Venesiyya Komissiyasından hakimiyyətə etiraz

“Siyasi partiyalar haqqında yeni qanun layihəsi hazırkı formasında qəbul olunarsa…”

 

Azərbaycanda siyasi partiyalar haqqında yeni qanun layihəsi hazırkı formasında qəbul olunarsa, yeni siyasi qüvvələrin yaranması daha da çətinləşəcək. Qanun layihəsini tədqiq etmiş avropalı konstitusiya və hüquq ekspertləri belə deyir.
Avropa Şurasının məsləhətçi orqanı olan Venesiya Komissiyasının (VK) eskperti Bakının qanuna dəyişikləri qəbul etməyəcəyinə dair bəyanatından sonra şərh verib. Azərbaycan prezidentinin sözçüsü deyib ki, Bakı VK-nin tövsiyyə etdiyi bəzi dəyişikləri qəbul etməyəcək.
VK-nin yüksək rəsmisi Thomas Markert BBC Azərbaycancaya bildirib ki, o, əsasən siyasi partiyaların ləğvinə dair bəndlərdən narahatdır.
O deyib ki, bəndlər aydın deyil və onlar Azərbaycanda məhz hansı partiyaların fəaliyyət göstərməsinə dair qərarı hökumətin qərar verməsini mümkün edə bilər.
Ancaq o, hakimiyyətin, siyasi partiyaların Konstitusiyaya dəyişiklərə dair tövsiyyələr verməsinə imkan yaradan təklifləri qəbul etməsindən məmnun qaldığını bildirib.

 

Partiyalara qadağa narahatlıqları

Cənab Markert deyir ki, qanunun orijinal layihəsinə görə, Konstitusiya dəyişikləri təklif edən partiya qadağan oluna bilər. Bu, VK-nin tövsiyyələrinin əleyhinədir. Belə ki, Komissiya “partiyaların, sülh yolu ilə olduğu təqdirdə, dəyişiklik tələb etməkdə azad olmasını” tövsiyyə edib.
O, bildirib ki, prezidentin sözcüçü Əli Həsənovun bəyanatından belə başa düşülür ki, Azərbaycan Komissiyanın tövsiyyələrini qəbul edib. Çünki qanun layihəsinin son versiyasına görə, hər hansı partiyanın konstitusiya normalarını yalnız güc yolu ilə dəyişməyə çalışdığı təqdirdə qadağan olunacağı bildirilib.
Ancaq VK rəsmisi BBC Azərbaycancaya deyib ki, o, “dövlətin dünyəvi xarakterini” dəyişməyə cəhd göstərən partiyanın qadağan oluna biləcəyinə dair bənddən narahatdır.
Cənab Markertə əsasən, “siyasi partiyaların Azərbaycanda islam qanunlarının işləməsi uğrunda mübarizə aparmaq haqlarının olmasını aydın göstərmək üçün mətnə dəyişiklik edilməlidir”. O, partiyaların dinc yolla və demokratiya və insan haqlarına hörmət edərək belə mübarizə aparmağa hüququnun olmasını vacib hesab edir.
“Hazırkı mətn düzgün olmayan yanaşmaya yol aça bilər, çünki müxtəlif interpretasiyalar ola bilər və partiyanın sadəcə qeyri-dünyəvi olduğunu deməklə onu qadağan etmək asan olar” – Thomas Markert belə deyir.
O, layihədəki digər bənddən bəhs edib: partiya “qanunsuz hərəkətlərinə” dair xəbərdarlıq alırsa və öz davranışını dəyişmək üçün müvafiq tədbirlər görmürsə, bağlana bilər.
Cənab Markert deyib ki, xəbərdarlığı verəcək orqanın tərəfsiz ola biləcəyinə dair heç bir təminat yoxdur.
O, qanun layihəsinin Ədliyyə Nazirliyinin belə bir xəbərdarlıq etməyə səlahiyyəti olacağını nəzərdə tutduğunu deyib. “Bununla da, hansı partiyaların fəaliyyət göstərəcəyinə dair hökumət qərar verəcək”.

Yeni partiyanın neçə üzvü olmalıdır?

Azərbaycan hökuməti və VK hüquqi ekspertləri arasında yeni yaranacaq siyasi partiyanın rəsmi qeydiyyat üçün neçə üzvünün ola biləcəyinə dair fikir ayrılığı olduğunu da qeyd edib.
Qanun layihəsinə görə, hökumət siyasi partiyanın qeydiyyatı üçün üzv və tərəfdarlarından 5 min imza tələb edir. Əli Həsənov deyir ki, Azərbaycanda siyasi partiyaların sayı olduqca çoxdur və qeydiyyat üçün tələb olunan yüksək say siyasi partiyaların birləşməsinə gətirib çıxaracaq.
VK yeni partiyanın qeydiyyatı üçün min imzanın yetərli olduğunu deyir. Thomas Merkert BBC Azərbaycancaya deyib ki, qanun yeni partiyaların yaradılmasına stimul verməlidir. “Onlardan hansının parlamentdə təmsil olunmasına və ölkənin siyasi həyatında mühmü rol oynamasına seçicilər qərar verməldir”.