Qazaxıstandakı etiraz aksiyalarına qarşı hökumət qüvvələrinin misilsiz qəddarlığı haqda xəbərlər yayılmağa başlayıb. “Yeni Müsavat” zəbər verir ki, Janaozen şəhərində baş verən dəhşətlər barədə internetdə videokadrlar yayılıb. Bu kadrlardan görünür ki, şəhərdə iğtişaşların yatırılması zamanı OMON və daxili qoşunlar xüsusi amansızlıqla davranıb. Kadrlarda təhlükəsizlik qüvvələrinə heç bir müqavimət göstərməyən silahsız insanların avtomatla necə güllələndiyi, can verməkdə olan yaralıların isə atəş açanların arxasınca gələn zirehli dəbilqəli OMON-çular tərəfindən dəyənəklə amansızlıqla döyüldüyü görünür. Qazaxıstan hakimiyyəti bundan əvvəl bildirmişdi ki, təhlükəsizlik qüvvələri dinc aksiyaçılara atəş açmayıb. İnternetdə yayılan kadrlar beynəlxalq insan haqları təşkilatlarını dəhşətə salıb və onlar bu qəddarlığın təcili araşdırılmasına çağırır.
Həmçinin Janaozendə nə qədər adamın güllələndiyi barədə də məlumat yoxdur. Rəsmi məlumatda ölənlərin sayının 15 olduğu bildirilir. Lakin əslində bu rəqəm dəfələrlə çoxdur. Rusiyanın müstəqil nəşrlərindən “Novaya qazeta”nın Janaozendə olan müxbirləri dəhşətli faktları üzə çıxarıblar. Onların yazdıqlarına görə, Janaozendə xəstəxana morqlarına hələ də heç kim buraxılmır, o cümlədən yaralılara baş çəkməyə icazə verilmir. Morqların qarşısı avtomatlılarla doludur. Həkimlərə və tibb personalına danışmaq qadağan edilib. Buna baxmayaraq, jurnalistlər xəstəxanalardan birinin həkim-reanimotoloqu ilə ünsiyyət qura biliblər. O deyib ki, gülləbaran başlayandan sonra xəstəxanaya onlarla cəsəd gətirildi. Həkim həmin gün 24 yaralının təkcə onun əməliyyat masasında can verdiyini açıqlayıb. Morqlardan birinin sanitarı isə dekabrın 16-da axşam onun növbəsi bitənə qədər morqa 22 cəsəd gətirildiyini deyib. Sanitar evə gedəndən sonra da cəsədlər gətirilməkdə davam edib. O danışıb ki, yer çatmadığından cəsədləri üst-üstə atıblar: “Mən küncdə 10 yaşlı bir uşağın da cəsədini gördüm, həmçinin öldürülənlərin arasında qadınlar da var idi”.
Qazaxıstan rejiminin qəddarlıqları bununla da yekunlaşmayıb. Şəhərdə həbs edilən yüzlərlə adama amansız işgəncələr verildiyi bildirilir. Bir neçə sutka polis bölməsində saxlanıldıqdan sonra buraxılan sakinlərdən biri danışıb ki, tutulanları ölümcül hala düşənə qədər döyürdülər, huşlarını itirəndə isə morfi vurub ayıldır və təzədən döyürdülər. İşgəncələr bununla da bitməyib və tutulanları soyunduraraq şaxtalı havada çöldə üstlərinə buzlu su töküblər. Təcridxanalarda da işgəncələrdən xeyli adamın öldüyü təxmin edilir.