Demokratik rus inqilabının memarı-Blogger Navalnı

Rusiyada bu insan artıq əfsanədir. Əgər Rusiya dəyişəcəksə, bu inqilabın bir nömrəli qəhrəmanı məhz o olacaq. Rusiya kimi  ölkənin , nəhəng korrupsiya maşınını darmadağın edən 35 yaşlı bu insan kimdir?

Aleksey Navalnı 1976 – cı ilin 4 iyununda Moskva vilayətinin Odintsovo rayonu, Butın hərbi şəhərciyində anadan olub. Hüquqşünas olmaqla yanaşı, maliyyə işləri üzrə ali təhsilli mütəxəssisdir. Uğurlu biznesmen, savadlı vəkil kimi kifayət qədər imkanlı şəxsdir. Dəfələrlə deputat mandatı, yüksək vəzifə ilə təşviq olunsa da, tutduğu yoldan dönməyib. Müxtəlif ictimai siyasi hərəkatlarda təmsil olunsa da,   bütün dünya onu blogger kimi tanıyır. Onun siyasi baxışları, xüsusən də Qafqaz və keçmiş sovet respublikaları haqda fikirləri, xüsusən tədqirəlayiqdir və əminliklə demək olar ki, Putin erasının sonu ilə , regionda əmin – amanlığın təməli qoyulacaq. Demokratik Rusiya onu əhatə edən dövlətlərin ərazi və siyasi təhlükəsizliyinin qarantı ola bilər.

Ölkəsini məhz belə görmək istəyən blogger, siyasi xadim Navalnıya olan sevgi, əksər rusların da bu əhval – ruhiyyədə olmasına sübutdur. Aleksey Navalnı, 2011- ci il dekabrın 6 –da, Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə görünməmiş saxtakarlığa qarşı  kütləvi etirazların təşkilatçısı kimi, saxlanılıb və barəsində 15 günlük həbs qəti – imkan tədbiri seçilib. Respublikaçı senator Con Makkeyn olmaqla,ABŞ Senatının  bir qrup üzvü , onun dərhal azadlığa buraxılmasını tələb ediblər. 
Xatırlayırsınızsa, bir neçə ay bundan əvvəl, dəqiq desək, sentyabrda Rusiya prezidenti, Dmitiri Medvedyev maliyyə naziri Aleksey Kudrini nümayişkarənə şəkildə vəzifəsindən kənarlaşdırdı. Baş nazir Putinə çox yaxın olan maiyyə naziri, milyonlarla tamaşaçıların gözü qarşısında, Medvedyevə him – cimlə nəyisə başa salmaq istədi, lakin prezident ona əhəmiyyət vermədi. Əlbəttə, bu heç də həmin müşavirədə yaranan mübəhisənin sonluğu deyildi. Məsələ burasında idi ki, Kudrin buna qədər ifşa olunmuşdu. Məhşur blogger Aleksey Navalnı onun himayəsində olan BTB bankının bir milyard dollar dəyərində olan korrupsiya əməlini ifşa etmişdir. Bunun üçün Navalnı , Yamal – Nanay Muxtar vilayətinə gedərək(!), korrupsiya predmeti olan neft – qazma qurğularının saxlanıldığı qarajda çəkilişlər aparmağa nail olmuşdur. Qurğular isə, rəsmi məlumatda guya istismar edilirmiş.  Kağızda aparılan bu “pul silmə” əməliyyatında istehsalçı şirkətlə, bank arasında olan alqı satqıda, elə ilk mərhələdə hər qurğudan nağd şəkildə 5 milyon dollar mənimsənilirmiş. Daha sonra Rusiyanın baş maliyyəçisi,  kağız üzərində “donqili”(yəni adı olub, özü olmayan – X.Ə) şirkət yaradaraq, bu şirkətə, “alınmış” qazma qurğularını arendaya verir. Həmin “donqili” şirkət də “Sibneft”ə , bu olmayan qurğuları ikiqat qiymətə icarəyə verir. Əlbəttə ki, kağız üzərində. Bir milyardlıq korrupsiyanı  Aleksey Navalnı ən xırda detallarına qədər, mərhələli şəkildə tədqiq edən Navalnı , bu haqda ictimaiyyətə bilgiləndirməkdə tələsmədi. Məhz Kudrinin, baş nazir Putinə bu “uğurlu” əməliyyatın başa çatması haqda məruzəsini və bu münasibətlə baş nazirin onu təbrik etməsini gözlədi…
Rusiyada bu hadisə geniş rezonans doğurdu, Medvedyevin maliyyə nazirini işdən qovmaqdan başqa “çarəsi” qalmadı. Putin isə, gələcəkdə Aleksey Kudrindən istifadə edəcəyini vurğulamaqla , onun könlünü aldı.
Onu da qeyd edim ki, bu Navalnının heç də ən böyük uğuru deyil. “Rostneft”, “Surqutneftqaz”, “Transneft” və “Qazprom” şirkətlərindəki küllü miqdarda korrupsiya faktlarını aşkar edərək, ölkə rəhbərliyinə qarşı ağır, təzkibedilməz dəlillərə əsaslanan ittihamlar irəli sürmüşdür.
Hətta bundan sonra “ Qazprom” şirkətində yüksək çinli menecerlər də cinayət məsuliyyətinə cəlb olundular. Əlbəttə, gözdən pərdə asmaq üçün, lakin ictimaiyyəti bununla aldatmaq mümkün olmadı.
Bundan başqa , Sibir neftinin Sakit okean hövzəsinə nəqli üçün nəzərdə tutulan kəmərin çəkilişi zamanı , məmurların yaratdıqları müxtəlif fondlara , podratçı təşkilatlar tərəfindən milyardların köçürülməsi mexanizmi elə dəqiqliklə göstərilmişdi ki, layihənin rəhbəri Nikolay Tokarev əks arqument tapa bilməmiş və… Aleksey Navalnını “avara” adlandırmaqdan başqa çarəsi qalmamışdır. Bu işin ədalətli istintaqı zamanı, hakim komandanın bir şox üzvlərinin həbs ediləcəyi heç kimdə şübhə doğurmur.
RUSİYANIN WİKİLEAKSI – ROSPİL – İN YARADICISI
Bu saytda Rusiyada  edilən bütün korrupsiya faktları, araşdırılır və onlar haqqıda geniş şərhlər verilir. Adı şəhər merində tutmuş məmur oliqarxların biznesləri , monopoliyaya aldıqları sahələr, cinayət əməlləri bu saytı “bəzəyir”. Məsələn, Krasnodar viləyətinin qubernatorunun 23 yaşlı qardaşı qızı artıq milyaderdir. Əmisi , vilayətin qubernatoru mətbuata açıqlama verir ki, “o hər şeyə sıfırdan başlayıb”(?). Tanış səhnədir deyilmi?.. Onu da qeyd edim ki, saytdakı materiallardakı mənimsəmə və digər korrupsiya elementləri bizə də “doğma”dır. Ziyarətçilərin sayına görə bu sayt , eləcə də Navalnının bloqu Rusiyada rəqib tanımır.
Təkcə onu qeyd edim ki, Aleksey Navalnının bir araşdırmasına və yaxud fikirlərinə bəzən on minlərlə şərh yazılır. 
Rusiyadakı hazırki vəziyyət , inqilabi stiuasiya kimi qiymətləndirilir. Putin və onun təşkilatını, dələduz və oğruların partiyası adlandıran Navalnı 10 dekabrda xalqa etdiyi müraciətdən bir hissə, düşünürəm ki, hamımız üçün maraqlı olacaq, çünki oxşar quruluşda və oxşar vədlər verilən başqa bir postsovet ölkəsində də biz yaşayırıq.
“Bizi 10 ildir ki, heyvan kimi susmağa məcbur edirdilər və başa salmağa çalışırdılar ki, inkişaf və yaxşı yaşayış üçün bu lazımdır. İllər keçdi və bir bir də gördük ki, mal – qara kimi susmağımız məmurların işinə yaradı. Bir dəstə dələduz milyardlara sahib oldu. İndi də həmin dələduzlar bizə deyirlər ki, səsiniz bizə ona görə lazımdır ki, hakimiyyətdə qalaq, çünki biz sizi sərfəli ipoteka şərtləri  ilə ev ilə təmin etməyi düşünürük. 12 ildir ki, hər seçki öncəsi bu sözləri eşidirik. Artıq doymuşuq. Boyunduruqdan çıxmaq vaxtıdır. Biz nə heyvanıq, də qul. Bizim səsimizi daha ala bilməzsiniz, o səs bizimdir və biz onu necə qoruyacağımızı bilirik”.
Müxalifətin 24 dekabra təyin etdiyi mitinqində onun iştirakı gözlənilir. Əminliklə demək olar ki, Rusiya dəyişikliklərə hamilədir. Hər bir xalq, tarixinin bu çətin, eyni zamanda şərəfli günlərində, onu öz arxasınca apara biləcək oğullarına ehtiyac duyur.
Aleksey Navalnın şəxsində yeni qərb təfəkkürlü, milyonları ayağa qaldıracaq bir liderin yetişdiyini görməmək mümkün deyil. 

XAQANİ ƏLİYEV