Qorbaçov müxalifətin mitinqində çıxış edəcək?

Rusiyada ümumxalq mitinqinə son hazırlıqlar gedir

Rusiyada 4 dekabr parlament seçkilərinə etiraz əlaməti olaraq Moskvanın Saxarov prospektində və digər yerlərdə keçirilməsi planlaşdırılan növbəti kütləvi mitinqə son hazırlıqlar görülüb. Təşkilatçılar əsasən sosial şəbəkələrdə mitinqə çağırışlar və xüsusi broşurların paylanmasına üstünlük verib. Müxalif fəallar 4 dekabr seçkiləri zamanı baş vermiş qanun pozuntularından ibarət video-rolikləri sosial şəbəkələrdə və öz bloqlarında yayımlayıblar.
Təşkilatçılar aksiyaya yüz mindən artıq etirazçının toplanmasını planlaşdırır. Bu gün paytaxtla yanaşı Rusiyanın müxtəlif yerlərində və dünyanın ayrı-ayrı şəhərlərində də 4 dekabr seçkilərinə etiraz mitinqlərinin keçiriləcəyi gözlənilir. Mitinqlərin əsas tələbi seçkilərin nəticələrinin ləğv olunması, qanun pozuntusuna yol verənlərin cəzalandırılması və yeni parlament seçkilərinin keçirilməsi olacaq.
Hökumət isə 24 dekabr mitinqinin keçiriləcəyi Saxarov prospektinə yaxın ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiya təşkilatçıları özləri də etirazçıların təhlükəsizliyi və təxribat hallarının baş verməməsi üçün 100 nəfərdən ibarət bir neçə xüsusi qrup yaratmağı planlaşdırır. Paytaxt rəhbərliyi aksiyadan bir gün öncə Moskvaya yaxın hərbi qarnizonlardakı zirehli maşınları və daxili qoşunların əsgələrini mitinqin keçiriləcəyi əraziyə yerləşdirib. Şahidlər də 20 maşın əsgər, zirehli texnika, BTR Moskvaətrafı bölgədən paytaxta gətirildiyini təsdiqləyib.
Hökumət aksiyadan öncə müxalif fəallarının fəaliyyətinə əngəllər törətməyə başlayıb. Polislər paytaxt xəstəxanalarından birində müalicə olunan ictimai fəal “Sol Cəbhə”nin lideri Serqey Udalçovun yanına gələrək onun mitinqöncəsi çağırışlar etməsinə maneə olmağa çalışıblar. Əlavə edək ki, Udalçov seçki günü paytaxtda yerləşən seçki məntəqələrindən birində üzləşdiyi qanun pozuntusuna etiraz etdiyi üçün həbs olunmuşdu.
Bu gün Saxarov prospektində keçirilən mitinqdə SSRİ-nin son prezidenti Mixail Qorbaçovun da iştirak edəcəyi gözlənilir. Onun adı aksiyada çıxış edəcək siyasilərin siyahısına salınıb. Qorbaçov özü isə mitinqdən öncə verdiyi açıqlamasında rus xalqının mövqeyi ilə qürur duyduğunu və hökumətin narazı xalqı qorxuda bilməyəcəyini bildirib. Onun sözlərinə görə, dekabrın 10-da Bolotnaya meydanında keçirilən aksiyaya toplaşmış insanların sayı göstərir ki, xalq hazırki rejimlə barşımaq istəmir. Vətəndaşlar ciddi siyasi dəyişikliklər tələb edir. Qorbaçov hökumətin xalqın tələblərinə qulaq asmağı və cidi dəyişikliklərə getməli olduğunu söyləyib.

İnformasiya şöbəsi