Avropa Məhkəməsindən yeni qərarlar gəlir

Yaxın vaxtlarda Əli Kərimlinin, Arif Hacılının, Həsən Kərimovun və daha bir neçə nəfərin işi üzrə qərarlar elan olunacaq

“Avropa Məhkəməsi yaxın vaxtlarda Əli Kərimlinin, Qulamhüseyn Əlibəylinin, Arif Hacılının, Həsən Kərimovun, Bəybala Əbilin, Sərdar Cəlaloğlunun və daha bir neçə nəfərin işi üzrə qərarlarını elan edəcək”. Bu sözləri tanınmış hüquqşünas Intiqam Əliyev “Bizim Yol” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, birinci iki işdə siyasilərin seçkiləri udması seçki komissiyaları səviyyəsində təsdiqlənib, Konstitusiya Məhkəməsi heç bir tutarlı əsas göstərmədən nəticələri ləğv edib: “Arif Hacılının seçkilərin nəticəsində qalib gəlməsi DSK-nın qərarı səviyyəsində tanınsa da, MSK tamamilə qanunsuz əsaslarla DSK-nın qərarını ləğv etmişdi. Nəticələrin bu formada ləğvinə Avropa Məhkəməsi Flora Kərimovanın işi üzrə qərarında münasibət bildirmişdi. Bəybala Əbilin işi namizədliyin qeydiyyatının qanunsuz olaraq ləğvi ilə, Həsən Kərimovun və başqalarının işləri isə üzrə seçkiöncəsi və seçki günü baş verən qanun pozuntuları və seçki saxtakarlıqları ilə bağlıdır”.
Intiqam Əliyev həmin qərarların hansı məzmunda olacağını deyə bilməsə də, azad seçkinin xeyrinə olacağına şübhəsi olmadığını bildirib. “Şikayətlərin siyahısından çıxarılması mərhələsi artıq keçib. Bu işlərdə mahiyyət üzrə qərarlar olacaq”, –  deyə hüquqşünas bildirib.