Sərhədsiz Reportyorlar Azərbaycanda hansı sirri açdı?

Fransa parlamentinin aşağı palatasının “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsi Türkiyədə və bizim ölkədə gərginlik yaradıb. Amma xeyli ümidliyəm ki, Türkiyə və Fransa arasında gərginlik aradan qalxacaq. Ədalətsiz qərar senatdan keçməyəcək. Zatən parlamentin aşağı məclisində bu qərara deputatlardan cəmi 50 nəfər səs verib, qalan deputatlar iclasa gəlməyib. Onlar bu qanunu yersiz sayırlar. Hətta bu qanun qüvvəyə minsə də, gec-tez ləğv olunacaq. Çünki o, söz azadlığına qarşıdır və fikrə görə insana cəza nəzərdə tutur. Bu isə absurddur, insan haqlarına ziddir.

Söz və fikir azadlığına açıq təhdid olan bu qanun gec-tez rədd ediləcək. O, Cordano Brunonun odda yandırılmasını xatırladır. Alimi öldürdülər ki, sən Yerin Günəş ətrafında fırlandığını deyə bilməzsən. Brunonun yandırıldığı meydanda isə indi onun abidəsi durur. Məncə, bu qanun da həmin yanlışlığı daşıyır. Mən bunu təkcə Türkiyəni sevdiyim və onu haqlı saydığım  üçün demirəm. Həqiqət bu qanunu rədd edir. Insan haqları da. Fransanın beşiyi olduğu insan azadlıqları da həmçinin.
Amma dünən çox düşündürücü, əlahiddə bir hadisə baş verdi. Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı senatın “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etmək təşəbbüsünü pisləyib. Təşkilatın nümayəndəsi Yohan Birin deyib ki, hələ mayda – qanun layihəsi yenicə müzakirəyə çıxarılanda təşkilat bəyanat verərək bu addımı yolverilməz saymışdı: “Bu layihə vətəndaşların şəxsi azadlığını şübhə altına alır. Soyqırımının inkarına aid digər qanunlar kimi o da ifadə və fikir azadlığının müdafiəsi prinsipini pozur. Tarixə baş vurmaq yerinə Senat dialoq qurulması haqqında düşünməli idi.”
Mən bu xəbəri oxuyanda elə bildim, Sərhədsiz Reportyorlar Azərbaycanda bomba tapdı. Indiyədək bu təşkilatın hesabat və rəylərini bizim hakimiyyət və onun züy tutan vətənpərvər ordusu qərəzli adlandırırdı. Belə təşkilat qərəzli ola bilərmi? Gözünüzü açın? Siyasi partiyalar, hökumətlər qərəzli ola bilər. Amma bu təşkilatlar bəşəriyyətin namusunu qoruyan təşkilatlardır. “Freedom House”, “Human Rights”, Beynəlxalq Şəffaflıq Təşkilatı kimi qurumlara necə qərəzli demək olar? Onların işi hər ölkəyə bir mayakdır.
Bəs niyə təkcə Əli Kərimin oğlu?
Məşhur şair Əli Kərimin oğlu Orxan Kərimov aylardır həbsdədir. Onun qəzetimizə yazdığı məktub mənə çox pis təsir etdi. Həm ürəyim ağrıdı, həm də narazı qaldım. Deyir bəzi şeyləri aça bilərəm. Amma açmır…
Təhsil Nazirliyinin paxırlarını açmaqda davam edən TQDK sədri Məleykə Abbaszadə isə son müsahibəsində Orxanın durumuna dəxli olan dəhşətli rəqəmlər ortaya atıb: “Ali məktəblərə daxil olanlarla bitirənlər arasında, ümumi şəkildə götürsək, 10-15 faizə qədər fərq var. Amma elə ali məktəblər var ki, bu faiz sıfırdır. Elə məktəblər var ki, bu göstərici 30 faizə çatıb.”
Məleykə Abbaszadə deyir ki, daha çox köçürmələr Gürcüstan və Rusiya ali məktəblərindən edilir: “Nədənsə belə çıxır ki, birdən-birə 200-300 azərbaycanlı qatara minir, Dağıstana gedib ali məktəbə qəbul olunur, ikinci kursda isə hamısı qatara minib yenidən Azərbaycana gələrək burada oxuyur. Təbii ki, onların demək olar ki, hamısı bizim imtahanlarda iştirak edib aşağı nəticə göstərənlərdir. Son vaxtlar Ukraynadan da köçürmələr artıb”.
Deyəsən, Məleykə xanım təəccüblənib və guya bilmirmiş ki, bu oyunlar illərdir gedir və kimlərinsə gəlir mənbəyidir. Əgər hər il ölkənin ali məktəblərinə orta hesabla 20000 tələbə qəbul olunursa, deməli, onda qanunsuz köçürmələrin sayı 2000-3000 arasındadır. Əgər hər köçürmədən orta hesabla 5000-10000 manat əldə olunarsa, onda ümumi rəqəm hər il 10-15 milyon manat edər.
Orxan təkbaşına və özbaşına bunu edə bilərdimi? Onun bunları etməyə nə səlahiyyəti vardı ki. Gözəgörünməzliklə etmədi ki, bunu? Olsa-olsa, 5-10 nəfərin vasitəçisi olub və bu köçürmələri də kimlərsə edib.  Bəs niyə yalnız onu tutublar? Şair oğlu olduğu üçünmü?