Bir qrup deputat prezident Mahmud Əhmədinejadın parlamentdə dindirilməsi üçün imza toplayıb
Iranda bir qrup deputat prezident Mahmud Əhmədinejadın parlamentdə dindirilməsi üçün imza toplayıb. APA-nın məlumatına görə, parlamentin Rəyasət Heyətinə təqdim olunan müraciətin müəllifi Əhmədinejad hökumətinin qatı müxalifi, mühafizəkar deputat Əli Mütəhərridir. Müraciətdə prezidentdən aşağıdakı suallara cavab verməsi tələb edilir:
– Ali dini rəhbər, ayətullah Seyid Əli Xamneyinin əmrinə 11 gün müqavimət göstərməsi.(ETTELAAT rəhbəri Heydər Moslehinin vəzifəsində qalıb-qalmaması məsələsi nəzərdə tutulur);
– Sabiq xarici işlər naziri Manuçöhr Möttəkini alçaldıcı şəkildə vəzifəsindən azad etməsi;
– Parlamentlə hökumət arasında səlahiyyət müqayisəsi aparması və məclisi hökumətdən aşağı sayması;
– Gənclər və idman naziri vəzifəsinə irəli sürdüyü namizədi parlamentə gec təqdim etməsi;
– Parlamentin qəbul etdiyi dövlət büdcəsindən Tehran metropoliteninə və başqa böyük şəhərlərdə metro stansiyalarının inşaatına vəsait ayırmaması;
– Ölkənin iqtisadi inkişaf göstəricisinin aşağı düşməsi;
– 1 milyard 500 milyon dollarlıq vəsaitin mədəniyyət işlərinə necə xərclənməsi;
– Yanacağa görə verilən subsidiyaların qaldırılması və s.
Xatırladaq ki, bu il iyunun 26-da Iran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması üçün parlamentin Rəyasət Heyətinə müraciət edib. Həmin müraciət də Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanıb. Ancaq iyunun 27-də parlamentin Rəyasət Heyəti impiçmenti məqsədəuyğun saymayıb.