Antitürk qanunu Sarkoziyə baha başa gəlir

Türkiyədən sonra Fransa elitası prezidentə qarşı çıxdi

Sarkozinin atası Ərdoğana cavab verdi

Türkiyə ilə Fransa arasında misli görünməmiş gərginlik fransız mediasının və siyasi elitasının əsas gündəminə çevrilib. Fransanın “Le monde” və “Le Figaro” kimi ən tirajı qəzetləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Fransa prezidenti Nikolya Sarkoziyə ünvanladığı sərt ittihamları baş xəbər kimi təqdim ediblər. Qəzetlər Ərdoğanın əsəbi halda çəkilmiş şəklini manşetdən verərək “Əlcəzair soyqırımı” başlıqlı xəbəri manşetdən yayımlayıblar. Xəbərlərdə baş naziri fransız prezidentini “İslam düşməni” və “Türk düşməni” adlandırması da vurğulanıb.

Ankarayla yanaşı Fransa siyasi elitası da “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin parlamentin aşağı palatasında qəbuluna görə Nikola Sarkozini və hakimiyyəti sərt tənqid edib. Həftəlik “Le Nouvel Observateur” jurnalında qanun layihəsinin müəllifi Valeriya Boyerin də üzv olduğu hakim partiyanın üzvü Lionel Tardinin məqaləsi yayımlanıb. Tardi məqaləsində layihənin əleyhinə səs verdiyini yazıb. O, “Nə üçün qanunun əleyhinə səs verdim?” başlıqlı məqaləsində bildirib ki, bu kimi qərarlar ifadə azadlığını məhdudlaşdırmaqla yanaşı daha təhlükəli nəticələr yarada bilər.

Ruanda qətliamı Parisə qarşı istifadə oluna bilər

Hakim partiyadan seçilmiş deputat qanun layihəsini müəyyən bir qrupun razı salınması məqsədi daşıdığını yazıb. O, qanunun qəbulunun gərəksiz olduğunu və 96 il əvvəl yaşananları isbatlayacaq kimsənin qalmadığını bildirib. Fransız deputat lobbi fəaliyyətlərinin qərarın qəbuluna güclü təsir göstərdiyini də vurğulayıb. Deputat Fransa hakimiyyətinə Ruanda və Vendi kimi soyqırımları iddialarını xatırladaraq layihənin Senatda qəbul olunacağı təqdirdə rəsmi Parisi daha çətin günlərlə üzləşəcəyi xəbərdarlığını edib.

Müxalifətdəki Sosialist Partiyasının prezidentliyə namizədi Fransua Holland qanun layihəsinin parlamentin aşağı palatasında qəubulu prezident Nikola Sarkozinin “seçki əməliyyatı” kimi xarakterizə edib. O, Sarkozinin ermənilərdən səs qazanmaq üçün bu plana əl atdığını, layihənin Senatda qəbul edilməyəcəyini bildirib.

Sarkozi konstitutsiyanı pozub

Sosialistlərin liderlərindən biri Fransa Konstitusiya Məhkəməsinin keçmiş sədri və eks ədliyyə naziri, Senat üzvü Robert Badinter layihənin ən qatı əleyhdarıdır. O, hələ qanun layihəsi aşağı palatada müzakirəsi zamanı da mövqeyini ortaya qoymuşdu. “RTL” radiosuna danışan senator qanuna sərt etiraz bildirib:“Layihəyə qarşıyam. Bu qanun konstitusiyaya ziddir. 2001-ci ildə çıxarılan və “soyqırım”ı tanıyan qanun da konstitutsiyaya ziddi olub. 2009-cu ildə konstitusiyaya edilən dəyişikliklərdən sonra hər kəs konstitusiyaya zidd hesab etdiyi qanundan məhkəməyə şikayət edə bilər. Üstəlik bu iddialar sonda yalnız inkar qanunu deyil, “soyqırım”ı tanıyan qanunun da ləğvini gündəmə gətirə bilər. Millət vəkilləri tarix yaza bilməz. Fransanın qatılmadığı və tək bir fransız qurbanın olmadığı bir hadisəylə əlaqədar fransız parlamentarilər danışa bilməz”.

Senatordan prezidentə xəbərdarlıq

Senatın digər üzvü Natali Qule qanun layihəsiylə bağlı ölkə Nikola Sarkoziyə xəbərdarlıq edib. Ornedən seçilmiş senator və NATO Parlament Assamableyasının üzvü olan Qule yazılı açıqlamasında günahı keçmişdə axtarmağın təhlükəli olduğunu deyib:“Bu gün Türkiyə bizə cavab verir və Əlcəzairdəki keçmişimizi xatırladır. Gələcəkdə, Qəzza və Dağlıq Qarabağ xalqları, kürdlər, iraqlılar, əlcazairlilər, Əlcazair savaşı zamanı fransız ordusunda xidmət edən əlcazairlilər Fransaya gələrək, tarixin onlara vermədiyi və ya hələlik tanınmayan haqlarını Fransada axtarmaq istəyəcəklər. Senatın bu yalnış gedişə bir son verib, tarixçilərin işlərini görmələrinə imkan yaradacağına ümid edirik”.

Senator həm Türkiyə, həm də Ermənistanın dostu olan Fransanın tərəfləri bu tarixi anlaşılmazlığı həll etmək məsələsində baş başa buraxmasının daha uyğun olduğunu deyib:“Prezident tərəfindən verilən bu söz hamımızın böhranla mübarizəyə ehtiyac duyduğumuz bir dövrdə türk dostlarımızı və türk əsilli fransız vətəndaşlarını haqsız olaraq yaralayıb. Türkiyə 100 “Airbus” təyyarəsi sifarişindən imtina etdikdə prezident nə deyəcək?”.

Paul Sarkozi:“Ərdoğanın iddiaları gülüncdür”

Bu arada Fransa prezidenti Nikola Sarkozinin atası Paul Sarkozi Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana cavab verib. Paul Sakozi baş nazirin iddialarını gülünc adlandırıb.
Xatırladaq ki, Türkiyə baş naziri bildirmişdi ki, Əlcəzairdə 1945-ci ildən etibarən əhalinin 15 faizi fransızların soyqırımına məruz qalıb və Fransa prezidenti Nikola Sarkozi bunu bilmirsə, atasından soruşsun.

Paul Sarkozi isə bildirib ki, həmin dövrə aid bütün həqiqətləri sənədlərlə birlikdə yazdığı kitabında izah edib:“Legionda yalnız 4 ay qaldım. “Tant da vie” adlı kitabımı alın, orada bütün sənədlər var”. Əlavə edək ki, Paul Sarkozi Macarıstan yəhudisidir. 1940-cı illərin əvvəlində fransız legionlarına qatılan ata Sarkozi, təhsil almaq üçün Əlcəzairə göndərilib. Fransa müstəmləkəçiliyinə qarşı əl-cəzairlilər tərəfindən başladılan üsyanın ilk illərində, yəni ən qanlı dövründə də Əlcəzairdə fransız əsgəri olaraq xidmət edib.

Ermənilərin sözçüsü: Valeriya Boyer

Bununla yanaşı qanun layihəsinin müəllifi Valeriya Boyerlə bağlı yeni məlumatlar ortaya çıxıb. O, hər çıxışında Ermənistanın sözçüsü olduğunu açıq ortaya qoyur və Türkiyə əleyhdarı kimi tanınır. Boyer ötən ilin baharında Dağlıq Qarabağa ziyarət edib. Deputat Ermənistan Dostluq Qrupu sədrinin müavinidir. Sarkoziyə yaxınlığıyla tanınan Boyer millət vəkili seçilmədən əvvəl fransız-erməni Dostluq Dərnəyi sədrinin də köməkçisi olub. Boyer seçki kampaniyası zamanı ermənilərdən səs almaq üçün “ermənilərin maraqlarını Fransa, Avropa və bütün dünyada müdafiə edəcəyəm. Erməni xalqının yerli və beynəlxalq arenada sözçüsü olacağam” kimi bəyanatlar verib.

Elxan