“Köhnə üsullar – zor, basqı daha yeriməyəcək”

«Dünyadakı proseslərdən nəinki Azərbaycan, heç Afrika cəngəllikləri də kənarda qala bilməz»

Rafiq Əliyev: «Dəyişiklik qaçılmazdır, Allah eləsin öz içimizdə dəyişək, islahatlara gedək»

 

Cəmi bir neçə saatlıq ünsiyyət kifayət edir ki, onun əsl ziyalı, əsl vətəndaş və ən başlıcası, əsl insan olduğuna əmin olasan. Saymaqla qurtarmayan elmi nailiyyətlərini, dünyanın nüfuzlu nəşrlərində yer alan saysız məqalələrini bir kənara qoysaq belə, Rafiq Əliyev ziyalı adını daşımağa layiq nadir şəxslərdəndir. Bu qiymətli ziyalıdan bəhs edən bir kitabda maraqlı bir fikrə rastladım: “Onun sadəliyi böyüklüyü qədərdir”. Mübaliğəsiz-filansız bu, həqiqətən də belədir… Rafiq müəllimə qonaq olub onun adı ətrafında gedən olaylardan tutmuş, ölkədəki ictimai-siyasi vəziyyətə qədər bir çox məsələlərlə bağlı söhbət etdik.

Əvvəli ötən sayımızda

“Rafiq Əliyevi qınayıram!”

– 1964-cü ildən indiyə qədər tək bir tələbə mənim qapımı çırpıb gedib. Özü də elə möhkəm çırpıb gedib ki. O kim olsa yaxşıdır? Sizin həmkarınız – Ceyhun Musaoğlu. Indi o mənim ən istəkli adamımdır, çox yaxın dostumdur. Heç bir səbəbsiz qapını çırpıb getmişdi. Başqa müəllim olsaydı, bəlkə də deyərdi gör, onun başına nə oyun açacam. Mən anladım ki, bu səbəbsiz ola bilməz. Üstündən bir neçə gün keçdi, Ceyhun gəldi qapımı döydü. Özümə də, ona da çay tökdüm, oturduq. Başladı danışmağa ki, dörd il Qarabağ müharibəsini görüb, əzab-əziyyətlərdən keçib. Təbii ki, emosional vəziyyətdə olub. Heç bir şey olmamış kimi onunla ayrıldıq. Neft Akademiyasında terror olanda bütün qrupu yığıb gəlmişdi. Çox qəribə də bir şüar seçmişdi – “Rafiq Əliyevi qınayıram!”. Ona görə qınayıram ki, niyə məni kəsmədi ki, mən də bu gün bu terrorda ölmədim. Istər tələbə ilə, istərsə də başqa insanlarla münasibət quranda onların vəziyyətinə girmək lazımdır. Adətən o müəllim təkəbbürlü, ədalı olar ki, qafasında bir şey olmasın. Ya deyər ki, düz otur, ya deyər ki, telefonla danışma. Bəlkə əlahiddə bir zəng var, necə danışmasın? Dünyada başqa cürdür axı.

– Tələbələrinizlə münasibətlərinizin necə olduğunu təsadüfən soruşmadım. Maraqlıdır, onların Rafiq Əliyev kimi bir müəllimin işdən haqsız yerə çıxarılmasına reaksiyası necə oldu? Düzü, biz elə bir kütləvi etiraza şahid olmadıq. Halbuki bütün cəmiyyətlərdə etiraz dalğasının başında elə gənclər olur.
– Bakı Dövlət Universitetindən olan iki tələbəm iki dənə çox güclü yazı yazdı. Məsələn, yazıblar ki, biz tələbələrin bir qulağı həmişə zəngdə olub. Istəmişik ki, dərs qurtarsın, çıxaq gedək. Amma Rafiq müəllimin dərsində zəng çalınanda özümüzü çox pis hiss edirdik. Bununla yanaşı, tələbələr “Fasebook”da çox böyük mücadilə apardılar. Axı, indi beş adamı bir yerə yığışmağa qoymurlar. Ona görə, onları qınamıram. Amma dediyim kimi, sosial şəbəkələrdə çox böyük mücadilə oldu. Məsələn, 127 min üzvü olan yerli bir sosial şəbəkə var. Xeyli adam, içində də mənim tələbələrim reaksiyalar verdi. Hamısı öz profil şəkillərini çıxarıb mənim şəklimi qoymuşdular.

“O dəyərlər hələ ölməyib”

– Demək istəyirsiniz ki, ölkədəki siyasi şəraitin imkan verdiyi çərçivədə dəstək veriblər.
– Tamamilə düzdür. O çərçivədə. Düzünü deyim ki, onlardan narazılığım yoxdur. Tək tələbələrdən yox, cəmiyyətin bütün kəsimlərindən reaksiyalar gördüm. Hamı sözünü dedi. Içində tələbəsi də var idi, professoru da, dindarı da, filosofu da. Məsələn, Akif Islamzadə. Onu həyatımda cəmi bir dəfə görmüşəm. Yaxud Hacı Ilqar. Qardaşov soyadlı bir din adamı çox güclü bir yazı yazmışdı. Əfsuslar olsun ki, onu tanımıram. Fəlsəfə Institutundan Əli Abbasov, hüquq müdafiəçisi Leyla Yunus, vəkillərdən Aslan Ismayılov, Adil Ismayılov. Inanırsız, Adil Ismayılovla həyatımda bir dəfə də görüşməmişəm. Təxminən iki həftə qabaq görüşdük, onda minnətdarlığımı bildirdim. Deməli, cəmiyyətdə o dəyərlər ölməyib. Birinci növbədə qəzetlərə minnətdarlığımı bildirirəm. Çünki siz bu cəmiyyəti çox oyatdınız. Elə pozitiv qıcıq verdiniz ki. Cəmiyyət də bunu qəbul etdi. Məsələn, o vaxtlar dəfələrlə köşkə adam göndərirdim, amma nə “Azadlıq” qəzeti, nə də “Yeni Müsavat” qəzeti qalırdı. Demək, insanları oyada bildiniz.

“Ədalət olacaq, buna yüz faiz inanıram”

– Maraqlı situasiya yaranıb. Demokratiya uğrunda mücadilə verən siyasətçini əzirlər, dindarını eşitmirlər, azad söz deyəni boğurlar, məişət səviyyəsində haqqının pozulmasına etiraz edən sadə vətəndaşı saya salmırlar. Haqq danışan ziyalısına nə etdiklərini isə öz nümunənizdə gördünüz. Bəs bu cəmiyyətdə kimin sözü eşidilməlidir? Bu hakimiyyət üçün kimin sözü keçərli olmalıdır?
– Özünün. Yenə deyirəm, dünya o dünya deyil. Amma bu ideoloji iş aparan adamlar dəyişmək istəmirlər. Elə bilirlər ki, həmin o üsullar – zor, basqı yeriyəcək. Yox, yeriməyəcək. Qonşulara baxmaq lazımdır. Ən vacib cəmiyyətin müxtəlif kəsimləri ilə dialoqa getmək, islahatlar aparmaqdır. Buna alternativ yoxdur. Qətiyyən yoxdur. Dünya hansı sürətlə dəyişirsə, gərək biz də o sürətlə dəyişək. Dünyanın da dəyişməsində qaçılmaz bir şey var – dünya ədalətə hamilədir. Bunu birinci dəfə Kiprdə mənə rəhmətlik həyat yoldaşım demişdi. Dünyada ədalət olacaq, mən buna yüz faiz inanıram. Bu gedən proseslərdən heç bir ölkə – nəinki Azərbaycan, hətta Afrika cəngəllikləri də kənarda qala bilməz. Amma bu prosesə kim nə qədər tez adaptasiya olsa, o qazanacaq.

– Demək istəyirsiniz ki, dünyanın dəyişməsi fonunda Azərbaycanın dəyişməməsi ehtimalı yoxdur. Burada gec və ya tez məsələsi var. Bəs, bu proses gözlənildiyindən və arzu edildiyindən uzun çəkərsə?
– Təbii ki, proqnoz vermək çətindir. Amma artıq bütün bu proseslər modelləşdirilir. Mən internetə girdim və araşdırdım ki, hansı faktorlar hansı səviyyəni aşanda, hansı şərait yarananda ərəb küləkləri əsməyə başlayır. Yaxud da bir məqalə oxudum – Bin Ladeni necə tutublar? Obama ehtimal nəzəriyyəsi, kompüter texnologiyaları sahəsi ilə məşğul olan iki məşhur professoru yanına çağırıb. Deyib ki, siz proqnozla məşğul olursunuz, Bin Ladenin yerini tapa bilərsiniz? Onlar da cavab verib ki, yüzdə-yüz demək mümkün deyil. Proqnoz həmişə xəta ilə olur. Amma əgər kəşfiyyat məlumatlarını, Bin Ladenin boyunu, xarakterini və s. desəniz, bir şey deyə bilərik. Beləliklə, müəyyən ediblər ki,  Bin Laden öz evindədir. Sözümü ona gətirirəm ki, indi hər şey modelləşdirilib. Indi mən desəm ki, nədən sonra nə olacaq, bir az dəqiq olmaz. Bu proqnozu siyasətçilər daha yaxşı verə bilər. Mən dəqiq elmin adamı olduğum üçün bunu deməyə çəkinirəm. Qorxuram yox a, elmi baxımdan çəkinirəm. Amma dəyişmə qaçılmazdır. Allah eləsin ki, özümüz öz içimizdə dəyişək, islahatlara gedək.

“Bu gün Azərbaycana nə elm lazımdı, nə elm adamı”

– Bin Ladenin zərərsizləşdirilməsi ABŞ cəmiyyəti üçün ümummilli problemə çevrilmişdi. Deməli, Amerika hökuməti  professorlardan ümummilli problemi həll etmək üçün istifadə edir, bizdə isə belə problemləri qaldıran güclü beyinləri  bu vəziyyətə salırlar. Yeri gəlmişkən, həmin iki professor da elə sizin sahə ilə – ehtimal nəzəriyyəsiylə məşğul olub.
– Paradoks olsa da, deyəcəm. Bəzən məni ilk sözümdən anlamırlar, amma sonra düzəldirəm. Bu gün Azərbaycana elm adamı lazım deyil. Nə elm lazımdır, nə elm adamı. Ümumiyyətlə tarix boyu bəşəriyyəti ziqzaqlardan, çətinliklərdən elm çıxarıb. Mənim jurnalistikaya da, siyasətə də böyük hörmətim var. Amma onlar yox, elm. Bizim büdcəmizin əsas mənbəyi neftdir. Amma onun texnologiyası bizim deyil, istismarı bizim deyil. Yəni, orada elmi yanaşma yoxdur. Buna görə də elm adamlarına nə sayğı olacaq? Mənim bir yazım var idi, bu olaylarda ona çox istinad edirdilər. Yazmışdım ki, Azərbaycanın postneft dövrünü də fikirləşmək lazımdır. Onu da yazmışdım ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatında böyük enmə olacaq. Əleyhimə imza atan akademiklərdən biri mənə zəng etmişdi ki, ay Rafiq müəllim, niyə belə deyirsən, camaat pis başa düşür. Dedim, Allah eləsin, belə olmasın. Fala baxmıram ki, faktlara əsaslanıram. Bilirəm ki, neftdə, qazda enmə olacaq. Mən bunları görürəm. Belə olan halda, adambaşına düşən ümumdaxili məhsul da düşəcək. Adambaşına düşən ümumdaxili məhsul iki rüb dalbadal düşürsə, buna iqtisadiyyatda resessiya deyirlər. Mən üç il əvvəl bunu deyirdim. Dediyim kimi, postneft dövrünü düşünmək lazımdır. Postneft dövründə də yalnız və yalnız elm kömək edə bilər. Ikinci heç bir şey kömək edə bilməz.

– Sizcə, bunu dərk edirlər?

Ardı var

Gültəkin Knyazqızı