Türklərin Paris mitinqi

«Soyqırım qanunu» millətləri düşmən etmək üçün düşünülüb

Əməkdaşımız Aqil Xəlilin Fransa parlamenti önündən qeydləri

 

Dünən səhər tezdən Fransa parlamentinin qarşısına qəbulu gözlənilən qanuna etiraz edən minlərlə insan axışmağa başladı. Aksiya da elə orada – parlament binasının ətrafında baş tutdu. Etiraz aksiyasına minlərlə insan qatılmışdı. Aksiyada Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da dalğalanırdı. Bu mitinqdə təkcə Fransada yaşayan türklər deyil, Avropanın başqa ölkələrində yaşayan türklər və fransızlar da iştirak edirdilər.
Səhər saat 7-dən başlayan aksiya 4 saata yaxın davam etdi. Mitinq zamanı hər hansı xoşagəlməz insident baş vermədi. Iştirakçıların əsas şüarları “Sarkozi, rədd ol!”, “Tarix tarixçilərin, siyasət siyasətçilərin işidir” və s. idi.

Türk millətinin əsl siması insanlıqdır


Mitinqdə iştirak edənlərlə söhbətləşdik.
Fransada Türkiyədən qonaq olan Adil Balaban:
“Ermənilərə yaltaqlıq etmək istəyən Fransa hökumətinə bildirmək istəyirəm ki, bu yaltaqlığı dayandırsın. Mən bu meydanda toplanan, Türkiyə sevdalarını bildirən xalqımla qürur duyuram. Bir əsr əvvəl baş verən hadisələri şişirdib ictimaiyyəti çaşdırmaq istəyənlər heç nəyə nail ola bilməzlər. Bunlar bilsinlər ki, Türk millətinin əsl siması insanlıqdır. Avropada yəhudiləri diri-diri sobalarda yandıranlar, Əlcəzairdə qətliamlar törədənlər saxta soyqırımdan danışmaq bir yana, Ana Yasaya zidd olan bir  normanı da qanuniləşdirib insanların özgür düşünmə haqqını əllərindən alırlar.
1992-ci ildən bəri Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara etdiyi qətliamları gündəmə çıxarsın bu dövlət. Biz heç zaman Xocalıda qətliam edilənləri unutmadıq. 100 il bundan əvvəl baş verənlərə saxta don geyindirib ortalığa atmaqda bu dövlətin məqsədi nədir? Bu dövlət öz müstəmləkələrində törətdiklərini gözləri önünə gətirsin, ondan əvvəlki tarixlərinə baxsın. Belə demokratiya olmaz”.

“Biz də Osmanlını canlandırarıq”


Fransanın cənubunda yaşayan Mustafa Qurd:
“Sarkozi anlamalıdır ki, Fransa bayrağındakı rənglər azadlığın, bərabərliyin və qardaşlığın rəmzidir. O, bu qanunu ortaya atmaqla öz xalqına qarşı hörmətsizlik etdi. Türklərin azad düşüncəsini əllərindən almaqla bərabərliyimizə qəsd edir. Belə gedərsə, Fransanı məhv edəcəklər. Bu qanunla türklərə heç nə olmaz. Türklər Osmanlını canlandıra bilərlər. Qoy, bunların ürəkləri partlasın”.

“Fransa qətliamları ittiham edirsə, Xocalıda baş verənləri gündəmə gətirsin”

Fransa vətəndaşı olan təqaüdçü Nəzmi Baltacı:
“Fransa unutmasın ki, biz yenə də ermənilərlə bir yerdə yaşayacağıq. Onlar bizim qonşularımızdır. Sarkozi erməniləri düşünmür ki… Gələcək seçkidə onların səsini almaq üçün edir bunu. Amma o anlamalıdır ki, Fransada türk ermənidən çoxdur. Gələcək seçkilərdə biz də ədalət naminə gecə-gündüz çalışacağıq. Bu oyunun başında Sarkozi hökuməti dayanır. Söz azadlığına qarşı basqı bu ölkəyə yaraşmaz. Bu, haqsızlıqdır. Bizim toplum içində ermənilərlə heç bir problemimiz yoxdur. Avropadakı erməniləri üstümüzə qısqırdan dövlət başçılarına isə bunu yaraşdırmırıq. Fikir hürriyyəti varsa, bu, qanunda olmalıdır. Bu ölkə barış istəməlidir. Əgər Fransa qətliamları ittiham edən dövlət olubsa, o zaman Xocalıda baş verənləri gündəmə gətirsin. Bunun məqsədi səs toplamaqdır”.

“Fransa bunun bədəlini çox pis ödəyəcək”


Parisdə “Sosial Kültür” Dərnəyinin başqanı Əhməd Rəcəb:
“Çox pis bir durumla üz-üzəyik. Əcdadımızın qatil adlandırılmasını və bizim də qatillərin nəvələri sayılmağımızı qəbul etmərik. Heç vaxt da qəbul etməyəcəyik. Əgər bu qanun qəbul edilərsə, Fransa bunun bədəlini çox pis şəkildə ödəyəcək. Bu qanun çıxsa, Fransa nəğd olaraq 100 milyardlarla pul itirəcək. Hələ bundan sonra da nələrin baş verəcəyi bəlli deyil. Bunlar bizi 45 min avro və 1 il həbslə qorxudurlarsa, bizə heç nə edə bilməyəcəklər. Biz türklər heç vaxt bunlara baş əyməyəcəyik”.

“Sarkozi etmədiyimiz günahı üstümüzə yıxmaq istəyir”


“Həmrəylik” Dərnəyinin rəhbəri Pənbə Həkimoğlu:
“Umarım, bu yasa keçməyəcək. Keçsə belə, umuruma da deyil. Görək bununla da ermənilərin səsi kəsiləcəkmi? Sarkozi isə etmədiyimiz günahı üstümüzə yıxmaq istəyir. Əslində, ermənilər öncə bizə və Azərbaycan türklərinə qarşı qətliam törətdilər. ASALA erməni terror təşkilatı nə qədər diplomatımızı qətlə yetirdi. Amma nədənsə hər zaman türkləri suçlayırlar. Tarix tarixçilərə, siyasət siyasətçilərə… Türkiyə isə böyük dövlətdir. Biz türklər isə harada olsaq da, dövlətimizə dəstəkçiyik”.

“Millətlər arasına kin-küdurət toxumu səpmək şərəfsiz işdir”


Fransa-Türk Federasiyasının rəhbəri Nihat Bozdağ:
“Bu gün Fransa üçün qara gündür. Burada olmağımızın səbəbi haqsızlığa, insan haqlarına, azadlıq ideyalarına zidd olan bir qanunun həyata keçməsinə etirazımızı bildirməkdir. Fransanı Avropada öncül demokratiya beşiklərindən sayırıq. Amma təəssüf ki, bu olaylardan sonra tam tərsinə bir durum yaranacaq. Bu, Fransız xalqının da xeyrinə olan bir durum deyil. Tarixdəki keçmiş olayları qaşıyaraq millətlər arasında kin-küdurət toxumu səpməklə uğur əldə etmək şərəfsiz işdir. Bunun fəsadları olacaq. Tutaq ki, bir təhsil müəssisəsində bir erməni və bir türk gənc oxuyur. Bir fransız tarix müəllimi bu uşaqların qarşılıqlı münasibətlərini necə tənzimləyəcək?”

Fransa cəmiyyəti bu qanunu xalqa hörmətsizlik sayır


Filip adlı fransız:
“Fransa cəmiyyəti bu qanunu Fransız xalqına hörmətsizlik kimi qəbul edir. Çəkinmədən deyərdim ki, dünyada qanunları ən çox pozan xalqlardan biri də fransızlardır. Hətta el arasında belə bir deyim də var: ”Qanun onu pozmaq üçün yaradılır”. O ki qaldı söz azadlığının ruhuna qarşı olan bir qanun ola…”.