəki eksponatlardan dünyanın xəbəri yoxdursa, onda onlar nəyə lazımdır? Deməli, milli sərvətlərimizi dünyada tanıtmaq lazımdır. Bəzi millətlərin heç nəyi yoxdur, amma dünyada elə bir təəsürat yaradıblar ki, sanki bəşəriyyətə mədəniyyəti bunlar veriblər… Təəssüf ki, bu gün insanlar əsl musiqiyə, musiqiçiyə doğru qiymət vermək xüsusiyyətini itiriblər. Bizim vaxtımızda belə idi ki, əgər bir kənddə 3 yerdə toy olurdusa, gedib pulunu salıb, yeməyini yeyirdin, yaxşı musiqinin səsləndiyi mağara gedirdin. Sanki bir yarış vardı”- deyir Əlixan bəy.
O hər yerdə Azərbaycanı təmsil edir, bu ölkənin adını səsləndirir. “Qürbətdən gördüyümüz Vətən, bir başqadır, yəni daha doğmadır. Amma yaşadığım bu oba da mənə yad deyil, elə bura da mənim Vətənimdir. Əsas odur ki, vətən üçün xeyirli övlad olasan, nəsə edə biləsən. Düşünürəm ki, hələlik buradakı fəaliyyətimÿAzərbaycanımız üçün daha vacibdir”-söyləyir.
Nə qədər əcaib görünsə də, ermənilər çox yerdə onu öz musiqiçiləri kimi qələmə verirlər. Bu fakta görə o, özünü günahkar bilmir: “Yaxınlarda məndən müsahibə alan bir jurnalist ermənilərin internet saytında erməni musiqiçiləri ilə yanaşı, mənim də adımın olduğunu bildirdi. Mənim heç nədən xəbərim olmadığını eşidəndə jurnalist ”xəbəriniz olsaydı, nə edərdiniz” deyə soruşdu. “Heç nə etməzdim” deyə cavab verdim. “O mənim işim deyil. Siz də məni azərbaycanlı kimi tanıdın. Siz eləməsiniz onlar edəcəklər”- dedim”.
Balabanla tanışlığının uşaqlıq illərinə getdiyini söyləyir. Musiqi aləminə nağarayla gəlib. Sonra qarmonu öyrənib. Qarmondan sonra qaboy və nəfəsli alətlərlə yola davam edib. Balaban da musiqi kolleksiyasına o zamanlar daxil olub.
Uşaq yaşlarından nəfəsli alətlərə böyük marağı olan ifaçının bu sənətə marağını tanınmış qaboy ifaçısı Kamil Cəlilovun sənəti yaradıb. Uşaq yaşlarından qaboyda onun kimi ifa etməyə səy göstərib. Hətta dəfələrlə olub ki, toyda qaboy çaldığı zaman kənardan musiqini Kamil Cəlilovun səsləndirdiyini düşünüblər. Indi sənətkar demək olar ki, bütün nəfəsli alətlərdə, klarnet, saksafon, zurna və balaban alətlərində ifa etməyi öyrənib. Hazırda 18 alətdə ifa etdiyini söyləyir.
Balabanın kitabını da yazdı
“Ilk diskim çıxdığı zaman dünyanın hər tərəfindən məktublar alırdım. Hər kəs məndən balaban haqqında bilgi istəyirdi. Bakıdakı dostlarımla əlaqə saxlayıb, gələn məktublar haqqında bilgi verib, kitab istəyirdim. Bu mövzuda kimsə mənə yardımçı ola bilmədi, belə ki, kitab yox idi, ya da tapa bilmirdilər. Amma gələn istəklər o qədər çox idi ki, axırda kitab yazmağa söz verdim sevənlərimə. Nə isə 2-3 il ərzində kitabı yazıb, dostlarım sayəsində də mətbəəyə verdim…
O aralar Istanbulda “PALMALI” firmasının “PAL FM” radiosunun açıldığını söyləyib məni oraya dəvət etmişdilər. Radionun və  “PAL Medya” şirkətinin müdiri Ibrahim Nəbioğlu məni öz otağında qəbul edib çox gözel qarşılamışdı. Onun bir sözünü heç unutmaram, “sənin üçün nə edə bilərik” deyə soruşdu.
Bu sözü eşidəndə, inanın ki, çox duyğulandım. Çünki bu günə qədər kimsədən o sözü eşitməmişdim. Üstümdəki “Flash disk”dəki kitab bilgilərini ona göstərdim. Ibrahim bəy bilgiləri görüncə çox bəyəndiyini və bu kitabı Azərbaycanımıza yaraşacaq bir şəkildə çıxarmaq üçün istədi… Və beləcə “Balaban metodu” 3 dildə, türkcə, ingiliscə və rusca işıq üzü gördü”.
Indiyə kimi musiqiçinin 7 albomu işıq üzü görüb. Son albomunda müasirlik ilə milliliyin uğurlu sintezi əsasında qiymətli əsərlər yaradan Əlixan Səmədovun ifasında “Kor ərəbin mahnısı”, “Çırpınırdı Qara dəniz”, “Şirvan şikəstəsi”, “Qaragilə”, “Azərbaycanım” kimi mahnılar ilə bərabər, 20 Yanvar şəhidlərinə həsr olunan yeni bəstəsi yer alıb.
Məhz Azərbaycan musiqisinin təbliğinə görə sənətçi akademik Yusif Məmmədəliyev adına medal ilə təltif olunub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir